28 May Respublika Günü - tarixi günün adını dəyişdirməyə ehtiyac varmı?
Açıq mənbələrdən götürülüb
“Söhbət bayramaların adında deyil, mahiyyətindədir. Burada söhbət müstəqilliyə və azadlığa layiq olmaqdan, hakimiyyətin də bu azadlıqlardan xalqın bəhrələnməsinə imkan verməməsindən gedir. Əsas etiraz bunadır”.
Bu sözləri “Toplum TV”-yə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 28 Mayın Müstəqillik Günü kimi qeyd edilməsi ehtimalından danışarkən bildirib.
Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabrın adı isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməlidir.
Oktyabrın 6-da Milli Məclisin deputatı, Real Partiyasının üzvü Erkin Qədirli parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 28 May Respublika Gününün adının dəyişdirilməsi ilə bağlı təklifin əleyhinə çıxış edib və “Respublika” sözünün qalmasının vacibliyini qeyd edib.
Partiyanın sədri İlqar Məmmədov da məsələyə etiraz edib və “Feysbuk” hesabından video müraciət edərək “28 May Respublika Günü olaraq qalmalıdır” deyib: “Heç bir Azərbaycan hökmdarı onun üzərində respublikaçı basqısı olmasa, Azərbaycan xalqına xidmət etməz, özünə xidmət edər. 28 May günündən “Respublika günü” ifadəsini götürmək kimin fikridir bilmirəm, amma bu yolverilməz haldır. Buna qarşı bütün Azərbaycan xalqı səfərbər olmalıdır”.
Siyasi şərhçi Şahin Cəfərli isə sosial media hesabında yazıb ki, 28 May bayramının Müstəqillik Günü adlandırılması kobud yanlışlıqdır. “Həmin tarixdə məhz demokratik, dünyəvi Cümhuriyyət qurulub. Padşahlıq və ya hansısa başqa sülalə rejimi yox. Bu dəyişiklik təklifinin arxasında xoş niyyətin dayandığına inanmıram”, - deyə o qeyd edib.
Ağ Partiyanın sədri Tural Abbaslı isə fərqli düşünür və “Toplum TV”-yə bunun doğru addım olduğunu deyib. Onun sözlərinə görə, 1918-cil ilin mayın 28-də müstəqil dövlət qurulub və 1991-ci il oktyabrın 18-də müstəqillik bərpa olunub: “Belə götürəndə tarixi aspektdən təklif olunan dəyişiklik doğrudur. Mən bunu doğru hesab edirəm. Bir çox beynəlxalq təşkilatlar bizim müstəqillik tariximizi 1991-ci ildən hesablayırlar”. O hesab edir ki, Azərbaycan Xalq Cumhuriyyətindən öncə də Azərbaycan ərazisində dövlətlər olduğu üçün sözügedən tarixin adının dəyişdirilməsi heç bir çaşqınlıq yaratmamalıdır.
Tarixşünas Məhəmməd Əliyev deyir ki, adın dəyişməsi o qədər də önəm kəsb etmir. “Həmin gün “Respublika günü” kimi qeyd olunanda bütün şərqdə ilk qurulmuş demokratik dövlətin Azərbaycan Xalq Cümhuriyyəti olduğu nəzərdə tutulur. Amma bunu müstəqillik günü adlandıranda biz tarixi dar çərçivəyə salırıq və bunun yalnız Azərbaycana xalqına məxsus olduğu nəzərdə tutulur”. O, 18 Oktyabr tarixinin də qeyri-iş günü hesab olunmasının tərəfdarıdır.
İsa Qəmbər isə Azərbaycan tarixində iki müstəqillik gününün olmasından danışır: “Bunlar 28 May və 18 Oktyabrdır. Bu, Rusiyanın ardıcıl olaraq Azərbaycanı işğal edib müstəmləkə altında saxlamasının nəticəsidir, digər tərəfdən də Azərbaycan xalqının azadlıq yolunda mübarizəsinin. Öncələr hazırkı hakimiyyət bizim - Elçibəy dövrünün uğuru kimi qəbul edilən 18 Oktyabrı diqqətdən yayındırmaq üçün əsas bayram kimi 28 Mayı təqdim etdi. Biz əslində buna o qədər də etiraz emədik. Çünki hər iki gün bizim üçün dəyərlidir və birbaşa bizə aidiyyatı var. 1918-ci ildəki müstəqillik bu gün bizim getdiyimiz yolun əsasını qoyan, üzvü olduğumuz Müsavat partiyasının qurucusu Rəsulzadə və onun silahdaşlarının müəyyənləşdirdiyi yoldur”.
O, 1991-ci il 18 oktyabrında əldə edilən müstəqilliyi isə Elçibəyin liderliyində azadlıq mübarizəsinin nəticəsi olduğunu deyir: “Müstəqilliyin 30 illiyi ərəfəsində hakimiyyət bu məsələyə yeni yanaşma təklif etməyi qərara alıb. Təəssüf ki, ictimai müzakirə və əsas siyasi qüvvələrin rəyləri alınmadan bu dəyişiklik parlamentə təqdim olunur. Xalqa birbaşa dəxli olmayan parlamentdə müzakirə olunub qərarlar qəbul olunur”.
İ.Qəmbər nəyə görə 18 Oktyabrın bayram günü kimi qeyd olunsa da, iş günü hesab olunmamasını da sual edir.
O bildirir ki, yəqin, siyasi partiyalar müzakirələr aparıb adların dəyişdirilməsinə münasibət bildirəcəklər. “Sözün doğrusu bunun o qədər də ziddiyytli qərar olduğunu düşünmürəm. Müstəqillik günü 28 May üçün normal addır, həqiqətən də müstəqillik günüdür. 1991-ci ildə də müstəqillik bərpa olunduğu üçün “Müstəqilliyin bərpası” günü kimi qeyd oluna bilər. Amma məsələlər mütləq şəkildə müzakirə olunmalıdır”, - deyə o əlavə edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür