Sosial

Azərbaycan hüquq tarixinin qara səhifəsi - "Tərtər işi"

Roza Məmmədova
4 Aprel, 2021
2133

Maxim

“Təbriz Babazadə adlı bir hərbçiyə elektrik cəryanı verərək cinsiyyət orqanını partladıb onu ömürlük şikəst qoyublar. Mehman Hüseynov adlı başqa bir hərbçininsə gözlərini göz dəliyindən pırtladıb çıxardaraq qətlə yetiriblər, amma Azərbaycan cəmiyyətinin tükü belə tərpənməyib.
Belə bir cəmiyyətin pulunu oğurlayıb başına qapaz vursalar, nə fərq edər, vurmasalar, nə edər?”

Tez-tez “Tərtər işi”ndən yazan ictimai xadim Ruslan Fərzəliyev Azərbaycan cəmiyyətinin biganəliyindən gileylənir.

2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsi “Tərtər işi” kimi tanınır.

Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbçilərin istintaqa cəlb edilməsi onların Ermənistan xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinməsi ilə əsaslandırılmışdı.

2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2019-cu ildə - işin təfərrüatları tədricən üzə çıxandan sonra xəbər tutmağa başlayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində ölüb.

Hadisə şahidlərinin ifadələrində, məhkəmə ekspertizası materiallarında təqsirləndirilənlərin aşağıdakı işgəncələrə məruz qaldığı bildirilir:
- əlləri və ayaqları bağlı halda döyülmək;
- suda boğmaq;
- əl və ayaq dırnaqlarının kəlbətinlə çıxarılması;
- əlləri və ayaqları bağlı halda yuxarı mərtəbədən aşağı tullamaq;
- cinsiyyət orqanlarına və bədənə elektrik cərəyanı verilməsi;
- cinsiyyət orqanına elektrik cərəyanı verilərək partladılması;
- gözlərin çıxardılması;
- bağırsaqlara dəmir armaturun daxil edilməsi;
- plastik su borularını yandıraraq ərimiş plastiki çılpaq bədənə damızdırmaq və yara yerinə duz, istiot tökmək;
- günlərlə ac-susuz saxlamaq;
- rezin boru ilə zorlamaq;
- armaturla zorlamaq;
- hərbi qulluqçuların ağızlarına lampa qoyub bədənlərindən cərəyan keçirməklə lampanı yandırmaq;
- su şüşələri üzərində otuzdurmaq.

Bütün bunlar şahid ifadələrinin yalnız bir hissəsidir.

İşgəncə- foto açıq mənbələrdən götürülüb

İstefada olan 39 yaşlı polkovnik-leytenant Saleh Qafarov istintaqa cəlb olunan və işgəncəylə öldürülən hərbiçilərdən biri olub.

Hazırda iki övladını tək böyüdən həyat yoldaşı Natəvan "BBC"-yə deyir ki, ərinin istintaqa cəlb edilməsindən xəbərsiz olub, polislər onu evdən hər hansı izahat vermədən aparıblar.

İki həftə sonra cəsədi gətirilənədək harada olduğunu bilməyib.

O, yalnız məhkəmə başladıqdan sonra ərinin işgəncə nəticəsində öldüyünü öyrənə bilib.

"Məhkəmədə məlum oldu ki, onu işgəncəyə məruz qalan digər əsgərlərin “donos”una əsasən tutublar. Mayın 4-də aparıb işgəncə veriblər, 6-da komaya düşüb və Bakıdakı hərbi xəstəxanaya aparılıb, mayın 13-də elə orada vəfat edin.

“Salehin əl-ayağını bağlayıb, suda boğublar, elektriklə işgəncə veriblər, dırnaqlarını çıxarıblar, çənəsini sındırıblar, əl-ayağı bağlı vəziyyətdə ikinci mərtəbədən atıblar, komaya düşənə qədər işgəncələri davam etdiriblər. Qəbristanlıqda məzar yerini mühasirəyə alan polislər tabutu açmağa icazə vermədilər, nədən öldüyünü demədən onu tələsik dəfn etdilər” -qadın olanları belə xatırlayır.

“Əgər “Tərtər” işi olmasaydı, ordumuz müharibədə daha tez və az itki ilə qələbə qazana bilərdi”

“Toplum Tv”-yə danışan hərbi ekspert Telman Əbilov istintaqın ədalətsiz aparıldığını deyir:

“Döyüşlərdən bir qədər sonra Müdafiə Nazirliyi, xüsusilə də Baş Qərargah rəhbərləri tənqidlərə məruz qaldı, döyüşlərin nəticəsi müzakirələrə yol açdı.

Nazirlik bu itkiləri ört-basdır etmək üçün “yuxarılara” itkinin səbəbini orduda təxribat, xəyanət olması ilə izah etdi.

Ona görə də orduda “təmizləmə” adı ilə 3-4 min adamı istintaqa cəlb etdilər. Sonra hərbçilərin yarısını külli miqdarda rüşvət alıb buraxdılar. Ən maraqlısı isə odur ki, işgəncə nəticəsində ölən hərbiçilərə sonradan bəraət verildi”.

Azadlıq radiosu

T.Əbilov deyir ki, 4-5 ildir onların yaxınları dövlət orqanlarına müraciət edib piketlər keçirsələr də, onlara qulaq asan olmayıb.

“Müdafiə Nazirliyində Xüsusi Təhlükəsizlik Xidməti yaradılıb. Respublika üzrə Təhlükəsizlik Xidməti olduğu halda, buna nə ehtiyac vardı? Üstəlik, bu orqana hamının satqın kimi tanıdığı Nəcməddin Sadıqovun bacısı oğlu Ramil Əsgərov başçılıq edirdi. Bu xidmət üzrə də təhqiqat, hüquq və sairə idarələri yaradıb, təxminən 300 nəfərlik bu “işgəncə maşınını” hərbiçilərin canına saldılar”.

Ekspert həmçinin qeyd edir ki, istintaq zamanı hərbçilərin ordudan uzaqlaşdırılması və məsuliyyətə cəlb olunması kadr çatışmazlığına səbəb olub:
“Bir çoxu Birinci Qarabağ müharibəsində iştirak etmiş təcrübəli zabitlər idi. Budəfəki müharibənin gedişində Nəcməddin Sadıqov və digər yüksək rütbəli hərbçilər əməliyyatlardan kənarlaşdırıldı. Rəhbərlik yaxşı bilirdi ki, əks təqdirdə nəticə Aprel döyüşlərindəkindən çox fərqlənməyəcəkdi.

Müharibə başlamamışdan qabaq ermənilər uğur qazanacaqlarına inamlı idilər. Bu da göstərir ki, onlar Azərbaycan Ordusundakı təxribatlardan xəbərdar idilər.

Ola bilər ki, fərdi qaydada orduda xaricə kəşfiyyata işləyən cəsuslar olsun. Bunun ola bilmə ehtimalı gözləniləndir. Ancaq burada söhbət bir-iki nəfərdən yox, 2-3 min hərbiçidən gedir. Yəni orduda kütləvi şəkildə satqınlıq olması mümkün deyil”.

T.Əbilov 2003-2004-cü illərdə Beyləqan-Füzulidəki hərbi hissələrdə belə hallar yaşandığını xatırladıraq bildirir ki, o vaxt cəsuslar aşkar edilərək cəzalandırılıb.

“Axı bir-iki satqının olması böyük bir ordunun uğursuzluğuna səbəb ola bilməzdi. Bunu əsas götürən Müdafiə Nazirliyi bilərkdən bu məsələnin miqyasını böyütdü. Düşünün, böyük bir taqım, 2-3 min hərbiçi eyni vaxtda necə ermənilərlə iş birliyində ola bilər?”“Adamlar adlarının siyahıdan çıxarılması üçün 70 min manat pul ödəyirdi”.

Hərbi jurnalist Səxavət Məmməd “Prime TV”-yə müsahibəsində işin detallarından danışıb.

Sosial media

“Hərbi Prokurorluq işi belə aparıb, buna “presləmə” də demək olar: şübhəlilərdən kimisə soruşurdular, məcbur edirdilər ki, istintaqa həmin adamın adını söyləsin. Bəziləri buna dözürdü, bəziləri isə əzabdan qurtulmaq üçün məcbur olub təsadüfi adamların adını veriridi.

İlkin dindirmə zamanı şübhəliləri Gəncədəki, xain kimi gördüklərini isə Mingəçevirdəki həbsxanaya göndərirdilər. Bu işdən qurtulmaq, adlarının siyahıdan sildirmək üçün adamlar 70 min manat rüşvət ödəyirdi”.

Daha sonra jurnalist əlavə edir ki, Hərbi Prokurorluq, Baş Prokurorluq və DTX əməkdaşları, müstəntiqlər prosesin əsas iştirakçıları olub:
“Görəsən, xəyanətdə ittiham olunan adamı bunların qarşısına əyləşdirəndə görmədilər ki, onların sir-sifəti döyülməkdən dağılıb? Niyə zamanında tədbir görülmədi? Təsəvvür edin, belə bir hadisə baş verib, 1770-dən çox hərbiçi xəyanətdə günahlandırılır, amma heç kim istefa vermir”.

“Məhkəmə bunu nə özü araşdırıb, nə də hansısa istintaq orqanına göndərib”-hüquq müdafiəçisi Samirə Ağayeva belə deyir.

Sosial media

“Təqsirləndirilənlər ilkin dindirilmə zamanı “günahlarını” etiraf etməyə məcbur olublar. Ancaq məhkəmə iclaslarında bunu təkzib edərək bildirirdilər ki, həmin ifadələri almaq üçün onlara dəhşətli işgəncələr verilib. Bizdə məhkəmə praktikası belədir ki, təqsirləndirilən işgəncə verildiyini bildirsə də, nə məhkəmə, nə də istintaq orqanları bu faktları araşdırır. Tək “Tərtər işi”ndə deyil, Azərbaycan praktikasında belədir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, məhkumların ailələrinə göndərilən məktublarda onların günahsız olduğu yazılıb:
“Amma istintaq orqanları məsuliyyəti öz üzərinə götürmədi. Halbuki işgəncələr istintaq zamanı verilib, burada başqa bir hal mövcud ola bilməz. Çünki təqsirləndirilənlər istintaq zamanı onların nəzarətində olublar”.

S.Ağayeva deyir ki, təqsirləndirilənlərlərin vəkili olsa da, onlar keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum ediliblər.

“İstintaq dövründə işgəncə faktını sübut etmək çox çətindir. Bu şəxslər qapalı yerdə saxlanılıb və müstəqil ekspert ora buraxılmayıb. Deməli, şəffaf ekspertizadan söhbət belə gedə bilməz. Bizdə qanun da buna yola vermir. Çünki yalnız bir qurumun - Patoloji Ekspertizalar İnsitutunun rəyi əsas götürülür.

Ekspert rəylərində bədəndəki müəyyən xəsarət izlərinin olduğu və bunun hansı tarixdə baş verməsi qeyd olunsa da, məhkəmə bunu nəzərə almır. Halbuki bu rəylərə də istinad edilə bilər.

Məhkəmələr bu məsələdə sadəcə olaraq spekulyasiyayla məşğuldurlar. Yəni ancaq özlərinə sərf etdiyi hallarda ekspertiza rəyini qəbul edirlər. “Tərtər işi”ndə də eyni tendensiya yaşandı, məhkəmə bu təhrif olunmuş qiymət verdi”.

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo