Reuters
“Azərbaycan hakimiyyəti dərk etməlidir ki, demokratik və sivil dünyanın üzvü olmaq istəyirsənsə, belə Konvensiyalara qoşulmalısan”.
Bunu siyasi şərhçi Anar Məmmədli Böyük Britaniyanın Azərbaycan hökumətinə çağırışını “Toplum TV”-yə şərh edərkən deyib.
Avqustun 9-da Böyük Britaniya Azərbaycan hökumətinə İstanbul Konvensiyasını imzalamaqla bağlı çağırış edib.
“Keçən ay ərzində altı qadının ailə üzvləri tərəfindən öldürülməsi xəbəri və eləcə də Sevinc Məhərrəmovanın qətlindən olduqca narahatıq. Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməyə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır”, - Britaniyanın Azərbaycandakı səfirliyinin bəyanatında bildirilib.
İstanbul Konvensiyası nədir?
Qadınlara Qarşı Zorakılıq və Ailədaxili Zorakılığın Əngəllənməsi və Bunlarla Mübarizəyə dair Avropa Konvensiyası 2011-ci ildə mayın 11-də Avropa Şurası Nazirlər Komitəsinin İstanbul şəhərində keçirilən 121-ci iclasında qəbul edilib. Buna görə də İstanbul Konvensiyası adını alıb.
İstanbul Konvensiyası qadına qarşı zorakılığı insan hüquqlarının pozulması və ayrı-seçkilik forması olaraq təyin edən ilk məcburi beynəlxalq tənzimləmədir.
Konvensiyada 45 Avropa dövlətinin imzası var. 2013–2019-cu illərdə isə Gürcüstan, Avstriya, Danimarka, Fransa, Almaniya, Norveç, İsveç kimi ölkələr daxil olmaqla ümumilikdə 34 ölkə müqaviləni təsdiqləyib (Council of Europe).
2012-ci il martın 12-də Türkiyə Konvensiyanı təsdiqləyən ilk ölkə olsa da, 2021-ci il martın 20-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sərəncamla müqavilədən çıxıb. Türkiyə Cumhurbaşqanlığı nəzdindəki Kommunikasiya Müdirliyi ölkənin müqavilədən çıxmasına səbəb kimi Konvensiyanın “Türkiyənin ailə dəyərlərinə uyğun olmayan homoseksual münasibətləri normallaşdıran qrup tərəfindən” manipulyasiya edildiyini göstərib.
Bəs Britaniya Azərbaycanın Konvensiyanı imzalamasını niyə istəyir?
Siyasi şərhçi Anar Məmmədli deyir ki, Britaniya insan haqları məsələsi ilə bağlı daha öncə də Azərbaycana müraciətlər ünvanlayıb: “İstanbul Konvensiyasının imzalanması heç bir halda dövlətlərin suverenliyinə xələl gətirmir. Bu məsələyə sırf insan hüquq və azadlıqlarının qorunması kimi baxmaq lazımdır. Ona görə də Avropa Şurasının qurucu ölkələri çalışırlar ki, sənədin bütün üzv dövlətlər tərəfindən imzalanmasına nail olsunlar. Azərbaycana da belə bir təşəbbüslə çağırış etmələri normaldır. Məsələ burasındadır ki, Azərbaycan hökuməti heç bir tutarlı səbəb göstərmədən Konvensiyanı imzalamaqdan imtina edir. Amma bunu anlamaq lazımdır ki, ölkədə gender bərabərliyi təmin olunmadan iqtisadi və siyasi inkişafa nail olmaq mümkün deyil”.
Ekspertin sözlərinə görə, Britaniya başda olmaqla Qərb dövlətləri insan hüquq və azadlıqları məsələsində Azərbaycan hakimiyyətinə münasibətdə sərt davranmırlar: “Mən bu cür çağırışların daha çox olmasının tərəfdarıyam. Azərbaycan hakimiyyəti də dərk etməlidir ki, demokratik və sivil dünyanın üzvü olmaq istəyirsənsə, belə Konvensiyalara qoşulmalısan”.
Azərbaycan İstanbul Konvensiyasını niyə qəbul etməlidir?
Feminist Gülnarə Mehdiyeva deyir ki, bunun üçün bir çox səbəb var:
“Bu konvensiya təkcə qadınların hüquqlarını müdafiə etmir, məişət zorakılığına məruz qalan uşaqları da qoruyur. Orada sadəcə cinayətkarların cəzalandırlmasından da söhbət getmir. Onların reabilitasiyası, cəmiyyətə yenidən qazandırılması kimi məsələlər də öz əksini tapıb. Həmçinin İstanbul Konvensiyasını qanunvericiliyə tətbiq edib kənara çəkilmək olmaz, monitorinq sistemi tələb olunur. Keçirilən monitorinqlərlə hökumətin öz öhdəliklərini yerinə yetirib-yetirmədiyinə nəzarət olunur. Konvensiya həm fiziki, həm də psixoloji zorakılığı özündə əks etdirir. Nəticədə Konvensiyanın imzalanması ilə Azərbaycanın bütün qanunvericiliyinin dəyişməsi tələb olunacaq. Məişət zorakılığına məruz qalan qadınların işinə daha dəqiq baxılması üçün ədalətli məhkəmə sistemi qurulmalıdır. Yəni Konvensiyanın əhatəliliyi səbəbilə qəbul edilməsi çox vacibdir”.
Bəs Azərbaycan cəmiyyəti Konvensiyaya hazırdırmı?
Sosioloq Sənubər Heydərli deyir ki, cəmiyyətin Konvensiyanın normalarını qəbul etməsi üçün təbliğat aparılmalıdır: “Azərbaycan patriarxal cəmiyyətdir, amma bunun əksinin olması üçün də hansısa təbliğat aparılmayıb. Təbliğat aparılsa, çox asanlıqla fikrini dəyişən, dialoqa gedən cəmiyyətik. Konvensiya barədə isə sadəcə danışılmır. Dövlət maraqlıdır ki, bu məsələlər dəyişməsin, cəmiyyət patriarxal olaraq qalsın. Əgər dövlətin marağı olarsa və diskussiyalar aparılarsa, cəmiyyət bunları eşitməyə hazırdır. “Cəmiyyət demokratiyaya və yeniliklərə açıq deyil” ifadələri ilə mən razı deyiləm. Çünki təbliğatı aparılan bir çox şeyin müsbət geridönüşünü görürük”.
Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc isə bildirir ki, sözügedən sənəddə qəbuledilməz normalar mövcuddur:
“Azərbaycanda Konvensiya ətrafında müxtəlif media platformalarında peşəkar mütəxəssislərin, millət vəkillərinin, yaxud da hökumət strukturu nümayəndələrinin fikirləri yayımlanır. İlkin baxışla onu söyləyə bilərik ki, onların çıxışları Konvensiyanın qəbulunun lehinə deyil. Bunun da özünəməxsus səbəbləri var. Amma bu qətiyyən mühafizəkar Azərbaycan ailəsi modeli və bunun da içində hansısa zorakılıqlara haqq qazandırılması deyil. Onun alternativi olaraq Konvensiyanın məqsədi ailə institunu darmadağın etməkdir, fikrini də söyləmirik. Amma bununla birlikdə sənəddə yetərincə mübahisəli və qəbuledilməz normalar mövcuddur”.
Z.Oruc mübahisəli və qəbuledilməz normaların hansılar olduğuna isə aydınlıq gətirməyib: “Bu barədə zamanında müxtəlif dövlət strukturu nümayəndələri, parlamentarilərlə müzakirələr aparılıb, amma indi onları xüsusi olaraq qeyd etmək istəmirəm”.
Millət vəkilinin sözlərinə görə, qadın qətllərinə qarşı keçirilən aksiyalarda səsləndirilən fikirlər də həqiqəti əks etdirmir: “Bizi son günlər ərzində xüsusilə ailə münaqişələri zəminində qətlə yetirilən qadınlarımızın taleyi narahat edir. Amma aksiyalarda qadınların ölümünün məhz siyasi olduğunu və hakimiyyətdən qaynaqlandığını iddia edənlər öz məntiqlərində haqsız olduqlarını yəqin ki, dərk etmirlər. Bəlkə də onların müəyyən layihələrin içərisində olması bu cür şüar və afişaları ərsəyə gətirir. Dövlət başçısının mühüm bir komitəni yaratması, bu yöndə uzun on illər ərzində cəmiyyətə sərgilədiyi mövqe gənclər mərkəzlərindən, institutlardan, birliklərdən bu məsələdə davranışları və tərbiyə metodlarını dəyişməyi tələb edir. Amma Konvensiyanın imzalanması ilə qadın ölümləri istisna olacaq kimi məntiqi sonluğa da gedib çıxmaq yanlışdır”.
Azərbaycan hakimiyyətinin cəmiyyətin patriarxal quruluşunun dəyişməsində maraqlı olmadığı ilə bağlı qarşı tərəfin ittihamına cavab olaraq deputat bildirib ki, bunun alternativi kimi təklif olunan sistem Azərbaycan cəmiyyətinə uyğun deyil: “Kişi dominantlığının darmadağın edilməsi qarşılığında təklif olunan İstanbul Konvensiyasıdırsa, o, nə qədər Azərbaycan cəmiyyətinə uyğunlaşdırıla biləcək? Bunun zəmanətini kim verəcək ki, İstanbul Konvensiyası qəbul edildikdən sonra, gender problemləri həll olunduğu təqdirdə sosial, iqtisadi və siyasi müstəvidə bütün problemlər çözüləcək?”
“Sosial Tədqiqatlar Mərkəzi olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bilavasitə istəyi ilə bütövlükdə Azərbaycanda ailə portreti və uşaq hüquqları ilə bağlı tədqiqatlar aparmışıq. Artıq onun dövlət rəhbərliyinə də təqdimatını həyata keçirmişik. İctimailəşməsi üçün isə bir sıra təşkilatlarla birgə tədbir keçirməyi düşünürük. Son olaraq qeyd edim ki, bu məsələdə kompleks tədbirlər görülməlidir. Yalnız hüquqi qanunvericilik kiyafət etmir” – deyə Z.Oruc qeyd edib.
Gülnarə Mehdiyeva isə deyir ki, Azərbaycanda Konvensiyanın qəbulu üçün siyasi iradə yoxdur: “Sənədin imzalanmasını yuxarıdan istəsələr, cəmiyyətə də asanlıqla uyğunlaşdıra bilərlər. Siyasi iradə olmaqdıqca isə Konvensiyaya sadəcə imza atılaraq bir kənara qoyulacaq və digər qanunlar kimi bu da tətbiq olunmayacaq”.
Avqustun 3-də Sevinc Məhərrəmovanın həyat yoldaşı Füzuli Qarayev tərəfindən qətlə yetirilməsi Azərbaycan cəmiyyətində qadın zorakılığı mövzusunu yenidən gündəmə gətirib.
KİV-in məlumatına görə, son bir ayda Azərbaycanda 10 qadın öldürülüb. Onlardan 6-sı ərləri tərəfindən, 2-si isə şəxsi münasibətlər zəminində qətlə yetirilib.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”