Azərbaycanda körpə ölümləri - günahkar kimdir: adətlər, yoxsa səhiyyə?
Açıq mənbələrdən götürülüb
“Ailədə zorakılıq varsa, qadın tibbi müayinədən keçə bilmirsə və həkimə getməsi özbaşınalıq kimi qiymətləndirilirsə, təbii ki, körpə ölümləri olacaq”.
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Toplum TV”-yə körpə ölümlərinin səbəblərindən danışarkən belə deyib.
Dünya Bankının hesabatına əsasən, Azərbaycan körpə ölümlərinin sayına görə, dünya ölkələri arasında 113-cü yerdədir.
Buna baxmayaraq, Azərbaycan son 20 ildə ölümlərin azalması istiqamətində xeyli irəliləyiş əldə edib. Belə ki, 2019-cu ildə qeydə alınan bu hesabatda 18.2 olan rəqəm 1999-cu ildə 64.8 idi.
Dövlət Statistika Komitəsinin (DSK) hesabatında isə bu rəqəm 11.0 (1557 nəfər) olaraq qeydə alınıb.
Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib ki, ölkə üzrə körpə ölümü göstəricisi 9,8 promilli təşkil edib.
Hesabata görə, 1000 qramdan aşağı doğulan körpələrin sayı 268 olub, onların 105-i xilas edilib, 163-ü isə həyatını itirib.
Müxtəlif dövrlər üzrə statistikaya nəzər salsaq, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 1 yaşadək olan hər 1000 uşağa görə ölüm əmsalı 2000-ci ildə 16.4 (1896 nəfər), 2010-cu ildə 11.2 (1843 nəfər), 2015-ci ildə 11.0 (2033 nəfər) olub. Statistikaya görə, qeyd olunan ölüm halları şəhərlərə nisbətən kənd yerlərində daha yüksəkdir.
Bəs körpə ölümlərinin səbəbləri nədir?
Həkim-pediatr Vaqif Qarayev körpələrin ölüm səbəbini belə şərh edir: “1 yaşa qədər ölən körpələrin ölüm səbəbləri arasında əsasən, mədə-bağırsaq xəstəlikləri, tənəffüs sistemi, mərkəzi sinir sistemi xəstəlikləri, irsi-genetik xəstəliklər, anadangəmə infeksiyalar, fiziki-əqli qüsurlar yer alır. Vaxtında həkimə müraciət olunsa, bu kimi problemlərin qarşısı alınar. Bütün bunlar ana bətnində müəyyən edilməlidir ki, körpə doğulandan sonra yaşaya bilsin. Hamilə qadınlar mayalanma dəqiqləşən gündən doğuşa qədər həkim nəzarəti altında olmalıdır. Elə qadınlar var ki, 9 ay ərzində bir dəfə də olsun həkimin qapısını döymür. Bu cür hallar daha çox regionlarda qeydə alınır. Bu durum maddi vəziyyətin aşağı olması ilə əlaqələndirilsə də, düşünürəm ki, bəhanədir".
Mehriban Zeynalova isə deyir ki, qadınlar ailədə mütəmadi olaraq zorakılıq gördüyü üçün həkimə müraciət edə bilmirlər: “Məsələnin kökündə qadınların həkim müayinəsindən keçməsinə maneçilik törədilməsi durur. Digər məsələ isə cəmiyyətdə bəzi sterotiplərin olmasıdır. Bu streotiplərə görə düşünürlər ki, qədimdə də insanlar körpələri həkimsiz dünyaya gətiriblər, ona görə də həkimə tez-tez getməyə ehtiyac yoxdur”.
V.Qarayev də təcrübəsində bu kimi hallarla qarşılaşdığını deyir: “Qohum evlilikləri və erkən nikahlar ölüm riski yüksək körpələrin dünyaya gəlməsinə səbəb olur. Erkən nikahdan dünyaya gələn körpə ya vaxtından əvvəl doğulur, bu səbəbdən də əqli və fiziki qüsuru yaranır, ya da düşürmə halları baş verir. İrsi-genetik xəstəliklərin ortaya çıxması baxımından isə qohum nikahları risklidir. Bu cür məsələləri adət-ənənələrə bağlasalar da, bir həkim olaraq bu, mənim yaralı yerimdir. 21-ci əsrin gənci deyir ki, nənəm 12 yaşında ərə gedib, 12 körpə doğub. Mən bu insana nə deyim?”
Körpə ölümlərinin qarşısının alınması üçün nə etmək olar?
M.Zeynalova düşünür ki, Azərbaycanda bu halların qarşısının alınması üçün kifayət qədər işlər görülüb: “Amma burada həkimlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Eyni zamanda, doğuş üçün böyük məbləğdə pullar tələb olunanda da problemlər yaranır. Təbii ki, baha olduğu üçün qiymətlər bəzi ailələrin büdcəsinə uyğun gəlmir. Bu səbəbdən müəyyən xəstəxanalar olmalıdır ki, hər kəs oradan yararlana bilsin. Deyilənə görə, tibbi sığorta məsələsi bu kimi problemləri həll edəcək”.
“Bütün bunlara baxmayaraq, bizdə körpə ölümlərinin faciəvi şəkildə olduğunu düşünmürəm. Ölümlər zaman-zaman həkim, bəzən də valideynlərin məsuliyyətsizliyi ucbatından baş verir. İnsanları maarifləndirməklə yanaşı təkliflər də verilməlidir. Heç kim xəstə körpə dünyaya gətirmək istəməz. Bu səbəbdən insanlara müəyyən xidmətlər təklif olunmalıdır. Yaxın ərazilərdə pulsuz müayinə üçün şərait yaradılmalıdır. Bu kimi tədbirlər davranış dəyişikliklərinə gətirib çıxarar və insanlar düşünər ki, onların gəlirlərinin körpələrin müayinəsi üçün xərclənməsi gələcəkdə digər xərclərin qarşısını alacaq", - deyə Mehriban Zeynalova əlavə edib.
Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir.
Bunların arasında hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə də yer alıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?