Siyasət

Yeni nazir təyinatı: “9 aydır nazir yox idi, nəsə dəyişdimi?”

Nigar Səmədli
9 Sentyabr, 2021
1182

President.az

“Azərbaycanın hazırkı avtoritar idarəçilik sistemində nazirin olub-olmaması, gənc və ya qoca olması, hansı bilik və təcrübəyə sahiblənməsi əhəmiyyət kəsb etmir”.

İqtisadçı-ekspert Qubad İbadoğlu yeni gənclər və idman nazirinin təyinatını şərh edərkən “Toplum TV”-yə belə deyib.

Prezident İlham Əliyev sentyabrın 7-də Fərid Qayıbovu Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edib.

Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

O, 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) İdman və logistika üzrə meneceri kimi fəaliyyət göstərib. 2005-сi ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışıb. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilib. 2010-cu il 25 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilib. 2013-cü ildə Portoroj şəhərində keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilib.

2013-cü ildən Milli Olimpiya Komitəsinin (MOK) üzvüdür.

Qubad İbadoğlu - Sosial Media

Qubad İbadoğlu yeni təyinatın müsbət nəticə verəcəyini gözləmir: “9 aydır nazir yox idi, nəsə dəyişdimi? Azərbaycanın hazırkı avtoritar idarəçilik sistemində nazirin olub-olmaması, gənc və ya qoca olması, hansı bilik və təcrübəyə sahiblənməsi əhəmiyyət kəsb etmir. Bir sözlə belə idarəçilikdə kadrlar nəsə həll etmir, odur ki, yeni idman və gənclər nazirindən də xüsusi gözləntim yoxdur”. 

İdman şərhçisi Elnur Məmmədli isə daha ümidlidir: “Yeni nazir uzun illər bu sahədə fəaliyyət göstərib, kənardan gətirilən şəxs deyil. Ümid edək ki, o, bu sahənin adamı olduğu üçün problemlərin nədən qaynaqlandığını yaxşı bilir və onları aradan qaldırmaq üçün əlindən gələni edəcək. Son Olimpiya Oyunları göstərdi ki, ötən illərlə müqayisədə nəticələr zəifləyib. Prezident də çıxışında vurğuladı ki, xüsusilə yeni gənc idmançıların üzə çıxarılmasında problemlər var, mükafatçılar daha çox öncəki oyunlarda medal qazanan şəxslər idi”. 

Yeni gənclər və idman nazirinin təyin edildiyi videokonfransda Prezident İlham Əliyev klubların təftiş edilməli olduğunu vurğulayıb. O bildirib ki, Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olub və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. 

Elnur Məmmədli - Sosial Media

“Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisi geniş vüsət almışdır, təkcə bölgələrdə 50-yə yaxın idman-olimpiya kompleksimiz fəaliyyət göstərir. Onların fəaliyyəti ciddi təftiş edilməlidir, orada məşq prosesi nə səviyyədədir, uşaqlar, yeniyetmələr idman bölmələrinə gəlirmi, gəlmirmi, idmanla məşğul olmaq üçün şərait nə dərəcədədir? Bu sahədə şəffaflıq tam təmin edilməlidir və bütün xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır", - deyə Prezident qeyd edib.

E.Məmmədli idman sahəsindəki əsas problemlərdən birinin də milliləşdirmə ilə bağlı olduğunu düşünür: “Düşünürəm ki, burada əsas problemlərdən biri milliləşdirmə ilə bağlıdır. Lazım olsa da, olmasa da idmançıların milliləşdirilməsi nəticəsində yerli idmançılar onların kölgəsində qalaraq itib-batırlar və istənilən səviyyədə özlərini inkişaf etdirə bilmirlər. Digər məsələ isə texniki imkanlarla bağlıdır. Əslində Azərbaycanda kifayət qədər idman zalı və olimpiya kompleksləri var, yəni texniki baza baxımından elə də çətinlik olduğu deyilə bilməz. Sadəcə bunları lazimi səviyyədə istifadə etmək lazımdır ki, həmin texniki resursların bəhrəsini görmək mümkün olsun”. 

Natiq Cəfərli isə düşünür ki, idman sahəsindəki problemlərin hamısı nazirlikdən qaynaqlanmır: “Olimpiya komplekslərinin kimə məxsus olduğu, idarəetməsi, pullu xidmətlərin sayının çox olması, rayonlardakı gənclərin idmanla məşğul olması üçün şəraitin olmaması uzun illərdir müzakirə olunan məsələlər sırasındadır. Bu mövzular videokonfransda yenidən gündəmə gəldi və məlum oldu ki, ölkə ərazisindəki 50-ə yaxın olimpiya kompleksinin heç də hamısı nazirliyin tabeliyində deyil. 

Eyni zamanda idman federasiyaları ilə bağlı ciddi problemlər var. Çünki federasiyaların rəhbərləri daha çox məmurlardır və onlar illərdir, mənşəyi məlum olmayan vəsait hesabına bu sahənin inkişafına nail olmağa çalışırlar. Son olimpiyadanın nəticələrindən də göründüyü kimi bu heç də uğurlu yol deyil. Legionerlərdən istifadə, ölkədə uşaqlar və gənclər üçün məktəblərin az olması, öz idmançılarımızın yetişdirilməsi ilə bağlı problemlər həll edilməsi vacib ola məsələlərdəndir”.

Yeni naziirn gəlməsiylə Gənclər və İdman Nazirliyində kadr dəyişiklikləri mümkündürmü?

Natiq Cəfərli - Sosial Media

N.Cəfərli düşünür ki, bu, istisna olunmur: “Bu, Azərbaycanda yazılmamış qaydadır ki, yeni nazir təyinatından sonra həmin şəxs ən azından öz yaxınlarını, komandasını vəzifəyə gətirməyə çalışır. Amma bu keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Bu zamanla görünəcək məsələdir. Köhnə kadrlarla bağlı isə korrupsiya faktlarının ortaya çıxması gözləniləndir. Nədənsə həmin şəxslər vəzifədə olarkən bu cür faktların üzərinə gedilmir, amma vəzifəsini itirən kimi onların korrupsiya əməlləri ictimaiyyətə daha çox məlum olur. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyində təftiş aparılacaq və nəticədə korrupsiya faktlarının aşkarlanaraq müəyyən cəzalandırma mexanizmlərinin işə düşməsi mümkündür”.

Qubad İbadoğlu isə köhnə kadrlara qarşı hansısa fərqli yanaşma gözləmədiyini bildirir. 

Tokio-2020 Olimpiya Oyunlarında Azərbaycan yığması üçü gümüş və dördü bürünc olmaqla çıxışını başa vurub. Ümumilikdə 7 medal qazanılsa da, heç bir idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxmayıb. Azərbaycanı yarışlarda 44 idmançı təmsil edirdi.

2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanmışdılar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal.
 

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar