Sosial

Azərbaycanda məişət zorakılığına məruz qalan kişilər - “Arvadım məni dikdaban ayaqqabıyla döyürdü”

13 Yanvar, 2022
1627

Açıq mənbələrdən götürülüb

“...arvadımdan zorakılıq gördüyümü desəm, rüsvay olaram”

Azərbaycan toplumunda qadına qarşı zorakılıq halları tez-tez müzakirə olunur, amma  rəsmi qurumların söylədiyinə görə, ölkədə məişət zorakılığına məruz qalan kişilərin də sayı az deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötən il quruma məişət zorakılığına məruz qalmış 42 kişinin  müraciət etdiyini bildirir.

Araşdırmalara görə, qadınlar kişilərə fiziki zorakılıq göstərməkdən daha çox, mənəvi təzyiq göstərir - təhqir, lağ edir, kobud davranırlar. Hətta mənəvi zorakılıq göstərən qadınların sayının kişilərdən çox olduğu iddia olunur.

Ərini dikdaban ayaqqabılarıyla döyən qadın

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Lalə Mehralı “Toplum TV”-yə danışır ki, sosial sorğu keçirdiyi vaxt məişət zorakılığına məruz qalmış 2 kişiylə rastlaşıb. Onlardan biri arvadı tərəfindən fiziki zorakılığa məruz qaldığını söyləyib.

“Qadının təəccüblü təzyiq forması varmış. Adam danışırdı ki, arvadım məni dikdaban ayaqqabısının dabanıyla döyürdü. Kişinin 33 yaşı var idi, çox savadlı, mülayim adam idi, müəllim işləyirdi. Deyirdi ki, sanki arvadım ayaqqabı seçəndə onunla məni necə vuracağını düşünürdü. Hansı ayaqqabının dabanı daha çox ağrı verə bilərdisə, onu seçirdi”.

Lalə Mehralı danışır ki, kişi hətta başındakı yara izinin şəklini də ona göndərib: “Mənə şəkil atmışdı, başının gicgah hissəsində batıq var idi, qadın dikdabanla deşmişdi oranı. Soruşdum ki, niyə boşanmırsan, məhkəməyə verib, hətta zorakılığa görə ondan təzminat da ala bilərsən. Kişi cavab verdi ki, arvadımdan zorakılıq gördüyümü desəm, rüsvay olaram. Mən soruşurdum ki, bəs ona qarşılıq verirsənmi? Deyirdi ki, mən eyni cavabı verməyi özümə yaraşdırmıram, ona əl qaldırmaq istəmirəm, bir dəfə zorakılıq göstərən həmişə ona meyilli olur”.

Lalə Mehralı - Açıq mənbələrdən götürülüb

Sosioloqa müraciət edən digər kişi isə arvadı və qayınanasının iqtisadi və mənəvi zorakılığına məruz qaldığını iddia edib.

“Kişinin 35 yaşı var idi, arvadıyla sevərək evlənmişdilər. Qadın tərəf imkanlı, varlıydı, amma kişinin gəliri aşağı idi, özü də evi yox idi deyə, qaynanasıgildə qalırdı. Baxmayaraq ki, bir-birilərini seviblər, amma evlənəndən sonra qadının kişiyə psixoloji zorakılığı artıb. Kişi danışırdı ki, məni uşaqlarımın yanında utandırırdı. Qazancım az idi deyə, uşaqlara deyirdi ki, atanız fərsizdi, pul qazana bilmir”.

Sosioloqun sözlərinə görə, zorakılığa məruz qalan kişilərdən heç biri ona problemi aktuallaşdırmağa icazə verməyib.

Komitə: “Zorakılıq qurbanı olan kişilər içərisində özünü çətin idarə edən əlil, xəstə, qocalar daha çoxdur”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Toplum TV”-yə verilən məlumata görə, 860 saylı Qaynar xəttə daxil olmuş müracitələrin təhlili göstərir ki, kişilərə qarşı psixoloji, fiziki və cinsi zorakılığa, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə daha çox rast gəlinir.

Komitədən bildirilir ki, zorakılıq qurbanı olan kişilər içərisində özünü çətin idarə edən əlil, xəstə, qocalar daha çoxdur: “Məsələn, qadın kişinin pensiyasını əlindən alır, onun istirahətinə mane olur, psixoloji təsir göstərir və s. Hətta bəzən qoca və xəstə kişilər qadınlar tərəfindən döyülür. Təbii ki, qeyd olunanlardan əlavə məişət zorakılığı halları hər bir insanın şəxsi keyfiyyətlərinə söykənir və müxtəlif şəkillərdə özünü göstərir”.

Dövlət Komitəsindən müraciətçilərin keyslərinə də diqqət çəkilir: “Qadın tərəfindən yaşadığı mənzilə buraxılmayan, şəxsi əşyalarından istifadəsinə maneə törədilən, hədələnən, etmədiyi hərəkət ucbatından polisə şikayət edilən, uşaqlarıyla ünsiyyəti məhdudlaşdırılan kişilərin də şikayətləri quruma daxil olub”.

Komitədən deyilir ki, quruma daxil olan istənilən ərizəçinin müraciəti ayrı-seçkilik qoyulmadan, qanunvericiliyin tələblərinə uyğun araşdırılır və tədbirlər görülür, müraciətçinin qadın və ya kişi olmasına fərq qoyulmur: “Odur ki, qadınların müraciətləri ilə bağlı hansı cavab tədbiri görülürsə, kişilərdən daxil olmuş müraciətlərə də eyni  şəkildə və həssaslıqla yanaşılır. Hər bir yerli icra hakimiyyəti orqanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu fəaliyyət göstərir. Məişət zorakılığı ilə bağlı daxil olmuş müraciətlər aidiyyəti  monitorinq qrupuna yönləndirilir və orqada araşdırılır. Əlavə olaraq müraciətdə inzibati xəta və ya cinayət barədə məlumatlar əksini tapdıqda araşdırılması üçün  hüquq-mühafizə orqanlarına  göndərilir”.

Sosioloq: “İntihar edən kişilərin 90 faizi ailədaxili zorakılığa məruz qalanlardır”

Sosioloq Rəşad Əsgərov danışır ki, ailə qapalı qurum, toxunulmaz məkan olduğundan orda baş verənlər cəmiyyətə tam açıqlanmır. Yalnız zorakılığa məruz qalma faktı ilə bağlı hüquq-mühafizə orqanlarına, sığınacaqlara müraciət ediləndə zorakılığın statistikası aparılır.

“Azərbaycanda zorakılıq aktları daha çox ailə daxilində qadınlara, uşaqlara qarşı törədilir. Amma bu o demək deyil ki, kişilərə qarşı zorakılıq halları yoxdur. Avropa ölkələrində hər iki cinsin nümayəndələrinə qarşı zorakılıq halları mütəmadi baş verir deyə, kişilərə qarşı törədilən zorakılığa görə müvafiq qurumlara şikayət etmə halları geniş yayılıb. Amma Azərbaycanda kişi öz şəxsiyyətinə, öz nüfuzuna, cəmiyyət tərəfindən ona olan münasibətə uyğun olaraq polisə, sığınacağa müraciət etməyə çəkinir”,- sosioloq belə deyir.

Rəşad Əsgərov - Açıq mənbələrdən götürülüb

R. Əsgərovun sözlərinə görə, kişilərin zorakılığa məruz qaldığı ailələrdə daha çox işləyən və ailənin maddi təminatını ödəyən qadınlar dominant olurlar: “Kişilər ailəyə gəlir gətirə bilmir, qadından aslı olur deyə öz funksiyalarını yerinə yetirə bilmirlər. Elə hesab edirlər ki, onlar uşaqların qayğısına qala bilməz, məşiət problemlərini həll edə bilməzlər. Belə olanda qadınlar kişini daha çox formal olaraq yanlarında saxlayırlar. Nəticədə kişilər ya boşanırlar, ya da ailələrini birdəfəlik atıb gedirlər”.

2021-ci ilin birinci yarısında Baş Prokurorluğun yaydığı məlumata görə, ölkədə intihar nəticəsində 322 nəfər həyatını itirib, onlardan 239-u kişidir.

R. Əsgərov intihar hadisələrinin bilavasitə məişət zorakılığıyla əlaqəli olduğu qənaətindədir: “Prokurorluq orqanları intiharlar barədə statistika verirlər, amma hadisənin mahiyyəti haqqında heç nə demirlər. İntihar edən kişilərin 90 faizi ailədaxili zorakılığa məruz qalanlardır. Zorakılığa məruz qalan kişilərin ailələrində qadınlar dominat olduğu üçün onların uşaqları da atalarına qarşı təzyiq göstərirlər. Bu da kişilərin intihara yuvarlanmasına səbəb olur”.

Azərbaycanda niyə kişi sığınacaqları yoxdur?

Bəzi ölkələrdə kişilərin hüquqlarını müdafiə komitəsi və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir.

Türkiyədə kişi sığınacaqları iki şəhərdə - İstanbul və İzmirdədir. İstanbuldakı sığınacaq 3 mərtəbəlidir və 12 nəfər yerləşə bilir. Fəaliyyət göstərdiyi ilk 2 il ərzində ora 15 nəfər yerləşdirilib. Sığınacaqda olan kişilərdən 8-i evli, 3-ü boşanmış, 3-ü subay, biri isə dul olub. Onlardan 4-ü ailə-məişət mövzulu problemlərdən dolayı sığınacağa üz tutub.

R. Əsgərovun dediyinə görə, Avropa ölkələrində zorakılığa məruz qalan kişilərin sayı çoxdur deyə, orda onlar üçün ayrıca sığınacaqlar var. Azərbaycanda isə yaxın 5 il ərzində kişilər üçün xüsusi sığınacağa ehtiyac yoxdur.

Sosioloq onu da qeyd edir ki, Azərbaycanda kişi sığınacağı yoxdur demək olmaz.

“Bizim sığınacaqlar kişilərə və qadınlara görə bölünmür. Adətən, həbsxanalarda, islah düşərgələrində qadınlarla kişiləri ayırırlar. Sosial sığınacaqlarda kişilər də, qadınlar da, uşaqlar da yaşayırlar və onlar üçün ayrı-ayrı otaqlar təşkil olunur. Bizdə adətən övladlarının tərk etdiyi ahıl insanlar, himayədən məhrum uşaqlar sığınacağa gəlirlər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən “Toplum TV”-yə verilən məlumata görə, hazırda məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsində 41 nəfərə sosial xidmət göstərilir. Fəaliyyətə başladığı tarixdən, yəni ötən ilin iyunundan bu günə qədər şöbəyə kişilərdən müraciət daxil olmadığı bildirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə çox az sayda ölkədə kişi sığınacaqlarının fəaliyyət göstərdiyi deyilir və əlavə olunur ki, bu da onların daxili qanunvericiliyindən və üzərlərinə götürdükləri  bəzi beynəlxalq öhdəliklərdən irəli gəlir: “Azərbaycanda isə məişət zorakılığının qarşısının alınmasına dair qanunvericilik qurbanın cins bölgüsünü aparmır və ümumi olaraq “məişət zorakılığından zərər çəkmiş şəxs” anlayışından istifadə edir, məişət zorakılığından zərər çəkmiş şəxslərə münasibətdə sosial xidmət növlərini və yardım mərkəzlərinin xidmətlərini eyni əsasda təqdim edir”.

Qurumdan həmçinin bildirilir ki, ölkədə kişilər üçün sığınacaqların yaradılması hələlik qurumun planları arasında yoxdur.

Mətbuatda yayılan məlumatlara görə, son 1 ayda 2 kişi ailə üzvləri tərəfindən öldürülüb, 1 nəfərə isə xəsarət yetirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo