"Güman edirəm ki, sərt karantin rejimi bir qədər də uzadılacaq”.
Bunu "Toplum TV”yə həkim Vasif İsmayıl bildirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə dekabrın 14-dən yanvarın 18-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Vasif İsmayıl (Foto:Sosial Media)
Vasif İsmayıl hesab edir ki, təxminən 1 aydır davam edən karantin rejiminin yanvarın 18-dən sonra da uzadılacağı gözləniləndir: "Əslində gündəlik yoluxma sayının tendensiyası aşağı, eyni zamanda aktiv yoluxan insan sayı da azdır. Bunlar yaxşıya doğru dəyişmənin göstəricisi olsa da, güman edirəm ki, sərt karantin rejimi bir qədər daha uzadılacaq”.
Aydın Mirzəzadə (Foto: Sputnik.az)
Milli Məclisin deputatı Aydın Mirzəzadə də indiki şəraitdə məhdudiyyətlərin saxlanılmasını zəruri hesab edib: "Sərt karantin şərtlərinin uzadılması koronavirus yoluxmasının hansı səviyyədə qalmasından asılıdır. Çünki yoluxma hələ də yüksəkdir, gün ərzində 500-dən çox insan bu xəstəliyə yoluxur. Bu gün yoluxanlardan 15-i vəfat edib. Bunlar bizim ölkə üçün böyük rəqəmlərdir. Bu səbəbdən hesab edirəm ki, hansısa sahələrdə yumşalmalar tətbiq olunsa da, müəyyən qədər məhdiyyətlər qalmalıdır. Çünki virusun yoluxması əhalinin əhəmiyyətli bir hissəsini əhatə edir”.
TƏBİB-in mətbuat xidmətinin sözçüsü Elnarə Baxışova isə bu məsələnin qurumun səlahiyyətində olmadığını deyir: "Bütün bu karantin qaydaları ilə bağlı Operativ Qərargah qərar verir. TƏBİB-də bu barədə hər hansı bir məlumat yoxdur və qurum hansısa qaydanı tətbiq etmir, eyni zamanda sərtləşdirilmiş rejimə nəzarəti həyata keçirmir. TƏBİB-in işi ancaq müalicədir”.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə münasibət almaq mümkün olmayıb.
Yanvarın 11-də "Sputnik Gürcüstan"ın verdiyi xəbərə görə, Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fevralın 1-dək qüvvədə qalacaq.
Gürcüstanda karantin rejimi ilə əlaqədar olaraq, dekabrın ortasından etibarən şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinə, ticarət obyektlərinə, açıq və qapalı bazarların fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Nigar Səmədli