Sosial

Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?

Roza Məmmədova
24 Mart, 2021
1349

Sosial media

“Prezident Administrasiyası, doğrudanmı, siz “Feysbuk”da bələdiyyələrin fəaliyyətini tənqid edən əməkdaşın cəzalandırmasını tələb edirsiniz?”

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş əməkdaşı Aygün Əliyevə bu suala cavab axtarır.

21 il AZƏRTAC-da çalışmış A.Əliyeva “Toplum TV”-yə haqsız olaraq işdən çıxarıldığını bildirib.

“İspaniya üzrə müxbir olanda Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmov peşə fəaliyyətimə mane olurdu. Elə şərait yaratmışdı ki, səhv desə belə, düz sayılmalıydı. Razılaşmayanda da atası vasitəsilə işdən çıxarmaqla hədələyirdi” – A.Əliyeva belə deyib.

Onun sözlərinə görə, bundan sonra başqa ölkəyə müxbir təyin edilib, ardınca da “Feysbuk”da “pis” statuslar yazdığına görə təzyiqlər başlayıb.

“Məsələn, bələdiyyə seçkiləri zamanı “Niyə səsverməyə gedim ki? Allahın bir zibil qabını qoymurlar” yazdığım üçün mənə izahat yazdırdılar. Dedim, hətta ölkə başçısı da bələdiyyələrin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirir, burda nə var ki? Cavab verdilər ki, Administirasiya belə istəyir.
Bir dəfə də bir statusumda “Mən iki uşaq doğmuşam” yazmışdım. Bu sözü sənədləşdirib material kimi qovluğa tikmişdilər. Mənə də bildirmişdilər ki, ayıb olsun, qeyri-etik ifadə işlətmisən”.

Əliyeva deyir ki, onun öz istəyilə işdən çıxmaq haqqında ərizə yazmasını istəyiblər:

“Söhbəti dolandırıb dedilər ki, ərizə yaz. Niyəsini soruşduqda, bildirdilər ki, Dövlət Təhlükəsizlik Xidməti səni ittiham edir. Düzü, o zaman bir az çəkindim, nədə olsa, DTX-dan söhbət gedirdi. Amma ora zəng vurub bu barədə soruşanda bildirdilər ki, biz bu adamla maraqlanmırıq, maraqlanmaq üçün səbəb də yoxdur. Sonrakı dəfə agentlik Prezident Administrasiyasından Vüqar Əliyevin adını çəkib bildirdi ki, ərizə yazmağımı o istəyib. İmtina etdim deyə, işimi yerinə yetirməmək bəhanəsiylə işdən çıxardılar”.

Bundan sonra A.Əliyeva Nəsimi rayon məhkəməsinə müraciət edib.

Pandemiya səbəbindən məhkəmə 2021-ci ilin mart ayına qədər uzanıb, sonra şikayətlə bağlı ard-arda 3 iclas keçirilib, AZƏRTAC-ın lehinə qərar çıxarılıb, işdən çıxarılmanın haqlı səbəblərə əsaslandırıldığı bildirib.

A.Əliyeva agentliyin bir çox sənədi saxtalaşdırdığını iddia edir.

“Məsələn, AZƏRTAC-ın xaricdəki müxbirlər üçün müəyyənləşdirdiyi normativə görə, ayda ən azı 70-75 xəbər verilməlidir. Onlar məhkəmədə dedilər ki, guya mən 18-20 xəbər hazırlamışam. Xoşbəxtlikdən, əksini sübut edən dəlillərim vardı. 2020-ci ilin ilk altı ayının yekunlarıyla bağlı xarici müxbirlərə göndərilən elektron məktubda hər kəsin adı və nə qədər material verdiyi qeyd olunmuşdu. Çox qəribədir ki, AZƏRTAC-ın bir ayda 18 xəbər verməkdə günahlandırdığı müxbir 6 aya 511 material verib. 511-i 6-ya böləndə 85 materail edir. Onlarsa bu fakta cavab olaraq məktubu saxtalaşdırdığımı dedilər. Axı məktubun yazılma saatı, tarixi var”.

A.Əliyeva iddia edir ki, əslində, saxtalaşdırmanı protokalları sonradan yazan AZƏRTAC edib.
“Biz əks tərəfin bütün iddialarına cavab verdik, yalnız birindən başqa. Onların vəkili Mais Əliyev iddia edirdi ki, mənim fəalliyyətim dövlətə qarşıdır. Fikrimcə, dövlət əleyhinə hərəkətə görə nəinki adamı işdən çıxarmalı, hətta həbs etməlidirlər. Əgər vəkil dövlətə qarşı cinayət dedikdə, bələdiyyələrlə bağlı tənqidi nəzərdə tutursa, bu, çox absurddur. Məhkəməyə təqdim olunan məktubda işdən çıxarılmağımla bağlı tapşırığın Prezident Administrasiyasından verildiyi göstərilib”.

“Problemli işçi olduğumu sübut etmək üçün 2008-ci ildə agentliyin şöbə müdirinin mənimlə bağlı yazdığı təqdimatı məhkəmədə ortaya çıxardılar. Razıyam, hansısa məqamda şöbə müdiri narazılıq edə bilər, bu, gözlənilən haldır. Amma çox qəribədir kİ, 2009-cu ildə həmin şöbə müdiri işdən çıxanda onun yerinə müdir məhz mən təyin olundum. Fəaliyyətim bu qədər qüsurlu idisə, o qədər müxbirdən niyə məhz məni seçdilər? 2011-ci ildə prezident müxbiri oldum, sonrasa baş nazirin yanına akkreditasiya olundum. Məhkəmədə hüquqi arqumentləri olmadığından onlar belə gülünc şeyləri ortaya çıxardılar” - A.Əliyeva belə deyir.

“AZƏRTAC heç kimi əssasız olaraq işdən çıxara bilməz və bunu etmirdə”

AZƏRTAC İdarə Heyyəti sədrinin müavini Dağbəyi İsmayılov “Toplum TV”-yə belə deyib.

Dağbəyi İsmayılov -AZƏRTAC

O, A.Əliyevanın müqavilə öhdəliklərini ödəmədiyinə və verilən tapşırıqları icra etməkdən boyun qaçırdığına görə işdən azad olunduğunu bildirib:
“Onun yazılarında o qədər səhv olurdu ki, redaktorlar bəzən oxumaqdan imtina edirdi. Düzəldib özünə göndərsək də, eyni hal təkrar olunurdu. İspaniyada işlədiyi dövrdə səfirlikdə qalmaqallar yaratdığından rəhbərlik humanistlik edib onu Baltikyanı ölkələrə müxbir göndərdi. Ancaq eyni səhvlər orada da təkrarlanırdı. Öz xahişilə növbəti dəfə onu İtaliyaya ezam etdik. Ancaq orada da müqavilə öhdəliyini pozdu”.

“Müqavilədə norma müəyyənləşib ki, hər ay 75-80 yazı verməlidir. Amma o, heç baxt bunu gözləməyib. Əlimdə səs yazıları, sübutlar var. Mən də deyə bilərəm ki, ayda 10 min yazı hazırlamışam. Biz xaricdəki müxbirlərlə “Skayp” vasitəsilə əlaqə saxlayırıq, bütün səs yazıları arximizdə saxlanır” - D.İsmayılov belə deyib.

Sədr müavini bildirib ki, müxbirin işdən azad olunması kollektiv verilmiş qərar olub:

“O ki qaldı onun “Feysbuk”dakı yazılarına görə işdən çıxarılmasına dair iddiaya, bu, özünə bəraət qazandırmağın yeni yoludur. O, bir fərd, vətəndaş olaraq şəxsi profilində istədiyi fikri yaza bilər. Amma sizə deyim ki, o, jurnalist kodeksinə yaraşmayan sözlər - əxlaq normalarından kənar fikirlər, söyüşlər yazırdı. Bir fərd olaraq öz fikrini paylaşmaqda azad olsa da, onun profilində yazdıqları, etdiyi çağırışlar AZƏRTAC-ın imicinə xələl gətirib. Onun göndərdiyi yazıları oxuyanda insanlar yorulur, əsəbləşir. Bir deyil, iki deyil. O, bizim operativliyimizə əngəl törədirdi. Problemlər davamlı olduğundan bütün kollektiv onun fəaliyyətindən narazı idi və qərar çıxarıldı ki, bu müxbirlə artıq xudahafizləşmək vaxtıdır”.

D.İsmayılov Prezident Adminstrasiyasıyla bağlı iddiaya belə cavab verib:

“Bunlar uydurmadır. İnsan özünü müdafiə edəndə gərək müəyyən arqumentə əsaslansın.

Admistirasiyanın belə bir tapşırığı olmayıb. Sadəcə olaraq mən özüm onunla birgə aparata gedib, orada xahiş etmişəm ki, bu müxbir cavandır, fəaliyyətinə imkan yaradaq, işləsin. Amma heç bir nəticəsi olmadı. Bu söhbətlərin hamısı Aygün xanımın xarakterinin çılğın olmağından, işinə düşüncəli yanaşmamağından irəli gələn məsələlərdir”.

"Toplum TV" Prezident Adminstrasiyasının iddialara münasibətini öyrənə bilməyib.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar