Sosial

Azərbaycan ordusunda psixoloji hazırlıq - "Peşəkar hərbi psixoloqlar yox səviyyəsindədir"

Nigar Səmədli
9 Sentyabr, 2021
3438

warontherocks.com

"İntiharların çoxu əsgərlər evə gedib qayıtdıqdan sonra baş verir. Əslində, əsgərə 6 aydan sonra məzuniyyət verilməməlidir, qanunla o, 1 il sonra göndərilməlidir".

Hərbi ekspert Telman Əbilov orduda baş verən intihar hadisələri ilə bağlı “Toplum TV”-yə danışarkən belə deyib. 

Sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat yayılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri həyata keçirilib. 

Bildirilir ki, cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. 
  
Daha öncə, avqustun 28-də də Müdafiə Nazirliyi əsgər Həziyev Çingiz Ramin oğlunun xidmət etdiyi hərbi hissədə intihar etdiyi barədə məlumat yaymışdı. Nazirlikdən hadisənin ailə-məişət problemləri səbəbindən baş verdiyi bildirilib.  

Azərbaycan ordusunda psixoloji hazırlıq hansı durumdadır? 

Hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycan Silahlı Qüvvələrində psixoloji duruma yetərli qədər əhəmiyyət verilir: “Hərbi xidmətdə olan insanın psixoloji durumu yüksək olmasa, hansısa nailiyyətlər əldə edə bilməz. Hərbçinin psixoloji hazırlığı bilavasitə onun vəzifə borclarını yerinə yetirməyə təsir edən amildir. Bu baxımdan Azərbaycan ordusunda da psixoloji hazırlıq, o cümlədən əsgərlərlə bu istiqamətdə aparılan işlər yüksək səviyyədə həyata keçirilir. Biz bunun nəticəsini 44 günlük müharibədə də gördük. Əgər Azərbaycan ordusunda  mənəvi psixoloji hazırlıq aşağı olsaydı, bu qələbədən danışmaq olmazdı. Azərbaycanda istər hərbi məktəblərdə, istər hərbi liseylərdə, istərsə də ali məktəblərdə mənəvi-psixoloji hazırlıq aparıcı fənlər sırasındadır”.  

Şair Ramaldanov - Açıq mənbələrdən götürülüb

Ekspert son intihar hadisələrinə də münasibət bildirib: “Bildiyiniz kimi hərbçi də, keçmiş hərbçi də insandır və onun həyatı sadəcə hərbi ilə bağlı deyil. Çox zaman ailə-məişət zəminində baş verən və ya xidmətlə bağlı olmayan hansısa problemlər hərbçiləri bu addımı atmağa məcbur edir. Biz onsuz da həmin intihar edən şəxslərin bunu konkret olaraq hansı səbəbdən etdiklərini bilmirik. Məndə olan məlumatlara görə, bunlar daha çox hərbi xidmətlə yox, digər sosial problemlər nəticəsində baş verən hadisələrdir”.   

Digər hərbi ekspert Telman Əbilov isə düşünür ki, psixoloji hazırlıq və əsgərlərin taleyinə qayğı məsələsində Azərbaycan ordusunda ciddi problemlər var: “Bu intiharların əsas səbəbləri nizamnamədən kənar hərəkətlərdir. Son intiharı misal göstərsək, əsgər 6 ay qulluq etdikdən sonra evə göndərilib. Məzuniyyətdən qayıtdıqdan iki gün sonra isə meyidi gəlib. Ümumiyyətlə, intiharların çoxu əsgərlər evə gedib qayıtdıqdan sonra baş verir. Əslində, əsgərə 6 aydan sonra məzuniyyət verilməməlidir, qanunla o, 1 il sonra göndərilməlidir. Onu 6 ay sonra məzuniyyətə göndərirlərsə, burada məqsəd güman ki, onun evdən pul gətirməsidir. Sonra əsgərin gətirdiyi pulu bölüşdürərkən komandirlər arasında mübahisə yaranır. Əksər hallarda da əsgər həmin mübahisənin qurbanı olur və intihar edir. 18 yaşlı uşaq bu cür psixoloji sarsıntılara hazır deyil”.  

Telman Əbilov - Sosial Media

“Bizim ordumuzda ən böyük bəlalardan biri budur. Əsgərlərimizin çoxu zabitlərin maddi maraqlarının obyektinə çevrilir. Təəssüf ki, rüşvətxorluq və korrupsiya halları bəlkə də ən çox bizim ordumuzdadır”, - deyə ekspert qeyd edib.  

Orduda intihar hallarının qarşısının alınması üçün nə kimi tədbirlər görmək olar? 

Psixoloq Azad İsazadə deyir ki, Azərbaycan ordusunda psixoloji hazırlıq yetərli səviyyədə deyil: “İstər orduda, istər digər güc strukturlarında peşəkar psixoloq çox azdır. Psixoloji iş tərbiyə üzrə komandir müavinlərinin üzərinə düşür və onlar da peşəkar psixoloq olmadıqlarına görə bu işin metodikasını, eyni zamanda diaqnostikanı tam bilmirlər. Sadəcə bacardıqları səviyyədə və öz planlarına uyğun tərbiyə işi aparırlar. Halbuki psixoloji hazırlığın bir neçə mərhələsi var, gənc əsgərin psixoloji hazırlıq proqramı ayrıdır, peşəkar hərbçininki ayrı”.  

Azad İsazadə - Sputnik

Mütəxəssisin fikrincə, hər bir hərbi hissədə hərbi psixoloq vəzifəsi yaradılmalıdır: “Gənc zabitləri psixoloji diaqnostikadan keçirmək lazımdır. Məsələn, Daxili İşlər Nazirliyinə və Dövlət Təhlükəsizlik Xidmətinə yeni işçi götürülərkən onlar psixoloji müayinədən keçirlər. Hətta həmin qurumların daxilində psixoloji laboratoriyalar fəaliyyət göstərir. Hansısa formada orduda da bunu yaratmaq lazımdır. Ayrıca hərbi psixoloji elmi araşdırma mərkəzləri də fəaliyyət göstərməlidir. Peşəkar hərbi psixoloqlar hazırda yox səviyyəsindədir. Ona görə də təklif edərdim ki, psixologiya fakültələrində hərbi psixoloq olmaq üçün oğlanların əvvəlcədən xüsusi proqramla hazırlığını təşkil etmək olar”.  

Müdafiə Nazirliyindən isə bu kimi intihar hallarının qarşısının alınması üçün hansı tədbirlər planının həyata keçirildiyi ilə bağlı “Toplum TV”-nin sorğusuna cavab almaq mümkün olmayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo