Siyasət
Zaur Əkbər: “Baydenin prezidentliyi dönəmində dünya rahat nəfəs alacaq”
15 Yanvar, 2021
267

Zaur Əkbər 

FOTO: Sosial media

Ötən ilin noyabr ayında ABŞ-da keçirilən prezident seçkilərinin qalibi Co Baydenin hakimiyyəti Donald Trampdan təhvil almasına bir neçə gün qalıb.

Baydenin prezidentliyi dönəmində dünya siyasətində nə kimi yeniliklər gözlənilir?

"Toplum TV” bununla bağlı "Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərlə danışıb.

- Zaur bəy, bir neçə gündən sonra ABŞ-da Bayden dövrü başlayır. İndi əsas müzakirə olunan mövzularından biri də ABŞ-ın xarici siyasətini yaxın və uzaq perspektivdə necə dəyişə bilməsidir. Sizin Bayden administrasiyasından gözləntiləriniz nələrdir?

- Tramp ötən 4 ildə Avropa İttifaqı ilə münasibətləri korladı, NATO-da durğunluq yaratdı, ABŞ-ı bir növ özünə qapatdı. Ondan fərqli olaraq Baydenin demokratiya və insan azadlıqlarının müdafiəsinə qalxacağı şübhəsizdir. Düşünqrəm ki, biz bunu yanvarın 20-də olacaq inauqurasiya mərasimində Baydenin öz dilindən də eşidəcəyik. Bu, ABŞ-ın dünyadakı supergüc imicini bərpa edəcək, NATO-dakı durğunluğu aradan qaldıracaq, Avropa İttifaqı ilə problemlər öz həllini tapacaq, eyni zamanda demokratiya və insan haqları baxımından Qafqaza - Azərbaycana, Gürcüstana və Ermənistana böyük təsirləri olacaq. Yəni dünyada gedən qlobal proseslərdə Baydenin hakimiyyətə gəlişi ilə yeni bir mənzərə yaranacaq.

- Dağlıq Qarabağ məsələsinin növbəti mərhələsində ABŞ-ın rolunu necə görürsünüz? Yenə bu məsələdə söz sahibi Rusiya olacaq, yoxsa ABŞ da fəallaşacaq?

- Hazırki reallığa nəzər yetirsək, Rusiya Dağlıq Qarabağ məsələsində daha çox canfəşanlıq edir, bütün dünyaya öz hegemonluğunu göstərir. Əlbəttə ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv tərəfi ondan ibarətdir ki, Rusiya bu konflikti özü yaradıb, subyektiv tərəfi isə Rusiyanın regiona yaxın olmasıdır. Bu konfliktlər vasitəsilə post-sovet məkanındakı ölkələri təsir dairəsində saxlamaq, onlara təzyiq etmək adət halına çevrilib. Digər tərəfdən isə Tramp administrasiyasının gündəmində ümumiyyətlə Qafqaz siyasəti yox idi. Düşünürəm ki, Bayden hakimiyyətə gəldikdən sonra Qafqaz regionu ilə bağlı yeni siyasət yürüdəcək. Xüsusilə Rusiya "sülhməramlılarının” Dağlıq Qarabağda yerləşdirildiyini və onların ABŞ-dakı Demokratlar tərəfindən regiondakı sabitliyə təhdid kimi qiymətləndirildiyini nəzərə alsaq, bu məsələdə ABŞ-ın Rusiya ilə rəqabətə girəcəyini təxmin edirəm. Bu durumda ABŞ-ın ən yaxın tərəfdaşı Türkiyə ola bilər. Eyni zamanda Türkiyə artıq Qafqazda regional bir oyunçuya çevrilib və ABŞ-ın Türkiyə vasitəsilə müəyyən məsələlərin həllinə nail olacağı gözləniləndir. Bu da Rusiyanın regionda zəifləməsinə gətirib çıxara bilər.

- Yeri gəlmişkən, Tramp hakimiyyətinin Türkiyə ilə də zaman-zaman problemləri olmuşdu. Növbəti 4 ildə bu münasibətlərdə hansı dəyişikliklər gözlənilir?

- Açığı, mən kardinal dəyişiklər gözləmirəm, çünki ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olamayaraq dövlətin bir təhlükəsizlik konsepsiyası var və ona uyğun olaraq addımlar atılır. Türkiyə ABŞ-ın Yaxın və Orta Şərqdə yaxın tərəfdaşıdır. Demokratiya və insan haqları baxımından hər hansısa təzyiqlərin olması gözləniləndir, ancaq bu, Türkiyə cəmiyyətində caxnaşmaya səbəb olacaq dərəcədə olmayacaq. Çünki indiki halda Türkiyənin suverenliyi, regionda güclü olması Bayden administrasiyasının maraqlarına tam olaraq cavab verir. Bu səbəbdən köklü dəyişikliklərin olacağını gözləmirəm.

- Tramp dövründə demokratiya, insan haqları mövzuları bir növ ikinci planda qaldı. Bayden hakimiyyətində bu baxımdan dəyişikliklər olacaqmı?

- Təbii ki, olacaq, çünki respublikaçılar xarici siyasətdə bir qədər kəskin addımlar atırlar. Buş hakimiyyəti dövründə İraq müharibəsi, Əfqanıstanda çəkişmələr baş vermiş, demokratların namizədi hakimiyyətə gəldikdən sonra proses səngimişdi. Ona görə də düşünürəm ki, Baydenin gəlməsi bir növ dünyanın rahat nəfəs alması ilə nəticələnəcək, çünki demokratlar daha çox dialoqa və diplomatiyaya üstünlük verirlər. Təbii ki, ABŞ-ın beynəlxalq maraqlarının təmin olunması şərti ilə. Baydenin gəlişi dünyada müharibə ritorikasının nisbətən səngiməsi ilə nəticələnəcək. Son 4 ildə dünya bu konteksdə çox əziyyət çəkdi. 

- İran və ABŞ münasibətlərində nə kimi dəyişikliklər gözləyirsiniz? Baydenin seçilməsi Amerikanın İranla münasibətlərinə müsbət təsir edəcək, yoxsa sanskiyalar daha da sərtləşəcək?

- Sanksiyaların aradan qaldırılacağını düşünmürəm. Tramp 6 ölkə arasında imzalanmış razılaşmadan çıxmışdı, ümumiyyətlə, onun İranla bağlı siyasəti çox sərt və barışmaz idi. Düşünürəm ki, Bayden yenidən o danışıqlar masasına qayıdacaq. Bununla da İranla dialoq yenidən bərpa olunacaq və gərginlik aradan qalxacaq. Diqqət etsəniz, İran rəsmiləri də Bayden seçiləndən sonra bir növ rahat nəfəs almağa başlayıblar. Tramp yenidən seçilsəydi, İranla bağlı başqa planlar ortaya çıxacaqdı və bu da bütün region, xüsusilə də Qafqaz üçün fəlakət olardı, o cümlədən Azərbaycan üçün. ABŞ-ın təhlükəsizlik maraqları baxımından Baydenin maneə olaraq gördüyü ölkə Rusiyadır. Düşünürəm ki, Rusiyaya qarşı təzyiqlər daha çox artacaq, nəinki İrana.

Nigar Səmədli


Siyasət

Konfliktoloq: "Rusiya diversantlarla bağlı Azərbaycana təzyiq etmir"

Aytac Məmmədli
9 Aprel 2021

Sosial media

"Azərbaycan hərbi əsirlərin hamısını qaytarıb". Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Toplum TV"-yə deyib. Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Ermənistan mətbuatı isə ötən gün yazıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyilə qaytarılır. Hətta erməni yaxınları da hava limanında gözləyiblər. Təyyarə Yerevanın “Erebuni” aeroportunda eniş edib və məlum olub ki, içərisində yalnız Rusiyanın sülhməramlı qüvvələrinin komandanı Muradov olub. Bir gün sonra Rüstəm Muradov açıqlama yayıb ki,...
Siyasət

Media ilə bağlı yeni qanuna ehtiyac varmı?

Nigar Səmədli
9 Aprel 2021

Açıq mənbələrdən götürülüb

“Media sahibliyi məsələsi uzun illərdir ki, ciddi problem kimi ortalıqdadır, azad rəqabət mühiti, reklam bazarı və şəffaflıq yoxdur. Hökumət də bundan istifadə edib medianı fərqli adlar altında nəzarətində saxlayır”. Bunu “Toplum TV”-yə media hüququ üzrə ekspert Xalid Ağaliyev Əhməd İsmayılovun fikirlərini şərh edərkən deyib. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə deyib ki, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. O, layihənin Prezidentin "Ьedia sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq hazırlandığını bildirib. Əhməd İsmayılov qeyd edib ki, layihə hazırda işçi qrupda müzakirə olunur: “Media subyektləri tərəfindən verilmiş rəy və təkliflərin...
Seçilmiş Videolar