Sosial

Azərbaycan hökuməti COVID-19 cərimələrini ləğv edəcəkmi?

Roza Məmmədova
28 İyul, 2021
237

Açıq mənbələrdən götürülüb

“Azərbaycan Gürcüstan hökumətini örnək götürməyəcək”

İctimai fəal Rəbiyyə Məmmədova “Toplum TV”-nin karantin cərimələrinin ləğvi barədə sualına cavab verərkən belə deyib.

O hesab edir ki, pandemiya dövründə tətbiq edilən cərimələrin miqdarı ilə insanların maddi gəlirləri arasında böyük fərq var.

Azərbaycanda karantin rejiminin tətbiqi ilə bağlı ilk qərar 2020-ci ilin martın 24-də verililib.

Həmin ilin iyun ayının əvvəlində həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi elan olunub, bu qaydanı pozanları isə cərimələməyə başlayıblar. Bu günə qədər cəmi neçə nəfərin cərimələndiyi ictimaiyyətə açıqlanmayıb.

Ötən ay cərimələrin məbləği iki dəfə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozmağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə 50 manatdan 100 manata, vəzifəli şəxslər üçün cərimə 100 manatdan 200 manata, hüquqi şəxslər üçün cərimə isə 200 manatdan 400 manata artırılıb.

Gürcüstan hökuməti isə indiyə kimi yazılmış cərimələrin ləğv edilməsi barədə qərar qəbul edib. Rəsmi məlumata görə, bu qərardan 245 min vətəndaş, 344 hüquqi şəxs yararlanacaq. Silinən cərimələrin ümumi məbləği 76 milyon lari (41 milyon manat) təşkil edir.
 
Azərbaycan hökuməti karantin cərimələrini ləğv edə bilərmi?

“Polis bir sıra hallarda insanları haqsız cərimə edir, yerindəcə ödəmələrini tələb edirdi. Hətta bəzilərini polis bölməsinə aparır, cəriməni ödədikdən sonra azad edirdilər. Məsələn, sərt karantin vaxtı 18 yaşı tamam olmayan bir qızın cərimələnərək polis bölməsinə aparılmasını ictimailəşdirmişdik. Halbuki qanuna görə vətəndaş cəriməni 30 gün ərzində ödəməlidir”, - Rəbiyyə Məmmədova belə deyir.

Rəbiyyə Məmmədova

R.Məmmədova hesab edir ki, Gürcüstan hökumətindən fərqli olaraq Azərbaycanda tətbiq edilmiş cərimələr ləğv edilməyəcək:

“Pandemiyadan sonra gürcülər normal həyata cərimə ödəyərək qayıtmayacaq. Düzü, Azərbaycan hökumətinin də belə bir addım atacağını gözləmirəm; istər sahibkarlara, istərsə də adi vətəndaşlara cərimə yazılması davam edir. Təəsüf ki, bizdə büdcəni korrupsiyanın qarşısnı almaqla yox, vətəndaşı soymaqla doldurmağa çalışırlar. Gürcüstan hökuməti demokratik seçki yoluyla hakimiyyətə gəldiyindən vətəndaşın sosial rifahını yaxşılaşdırmağa çalışır. Çünki bilir ki, bunu etməsə, növbəti dəfə seçilə bilməyəcək. Ancaq Azərbaycan hökumətinin belə bir qayğısı yoxdur”.

Sosial ədalətsizlik və insanların tərbiyələndirməsi üsulu...

İqtisadçı Rəşad Həsənov sözlərinə görə, Azərbaycanda karantin və pandemiya dövründə sosial davranışların idarə edilməsi daha çox inzibati üsullarla həyata keçirilir:

“İsveçin baş naziri belə bir açıqlama vermişdi ki, bizim icma tövsiyələrə riayət etdiyi üçün şanslıyıq. Amma Azərbaycanda və digər şərq ölkələrində bu mexanizmlər işləmir, qaydalara əməl olunmur”.

İqtisadçı deyir ki, cərimələrin tətbiqi pandemiya ilə mübarizədə hökumətin əlini gücləndirən faktorlardan biri oldu.

“Təhlükəli də olsa, yoxsul insanlar sərt karantin dövründə də işə çıxmağa məcbur idilər və qaydalara riayət edə bilmirdilər. Bu isə ciddi problem idi. 10-20 manat müqabilində günəmuzd çalışan birinin 100 manat cərimə ödəməsi sosial ədalətsizlik idi. Digər tərəfdənsə insanların qəbul edilmiş qaydalara riayət etməsinin başqa alternativi yoxdur”.

Rəşad Həsənov - Açıq mənbələrdən götürülüb

Ekspert vurğulayır ki, Azərbaycanda sağlam cəmiyyətin qurulması istiqamətində bu günə qədər hər hansı addım atılmayıb; təhsil sistemi və dövlət siyasəti insanların sosial davranışlarında normaları gözləmək vərdişlərinin formalaşmasına şərait yaratmır:

“Ona görə də Azərbaycan kimi icmalarda bu sanksiyaların tətbiq olunması zərurəti yaranıb. Bəli, bu, hökumətin düzgün olmayan siyasətinin nəticəsidir. Amma bu gün ortaya çıxan problemin həllində alternativi olmayan məsələdir. “Qaydalara riayət edin” - burada cərimənin mahiyyəti budur. Yəni bu, uzunmüddətli dövrdə tərbiyələndirməyə gətirib çıxaran mexanizmdir, alətdir. Cərimə sosial vəziyyətlə izah olunmur, qaydaları pozan şəxs heç bir halda özünə haqq qazandırmamalıdır”.

Bununla belə, R.Həsənov optimal səviyyənin tapılmasının zəruri olduğu fikrindədir.

“Hökumət müəyyən hesablamalar aparıbmı? Vətəndaş cərimənin hansı səviyyəsində artıq qayda pozmaqdan vaz keçəcək? Bu sualların cavabı bəlli deyil.
 Düşünmürəm ki, Azərbaycanda hər hansı orta səviyyəli vətəndaşın gəliri 100 manatın üstündədir. Cərimənin ilkin miqdarı pozuntunun qarşısnı ala bilərdi. Ancaq bu miqdarın iki dəfə artırılaması artıq sual doğurur. Görünür ki, 100 manat məbləği özünü doğrultmayıb.

Hökumət cərimə siyasətini tətbiq edəndə insanların sosial müdafiəsi ilə bağlı heç bir ciddi addım atmadı. Hətta sabit komunal xərclər var idi ki, onlar üçün belə güzəştlərə gedilmədi. Fikrimcə, hökumət cərimənin səviyyəsindən çox pandemiya dövründə ailə gəlirlərini müəyyən səviyyədə qorunub saxlanılması, onların keyfiyyətli səhiyyə və keyfiyyətli qida ilə təmin olunmasına şərait yaratmalı idi. Narazılığın kökündə bu dayanır”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə cərimələrin tətbiqi ilə bağlı başqa bir məqama diqqət çəkib.

O özünün “Feysbuk” səhifəsində yazıb ki, ötən il büdcədənkənar gəlirlər 596,1 mln. manat təşkil edib - 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3 faiz çox:

"Bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib"- deyə, iqtisadçı vurğulayıb.

Qubad İbadoğlu - Sosial Media

Q.İbadoğlunun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır: "Əslində, ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. 

Bu isə onu deməyə əsas verir ki, cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli, hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur".

Sosial

Həftəsonları ictimai nəqliyyat işləyəcək, əyləncə və istirahət mərkəzləri açılır

24 Sentyabr 2021

Sosial Media

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib: - istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; - ümumi...
Sosial

Gündəlik yoluxma statistikası açıqlandı

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınıb, 2 590 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25657 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 505, ötən müddət ərzində isə ümumilikdə 4 802 229 test aparılıb. Vaksinasiya Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələ...
Seçilmiş Videolar