Adil Qeybulla: "Qazilərə III dərəcəli əlilliyin verilməsi ədalətsizlikdir"
Adil Qeybulla - APA
Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılmış İkinci Qarabağ müharibəsi iştirakçısı, Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirmiş 19 yaşlı Murad Həsənova 3-cü qrup əlillik təyin edilib.
Bu hadisə sosial şəbəkələrdə də müzakirə olunub.
Murad Həsənov "Toplum TV"-yə məlumatı təsdiqləyib.
O, qərardan narazı olduğunu bildirib.
Murad Həsənov deyir ki, həkimin sənəddə onu “ağır yaralı” kimi qeyd etməsinə baxmayaraq, üçüncü dərəcəli əlillik verilib: “Neftçala Rayon Mərkəzi Xəstəxanasına “Forma 88” (əlilliyin təyin edilməsinə görə göndəriş) yazdırmağa getdim. Çingiz adlı həkim ayağıma baxdı, göndərişi yazıb dedi ki, özüm göndərəcəyəm, sən narahat olma. Bir həftə sonra telefonuma mesaj gəldi ki, III qrup əlil hesab olunuram".
"Düşünürəm ki, qazilər nəzərə alınmalıdır"
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Toplum TV"-yə deyib ki, müharibədə sağlamlığını itirmiş şəxslərə III qrup əlilliyin verilməsi ədalətsizlikdir: “Aşağı ətrafların amputasiya olunması artıq ikinci dərəcəli əlillikdir. Oynaqdan tamamilə xaric olunması birinci dərəcəlidir. Fikrimcə, qaziyə ikinci dərəcəli əlillik verilməlidir. Üçüncü qrup əlil o deməkdir ki, o, əmək qabiliyyətini itirməyib. Amma ikinci qrup əlillik əmək qabiliyyətini itirmiş şəxslərə verilir. Düşünürəm ki, qazilər nəzərə alınmalıdır. Üçüncü dərəcəli əlillik verilməsi ədalətsizlikdir. Qazilərə xüsusi diqqət ayırılmalıdır”.
Fazil Talıbov: "Əlillik dərəcəsi qanunvericiliyə uyğun təyin edilib"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məsələni belə şərh edib: “Əgər vətəndaşın xəstəliyi, diaqnozu həkim komissiyası və ya aidiyyatı qurumlar tərəfindən o cür qiymətləndirilibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də təbii ki, qanunvericiliyə uyğun olaraq əlillik qrupu təyin edilib. Əlillik təyinatlarının mexanizminin təkmilləşdirilməsinə gəlincə isə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlər həyata keçirilir. Biz bu sahədə beynəlxalq təcrübəni hələ bir müddət əvvəl təhlil etmişik və bir çox təkliflərimiz mövcuddur. Hazırda son layihənin qəbul edilməsi üçün prosedurların son mərhələsindəyik, yaxın zamanlarda yeni qanunvericiliklə əlillik təyinatlarında inqilabi, köklü dəyişikliklərin şahidi olacağıq”.
O, əvvəlcədən təyin olunmuş əlillik dərəcələrinin dəyişilib-dəyişilməyəcəyi barədə sualı isə belə cavablandırıb: “Hadisələri qabaqlamaq istəmirəm. Çünki bu qanunverici orqanın səlahiyyətinə daxildir. Əgər qanunvericilikdə dəyişiklik olarsa, normativ sənəd üzərindən suallarınızı ünvanlaya bilərsiniz və biz də cavablandırarıq”.
Fazil Talıbov onu da əlavə edib ki, bütün qazilərin reabilitasiyası istiqamətində işlər görülür və amputasiya olunmuş qazilər il sonunadək protezlə təmin olunacaqlar: “Hazırda protezlə təmin olunmuş qazilərin sayı 15-in üzərindədir və ilin sonunadək hər birini yekunlaşdıracağıq. Protezlə təmin olunmuş şəxslərin hərəkət qabiliyyətinin əvvəlki kimi olmasa da, 70-80 faizi bərpa ediləcək”.
Bəs qanun nə deyir?
Nazirlər Kabinetinin 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.10-cu bəndinə görə “aşağı ətrafın 7 sm qısa olması” halında üçüncü qrup əlillik təyin edilir.
Hüquqşünas: " III dərəcəli əlilliyin verilməsi ədalətlidir"
Hüquqşünas Zibeydə Sadıqova deyir ki, problem qanunun ədalətli olub-olmaması deyil, müavinətin az olmasıdır: "Burada əsas söhbət müavinətin azlığından və yaxud da çoxluğundan gedir. Fərq etmir, qazidir, ya sadə vətəndaşdır, əsas məsələ, yəni ədalətsizlik məhz o müavinətin miqdarından irəli gəlir. Tutaq ki, III qrup əlillikdə müavinət 100 manatdır, üstəlik, bu insan qazidir, həyatını təhlükəyə atıb müharibəyə gedib, şəhid də ola bilərdi. Əlbəttə ki, onun müharibədə iştirakının, qəhrəmanlığının qarşılığında 100 manat müavinəti ədalətli hesab etməyə bilərik. Düşünə bilərik ki, qazidir, ona mütləq güzəşt olunmalı idi. Çox güman ki, olunacaq da, inanmıram olmasın. Amma qanun hamı üçün eynidir. Bu baxımdan, düşünürəm ki, III dərəcəli əlilliyin verilməsi ədalətlidir. Qanunda yazılmayıb ki, sən qazisənsə, üçüncü dərəcəli əlilliyin ikinci, ya birinci dərəcəli göstərilməlidir. Qanun bu mövzuda ayrı-seçkilik qoymur, qoya da bilməz. Bu hissədə qanun normaldır. Sadəcə baxmaq lazımdır ki, qazinin şikayəti nədəndir, müavinətin azlığından, yaxud ona qarşı olan ədalətsizlikdənmi? Hökumət bu sahədə - qazilərin reabilitasiyası və ya ayrılan müavinətlər barədə siyasət yürüdə bilər ki, qazilər də bundan yararlana bilsinlər”.
BBC
Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”
Sosial media
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”