“Arvadım” qəribə səslənir, “həyat yoldaşım” rəsmi alınır”
Şəbnəm Nəcəfova - Sosial media
Amerikada yaşayan soydaşımız Şəbnəm Nəcəfova ingilis dili ilə müqayisədə Azərbaycan dilində söz ehtiyatının kasad olduğunu düşünür. O, belə bir qənaətə iş zamanı, yəni video çəkərkən gəlib.
“Mən Azərbaycan dilində videolar çəkirdim və dilin kasadlığını ən çox o zaman hiss etdim. Bizdə bəzi sözlərə qarşılıq tapmaq doğrudan da çətindir. Meditasiya haqqında video hazırlayanda “gözlərinizi yumun və relaks edin” cümləsində “relaks“ sözünü necə izah edəcəyimi düşünürəm, ya da “peaceful” sözünü “sülh içində olun” kimi izah edəndə qəribə çıxır. “My husband”, “my wife” ingiliscə çox rahat səslənir, amma Azərbaycan dilinə çevirəndə “arvadım” qəribə səslənir, “həyat yoldaşım”sa çox rəsmi alınır. Başqa misal, “joyful” ingilis dilində sevinc kimi də başa düşülür, ancaq daha çox harmoniya mənası verən sözdür”.
Şəbnəm Nəcəfova Azərbaycan dilini pisləmək niyyəti olmadığını, sadəcə, dilə yeni sözlər daxil edilməsini istədiyini söyləyir.
“Dildə onsuz da söz azdır və bəzi sözləri də jarqon ifadələr kimi qəbul ediblər deyə istifadəyə çəkinirsən, ehtiyat edirsən. İngilis dilində ən çox heyran olduğum məsələ odur ki, hər şeyin öz adı var. Məsələn, “jumper” - şalvarla köynək bitişik olanda belə adlanır. Onun şortlu formasına “romper” deyirlər. Azərbaycan dilində isə ətək, şalvardan o tərəfə heç bir geyim növünün adı yoxdur. Yeni sözləri aktiv şəkildə dilə daxil edənlər yoxdur” - Ş.Nəcəfova belə deyir.
Bir qrup tələbə gənc ana dilini təkmilləşdirmək və Azərbaycan dilini öyrənmək istəyənlər üçün “AzeContent” platformasını yaradıb. Bu platformanın həmtəsisçisi Ehtiman Nurəlizadə hesab edir ki, Azərbaycan dili zəngin olsa da, aktiv söz bazası zəngin deyil.
“Səbəb televiziya, mətbuat və digər gündəlik dil ötürücülərinin Azərbaycan dilinin zənginliyindən yetəri qədər faydalanmamasıdır” – o belə deyir.
E.Nurəlizadənin fikrincə, “praktiki Azərbaycan dili” anlayışı hələlik inkişaf etməyib.
“Biz özümüz dilin sadə halını bilmədiyimiz üçün onu sadə şəkildə ötürə bilmirik. Dil mürəkkəbləşdikcə, ona maraq azalır. Nəticədə olan dilə olur. Azərbaycan dilinin də səviyyələr üzrə - praktiki və daha asan öyrədilməsi mütləqdir. Yoxsa həm öz insanlarımızın dilimizdən doğru şəkildə istifadə etmədiyini, həm də xaricilərin Azərbaycan dilinə maraq göstərmədiklərini görüb təəssüflənəcəyik. Biz insanlardan dili yaxşı öyrənmələrini gözləyə bilmərik, hər fürsətdə internet resursları, televiziya, mətbuat və digər materiallar vasitəsilə öyrətməyə çalışmalıyıq”.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Göytürk (Məmmədov) yeni sözlərin yaradılmasına ehtiyac olduğunu desə də, bəzən dildə olan sözlərdən düzgün istifadə olunmadığını qeyd edir: “Məsələn, “gələcək perspektivlər”, “əsas prioritet məsələ” kimi yanlış söz birləşmələrindən həddindən artıq çox istifadə edilir. Alınma terminlər milli terminləri üstələyir. Misal üçün, “priventiv tədbir” yazırlar. Bu söz var da bizim dilimizdə, qabaqlayıcı, önləyici deməkdir. Sözlər bəzən yerində, düzgün işlədilmir. Bağlayıcılardan necə gəldi istifadə olunur. Biz saytların monitorinqini apardığımız zaman hətta 3 cümlədə bir-birinin ardınca "və" balayıcısı ilə cümlənin başlandığını müşahidə etdik.
Alim dərsliklərdə, KİV-də, o cümlədən tərcümə sahəsində də problemlər olduğunu qeyd edir. O, bəzi sözlərin qarşılığının tapılmadığını, yazarların və tərcüməçilərin söz kasadlığı problemi ilə üzləşdiyini vurğulayır.
“Mən tərçüməçilərdən çox şikayətlər eşitmişəm. Misal üçün, avtomobilin oturacağındakı baş söykənəcəyinə ingilis dilində “headrest” deyillər. Azərbaycan dilində ona qarşılıq tapmamaqdan gileylənirlər. Təbii ki, bu qarşılığı adi insanlar deyil, tərcüməçilər, dilçilər, yazarlar, şairlər tapmalıdırlar”.
Şahlar Göytürk hesab edir ki, dilə yeni daxil olan sözlərə ya qarşılıq tapılmalı, ya da həmin söz Azərbaycan dilinin yazı sisteminə uyğunlaşdırılmalıdır.
“Hətta poeziyanın da dilində quruluq var. Sovet dövründə Azərbaycan dilinin tətbiq sahəsi məhdud idi, indi dilimiz dövlət dilidir, bütün sahələrdə tətbiq olunur. Bu baxımdan qüsurlar meydana çıxa bilər, amma onlara tamamilə dilin qüsuru kimi baxmaq lazım deyil. Burada dilə yanaşmada problemlər var. Kimsə restoran açıb ingiliscə ad qoyur. Bu, artıq vətəndaş mövqeyi məsələsidir. Dil sevgisi zəifdir, bu da daha çox uzun illər əsarətdə olmağımızla bağlıdır".
Şahlar Göytürk bunları aradan qaldırmaq üçün saytların monitorinqini apardıqlarını və ciddi nöqsanlarla qarşılaşdıqlarını bildirir.
“Təxminən 60 saytın monitorinqini aparırıq. Əvvəllər qanunvericilik bazamız, təsir imkanımız yox idi. Hazırda cərimələrin tətbiqi ilə bağlı qanun nəzərdə tutulub. Monitorinq Mərkəzinin qanunvericiliklə bağlı işləri zamanla formalaşacaq. Norma pozuntularının aradan qaldırılması ilə bağlı ayrıca təlimlərimiz olacaq, dil normalarını pozanlara xəbərdarlıq edəcəyik, bir nəticəsi olmasa, cərimə tətbiqi ola bilər. Amma əsas məqsəd cərimə tətbiq etmək deyil, aşkar edilən nöqsanları müzakirəyə çıxarmaq və dövlət dilinin normalarını qorumaqdır."
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür