12 illik həbsə məhkum edilən keçmiş başçı: “Mən İlham Əliyevin əsgəriyəm”
Açıq mənbələrdən götürlüb
İyulun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin məhkəməsi başa çatdı. Keçmiş icra başçısı əmlakı müsadirə olunmaqla 12 illik həbsə məhkum edildi.
Məhkəmə iclası başlayan kimi hakim son söz demək üçün Vilyam Hacıyevə müraciət etdi.
O, əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə də dövlət qarşısında göstərdiyi xidmətlərdən, Birinci Qarabağ müharibəsində cəbhəyə göndərdiyi yardımlardan, Xocalı faciəsi zamanı sakinlərin təxliyəsində iştirakından, blokadada qalan Naxçıvana göstərdiyi köməyin müqabilində keçmiş prezident Heydər Əliyev tərəfindən muxtar respublikanın fəxri vətəndaşı adına layiq görülməsindən danışdı.
https://toplum.tv/multimedia/terter-isi-uzre-zererceken-telebimiz-hikmet-hesenovun-tutulmasidir
“Mən Göygöl, Samux, İmişli rayonlarının icra başçısı olmuşam. Hansı rayona başçılıq etmişəmsə, qabaqcıl rayonlar sırasına çıxıb. Buna görə təşəkkürlər almışam”.
O, İmişlidə müxtəlif obyektlərin tikintisinə və ya təmirinə ümumilikdə 10 milyon manat xərclədiyini bildirib: “20 yanvar küçəsində orta məktəbin təmirinə 3 milyon manat, uşaq bağçasına 2 milyon manat, şahmat məktəbinə 1 milyon, Bayraq Meydanına 500 min manat, Cümə məscidinə 300 min manat, ASAN parkın salınmasına 290 min manat, aztəminatlı ailələrin binasının təmirinə 200 min manat, tarix diyarşünaslıq muzeyinin tikintisinə 200 min manat, Heydər Əliyev mərkəzinin avadanlıqla təmin olunmasına 500 min manat və s. xərcləmişəm. Mən bu pulları öz daxili imkanlarımdan xərcləmişəm. Bunlara görə dövlət büdcəsindən 1 manat da vəsait ayrılmayıb. Yenə deyirəm, hamısını öz imkanlarım hesabına etmişəm”.
Vilyam Hacıyev məhkəmə heyətini hökm çıxararkən humanist olmağa dəvət etdi.
“Prezident İlham Əliyev icra başçısı olduğum rayonlara səfərlərində kameralar qarşısında dəfələrlə məni tərifləyib. Mən həmişə demişəm ki, İlham Əliyevin əsgəriyəm, bu gün də əsgəri olaraq qalıram. Dövlətimin, xalqımın prezintimin yanındayam. Xahiş edirəm, xidmətlərimi nəzərə alaraq, barəmdə ədalətli və humanist qərar verəsiniz”,- keçmiş başçı son olaraq belə söylədi.
Onun son sözü təqribən 10 dəqiqə çəkdi.
Daha sonra hakimlər müşavirə otağına yollanıb bir neçə dəqiqədən sonra geri qayıtdılar. Hakim hökmü elan etdi, keçmiş icra başçısına əmlakı müsadirə olunmaqla 12 il müddətinə həbs cəzası verildi.
Vilyam Hacıyev hökmü sakit qarşıladı. Nə hakim heyətinə, nə də məhkəmə salonunda əyləşənlərə tərəf baxdı.
O, ötən ay məhkəmədə ifadə verərkən mənimsədiyi iddia olunan 7 milyon manata yaxın vəsaiti ödəməyə hazır olduğunu demişdi. Ancaq son sözdə bunu yada salmadı.
Vilyam Hacıyevin müsadirə olunmuş əmlakları:
Hökmə əsasən, İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat), İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat), Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat), İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat) müsadirə edilib.
https://toplum.tv/mehkeme/oldurulmus-sahibkarin-ailesi-istintaqdan-narazidir
Hökmə görə, üzərinə həbs qoyulmuş əmlaklar zərərçəkmişlərə ödəniləcək. Qalan məbləğsə dövlət nəfinə ödəniləcək.
Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı olub.
O, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Vilyam Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvətalma və qanunsuz odlu silah saxlama maddələriylə ittiham olunur. Keçmiş başçı özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu iddia edir.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir