Açıq mənbələrdən götürülüb
Son günlər xəstəxanalara peyvənd üçün müraciət edən bəzi vətəndaşlar iddia edirlər ki, onlara “Pfizer” vaksininin istifadə müddətinin bitdiyi deyilir.
Bu barədə sosial şəbəkələrdə şikayət xarakterli məlumatlar da paylaşılır. Adının çəkilməsini istəməyən sakinlərdən biri "Toplum TV"-yə danışır ki, bu yaxınlarda peyvənd vudurmaq üçün xəstəxanaya üz tutub. Baş həkim ona “Pfizer” peyvəndinin zərərli olduğunu və vaxtının keçdiyini söyləyib.
Deyilənlərlə bağlı açıqlama yayan TƏBİB bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktubda “Pfizer/Biontech” preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadıldığı vurğulanır. Bununla əlaqədar, Azərbaycanda istifadə olunan “Pfizer/Biontech” vaksininin də istifadə müddəti 2021-ci ilin 31 dekabrınadək uzadılıb.
Amma TƏBİB-in bu açıqlaması yeni suallar doğurub. Məsələn, vaxtı keçmiş vaksinin istifadə müddətini uzatmaq nə qədər doğrudur? Bunun hansı mənfi təsirləri ola bilər?
İnfeksionist Mərdan Əliyev deyir ki, respublika qanunlarının tələbinə görə, istifadə müddəti bitmiş vaksinləri məhv etmək zəruridir: “Dərman vasitələri haqqında qanuna görə, yararlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş dərman vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməli və sanitariya normalarına uyğun məhv edilməlidir”.
Amma ekspert onu da əlavə edir ki, istehsalçının icazəsi olduğu təqdirdə dərmanların istifadə müddətini uzatmaq olar.
“Əgər istehsalçı ilə birgə qərar verilibsə, saxlanma şərtlərinə əməl olunursa, vaksinlərin istifadə müddətini uzatmaq olar. Amma əlbəttə ki, bu, pereparatın effektivliyinə təsirsiz ötüşməyəcək. İstifadə müddəti bitdiyi üçün vaksinlərin tərkibindəki proteyinin effektivliyi azalır, vurduranlara da heç biri təsiri olmur”, - M. Əliyev belə söyləyir.
Artıq bir çox ölkələrdə istifadə müddəti keçmiş vaksinlərin atılması prosesinə başlanılıb. Məsələn, yaxın günlərdə Ukrayna Səhiyyə Nazirliyi koronavirusa qarşı “AstraZeneca” vaksininin vaxtı keçmiş yarım milyon dozasını məhv edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər oktyabrın sonunda COVID-19-a qarşı vaxtı bitmiş 500 min doza dərman atıblar.
Bunu da oxu: Təcili yardım kimin "yardım"ına qaçır?
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Azərbaycanda vaxtı keçmiş vaksinlərin olması fikriylə razılaşmır: “Ola bilər ki, hansısa ölkədə vaxtı keçmiş vaksinlər vurulsun, amma Azərbaycanda belə hal yoxdur”.
TƏBİB-in məlumatına görə, hazırda ehtiyat anbarlarında 162 450 doza “Pfizer- Biontech” vaksini var. Ölkəyə ötən həftə 99000, ümumilikdə isə 319 410 doza “Pfizer- Biontech” vaksini gətirilib.
Vaksinin 2 dozasının qiyməti 19.50 dollardır. “Pfizer” şirkəti peyvəndinin 2021-ci ilin ilk üç ayında əczaçılıq şirkətlərinə təxminən 3.5 milyard dollar gəlir gətirdiyini açıqlayıb.
“Dövlət büdcəsi üçün israfçılıqdır”
Məsələnin iqtisadi tərəfindən danışan ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan öz kvotasına uyğun “Pfizer” vaksini alıb.
““Pfizer”lə bağlı müxtəlif məlumatların internetdə dolaşması vaksinə marağın azalmasına səbəb olub. Əsasən xaricə çıxmaq, viza almaq istəyən vətəndaşlar bu vaksinə üstünlük verirdilər. Amma pereparatların saxlanması texnoloji olaraq da çox çətindir. Bu baxımdan istifadə olunmayan vaksinlər qalacaqsa, itkilər də çox olacaq”.
İqtisadçı hesab edir ki, Operativ Qərəgah növbəsiz “Pfizer” vaksini vurdurmaq istəyənlərə icazə verərsə, vaxtı keçməkdə olan vaksinlərdən səmərəli şəkildə istifadə etmiş olacaq: “Əks halda, vaxtı keçmiş vaksinlər atılmış olacaq ki, bu da dövlət büdcəsi üçün israfçılıqdır”.
Azərbaycan yeni ştamma hazırdırmı?
Yeri gəlmişkən, koronavirusun yeni “Omikron” variantının aşkar edilməsi də bir çox ölkələrdə narahatlıq doğrurub. ÜST “Delta” ştammından da daha sürətli yayıldığı iddia olunan bu ştammın qlobal miqyasda risklər yaratdığını bəyan edib.
Cənubi Afrika Respublikasında qeydə alınmış yeni koronavirus variantının rəsmən elan edilməsindən sonra bəzi dövlətlər sərhədlərini qapadıb, bəziləri isə sərt karantin tədbirlərinin tətbiq ediləcəyini açıqlayıb.
Bəzi mütəxəssislərin iddialarına görə, virusun son mutasiyası ilkin variantla müqayisədə çoxsaylı dəyişikliklərə məruz qalıb, buna görə peyvəndlərə qarşı da dayanaqlı ola bilər.
Kamilə Əliyevanın sözlərinə görə, “Omikron” ştammı yeni olduğundan onun hansı fəsadlarının olması, hansı tezlikdə yayılmasıya bağlı məlumat azdır. Ona görə də Azərbaycanda karantin rejiminin sərtləşməsi ilə bağlı hələlik mülahizə yeritmək olmur.
Mərdan Əliyevin dediyinə görə isə, yeni yaranan ştammlara qarşı yalnız vaksinasiya ilə mübarizə aparmaq olar. Amma infeksionist onu da vurğulayır ki, ölkədə üçüncü doza vaksinlə bağlı azalma müşahidə olunur: “İnsanlar əgər xəstəlik keçirməyiblərsə, üçüncü doza vaksini vurdurmalıdırlar. “Sinovac” vaksini vurduranlar 6 ay gözləmədən, 4-cü ayda vurdursunlar. Əks halda, virusu daha ağır keçirəcəklər”.
“Xaricdən gələn şəxslər mütləq analiz olunmalıdır. İmkan daxilində virusun genotipi də müəyyən olunmalıdır ki, “omikron”dur, “delta”dır, ya başqası. Həmçinin ölkəyə yeni gələnlərin 2 həftə karantində saxlanılması yaxşı olar”, - deyə infeksionist qeyd edib.
Bunu da oxu: “Zaqatalada xəstəxana bazar kimi işləyir”
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayevin sözlərinə görə, Azərbaycanda hələ koronavirusun "Omikron" ştamı aşkarlanmayıb.
Bununla belə, ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr “Omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər.
Açıq mənbələrdən götürülüb
182 ölkə arasında 121-ci – Azərbaycanda internetin sürəti niyə zəifdir?
Açıq mənbələrdən götürülüb