Almaniyadan deportasiya olunan Cəfər Mirzəyevin işi üzrə hazırlıq iclası keçirilib
Açıq mənbələrdən götürülüb
İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il Almaniyadan Azərbaycana deport olunmuş və Bakıda narkotik ittihamıyla həbs edilmiş Cəfər Mirzəyevin işi ilə bağlı hazırlıq iclası keçirilib.
Məhkəmə iclasına hakim Cavid Hüseynov sədrlik edib.
Vəkil Nemət Kərimli məhkəməyə vəsatətlər verib. Birinci vəsatət müvəkkilinin şüşəli qəfəsdən çıxarılaraq yanında oturdulması, ikinci vəsatət müvəkkilin ev dustaqlığına buraxılması ilə bağlı olub. Onların heç biri təmin edilməyib.
Qısa çəkən hazırlıq iclasında hakim məhkəmə baxışını iyunun 17-nə təyin edib.
Cəfər Mirzəyev ibtidai istintaqa verdiyi ifadəsində bildirib ki, 2016-cı ildə Almaniyaya işləməyə gedib və ora gedərkən heç bir siyasi fəaliyyəti olmayıb.
O, Almaniyada yaşayarkən azərbaycanlı siyasi mühacirlərə qoşularaq Azərbaycandakı siyasi məhbuslara azadlıq tələbi ilə aksiyalarda iştirak etdiyini bildirib.
Ötən il noyabrın 24-də readmissiya ilə Azərbaycana göndərilib.
C.Mirzəyev bu il yanvarın 28-də Ramanada mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
O ifadəsində göstərib ki, yolda həmin şəxslər üzərinə narkotik qoyublar və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinə aparıblar. Onun sözlərinə görə, ilkin ifadəsini isgəncə altında verdiyi üçün narkotikin ona məxsus olduğunu demək məcburiyyətində qalıb, amma istintaq zamanı əksini yazıb.
Polisin məlumatına görə, Cəfər Mirzəyevin üzərindən 12 qram heroin, 4 qram narkotik tərkibli dərman götürülüb.
Bu ittihama görə Cəfər Mirzəyevi 5 ildən 12 ilədək həbs gözləyir.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?