"Aclığının 18-ci günündə, biz hay-küy salandan sonra Əfqanı kameradan çıxarıb Kürdəxanıda tibb məntəqəsinə köçürdülər". Bunu noyabrın 24-də Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova "Toplum Tv"-yə açıqlamasında deyib.
Jurnalist və siyasi məhbus Əfqan Sadıqov 21 gündür ki, Kürdəxanıda məhkəmənin hökmünə etiraz olaraq aclıq edir. Sevinc Sadıqovanın sözlərinə görə o, artıq sudan da imtina edib: "Səhər tezdən danışmışıq, vəziyyəti çox pisdir. Təzyiqi o qədər aşağı düşüb ki, halı yoxdur".
Məlumata görə, jurnalist qidalandırıcıdan istifadə edilməsinə də icazə vermir.
"Dedim, aclığı dayandır, ən azından su iç. İmtina etdi, çox əsəbiləşdi. Mən də onu elə vəziyyətdə əsəbiləşdirmək istəmədim.
Cinayət işində 2 nəfərin adı hallansa da, digər jurnalist azadlıqdadır. Əfqan Sadıqovun tələbi bəraət alıb azadlığa çıxmaqdır" - Sevinc Sadıqova belə deyib.
O, ombudsmanla da əlaqə saxladığını bildirib: "Əfqan orda ölür, ombudsman deyir ki, saxlanma şəraiti yaxşıdır. Apeliyasiya Məhkəməsinə müraciət etmişik, məhkəmə şikayəti icraata götürməyib. 10 gündür gözləyirik. Məhkəmədən də deyirlər ki, müharibə şəraitindəyik".
Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə məsələ ilə əlaqədar "Toplum TV”-yə açıqlamasında bildirib ki, qurumun işçiləri Əfqan Sadıqova baş çəkildikdən sonra onu istintaq təcridxanasından tibbi sanitar hissəyə köçürüblər. R.Rumzadənin sözlərinə görə, jurnalistin saxlanma şəraitinin yaxşı olduğunu deyərkən onun qanunvericilik çərçivəsində tibbi sanitar hissəyə köçürülməsi nəzərdə tutulub: "Sevinc xanımın müraciəti əsasında aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq. Bununla bağlı prokurorluğa və məhkəməyə müraciət olunub".
R.Rumzadə həmçinin qeyd edib ki, qurumun işçiləri mütamadi olaraq həkimlərlə əlaqə saxlayıb Ə.Sadıqovun vəziyyətiylə maraqlanırlar.
Əfqan Sadıqov 2020-ci ilin may ayının 13-də saxlanıb, Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov "xeberfakt.az" nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10 000 manat rüşvət alarkən saxlanıb, amma Muradov həbs edilməyib. Jurnalistləri Müdafiə Komitəsi "Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun 7 il həbsə məhkum edilməsinə etiraz edib. "Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu sərbəst buraxmalı və ona qarşı irəli sürülən bütün ittihamları ləğv etməlidir" - Komitənin yaydığı bəyanatda belə deyilir.
Aytac Məmmədova