Sosial

Azərbaycanlılarla ermənilər birgə yaşaya bilərmi? – Dövlət proqramı hazırlanır

Vüsalə Mikayıl
14 Oktyabr, 2021
1063

Açıq mənbələrdən götürülüb

“Azərbaycanlılarla ermənilərin birgə yaşayışından danışmaq çətindir. Çünki müharibənin başa çatmasından heç bir il də ötməyib, hər iki tərəfdən ciddi itkilər və bir-birinə qarşı nifrət hissi var. Yəni birdən-birə sülhü təmin etmək çox çətin prosesdir. Amma birgə yaşayışı mümkünsüz də saymaq olmaz. Uzun illər bir-biri ilə müharibə aparmış elə xalqlar var ki, indi normal qonşuluq münasibətləri saxlayırlar. Bunun üçün hökumətlər və xalqlar səviyyəsində tədricən buzlar əriməlidir”.

Siyasi şərhçi Anar Məmmədli  azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün prezident İlham Əliyev tərəfindən imzalanması gözlənilən dövlət proqramını şərh edərkən deyib.

“Azadlıq Radiosu”na müsahibəsində Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, deputat Zahid Oruc deyib ki, 10 noyabr Atəşkəs Bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənilən dövlət proqramı da həmin bəyanat əsasında hazırlanıb. Deputat müsahibəsində layihənin iki xalqın birgə yaşayışını, ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsini və inteqrasiya məsələlərini nəzərdə tutduğunu deyib.

Zahid Oruc - Açıq mənbələrdən götürülüb

Siyasi şərhçi Şahin Cəfərli bunu düzgün addım hesab edir və Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin hazırda Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalan hissəsinin Azərbaycan dövlətinə re-inteqrasiyasını təmin etmək olduğunu deyir: “Yəni həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir. Bunun da yolu yerli erməni əhali ilə əlaqələrin qurulmasından, onların Azərbaycan vətəndaşlığını qəbul etməsindən və beləcə, tədricən Azərbaycan cəmiyyətinə inteqrasiyasından keçir. Bununla bağlı qanun layihəsi hazırlanacaqsa, bu istiqamətdə taktiki addımlar atılacaqsa, bu düzgün siyasət olacaq”.

Tərəflər həqiqətən sülh istəyir?

A.Məmmədli deyir ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına iki müstəvidə - hökumətlər arasında münasibətlərin yaxşılaşması və xalqlar arasında münasibətlərin yaxşılaşması fonunda baxmaq lazımdır. Siyasi şərhçinin fikrincə, hökumətlərin öz xalqlarını sülhə hazırlaması üçün ritorikalarına daha ehtiyatla yanaşmalarına ehtiyac var.

“Konkret olaraq, İlham Əliyevin bəzi çıxışlarına gəldikdə, onları ərazi iddiaları kimi başa düşmək olardı və bəzi analitiklər tərəfindən də belə yozulmuşdu. Bu ritorika gündəmə oturarsa, təbii ki, sülh prosesi də yubanacaq. Fikrimcə, hazırda Azərbaycan sülhün təbliğində daha üstün mövqeyə malikdir. Yəni Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibi olaraq siyasi üstünlüyündən istifadə etməli və sülhün əsas təşəbbüskarı olmalıdır”.

Anar Məmmədli - VOA

A.Məmmədlinin qənaətincə, hazırda Qarabağın erməni icmasının təhlükəsizliyi ilə bağlı məsələ müzakirə predmetidir. Eyni zamanda, o, bu icmanın seperatçı iddialarının olmasından da danışır. “Bu iki məsələ ətrafında müzakirə aparan erməni diasporunu, müəyyən xarici ölkələri və ya Ermənistanın mövqeyini zaman-zaman zəiflətmək lazımdır. Bunun üçün həm seperatçı meyillər aradan qalxmalıdır, həm də Azərbaycanın tərkibində Qarabağdakı ermənilərin təhlükəsizliyi ilə bağlı qayğılar tədricən azalmalıdır”, - deyə o əlavə edib.

Xalqlar sülhə və birgəyaşayışa  hazırdırmı?

Ekspertlər bildirir ki, xalqların bundan sonra birgəyaşayışının mümkün olub-olmamasını zaman göstərəcək. Birdən-birə iki xalqın dostluq münasibətləri qurmasından danışmaq isə çətin görünür. Ş.Cəfərli deyir ki, bunun üçün qarşılıqlı etimad tədbirləri həyata keçirilməlidir:

“Kommunikasiyalar qurulmalı, Qarabağ daxilində bütün yollar açılmalı, ermənilərdə azərbaycanlılara qarşı olan qorxuları aradan qaldırmaq lazımdır. Bu tədbirlərdən sonra qarşılıqlı etimad yarana bilər. Qarabağ erməniləri ilə bizlərin birgəyaşayışını yaxın gələcəkdə mümkün hesab edirəm”.

Sülhquruculuğu işlərini kimlər həyata keçirməlidir?

Moskva və bütün Rusiyanın patriarxı Kirill oktyabrın 12-də əvvəlcə ermənilərin katolikosu II Qareginlə, daha sonra isə şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Oktyabrın 13-də isə üçtərəfli görüş baş tutub. Görüş zamanı Qarabağ münaqişəsinə də toxunulub. “Hərbi münaqişənin həllindən söz düşəndə siyasi faktor mövcuddur və bu faktor dominantlıq edəndə danışıqlar çətinləşir. Bəzən bizə özümüzün dini nöqteyi-nəzərimizdən insanların dil tapa bilməməsi anlaşılmaz görünür. Onlar siyasi maraqlara görə razılaşa bilmirlər”, - patriarx Kirill söyləyib.

Şahin Cəfərli deyir ki, dini xadimlərin sülhquruculuğunda rolu ola bilər. “Azərbaycan cəmiyyətinə dinin təsiri o qədər də böyük olmasa da, Ermənistan cəmiyyətində kilsənin rolu çox böyükdür.  Ermənilər tərəfdən dinin sülh quruculuğunda payı ola bilər. Azərbaycanda da müəyyən təbəqələr arasında nüfuzu olan orta səviyyəli din xadimləri var”, - o əlavə edir.

Şahin Cəfərli - Sosial Media

Anar Məmmədli isə hesab edir ki, dini liderlərin görüşləri imitasiya xarakterli olmamalı, real məqsədlərə əsaslanmalıdır. O, hər iki dini liderin ölkəsinə qayıtdıqdan sonra sülhün müdafiəçiləri kimi açıqlamalar verməsini də vacib hesab edir: “ Amma mənə elə gəlir ki, cəmiyyətin bütün sosial qrupları arasında təmasların gücləndirilməsinə ehtiyac var. Vətəndaş cəmiyyəti qrupları, siyasi partiyalar, jurnalistlər, hətta diasporalar arasında münasibətlər sağlamlaşdırılmalıdır”.

Siyasi şərhçinin qənaətincə, sülh quruculuğunun məsuliyyəti əsas etibarilə hökumətlərin üzərinə düşür. Bunun üçün hökumətdə, parlamentdə və müxtəlif hakim orqanlarda təmsil olunan şəxslərdə, dövlətin nəzarətində olan media orqanlarında yayğın olan etnik nifrət yığışdırılmalı, sərt nifaq yaradan həssas mövzulara toxunulmamalıdır: “Buna hər iki tərəf əməl etməlidir. Hər iki xalq arasında mübahisə doğuran tarixi və mədəni irs ilə bağlı məsələlər var ki, bunlar akademik səviyyədə müzakirə olunmalıdır. Belə məsələləri indidən həll etmək lazımdır ki, bir neçə ildən sonra yenidən gündəmə gətirilməsin”.

Şuşa - Açıq mənbələrdən götürülüb

Şahin Cəfərli də əsas məsuliyyətin dövlətin üzərinə düşdüyünü vurğulayır və bunu belə izah edir: “Məlumdur ki, bizdə bütün məsələləri dövlət və dövlət gücünü təmsil edən hökumət təyin edir. Hökumət cəmiyyətə hansı yolu göstərsə, cəmiyyət həmin yolla gedəcək. Ona görə də burada əsas həlledici rol hakimiyyət strukturlarının üzərinə düşür”.

Son olaraq, A.Məmmədli Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Qarabağdan kənar yerlərdəki yaşayış ehtimallarına da toxunur. Ekspertə görə, hazırda Qarabağda birgəyaşayış ən optimal variantdır:

“Yəni mən azərbaycanlıların Ermənistana qayıdacağını, ermənilərin isə Qarabağdan kənar Azərbaycanın digər ərazilərində yaşayacağı perspektivini görmürəm. Çünki hətta indi işğaldan azad edilmiş bölgələrə məcburi köçkünlərin geri qayıdacağını iddia etmək çətindir. Qarabağda hazırda ermənilər yaşayır və orda azərbaycanlılar da yaşayıblar. İstər Xocavənd, Ağdərə, Xankəndi, Əsgəranda da azərbaycanlılar yaşayıb. Şuşada və Hadrutda eyni ilə ermənilər yaşayıb”.

O, burada iki icma arasında birgəyaşayışın təmin olunmasını vacib hesab edir və bunun üçün ilk növbədə etimadın yaradılmalı olduğunu vurğulayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Nərmin işində təqsirləndirilən şəxs: “O qədər işgəncə vermişdilər ki, ayaqqabı geyinə bilmirdim”

Leyli Cəfərova
23 Noyabr 2022

Toplum.TV

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında İlkin Süleymanovun istintaq ifadəsinin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilmişdi.  Bu, 2020-ci ilin yanvarında İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə (evin yaxınlığında) keçirilib.  Bu gün - noyabrın 23-də keçirilən məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanması prosesi ilə bağlı prokurorun və vəkillərin suallarını cavablandırıb. Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar.  İlkin Süleymanov deyib ki, aparılmamışdan əvvəl polis rəisinin müavini Şahlar Cəfərov onu hədələyib və fiziki işgəncəyə...
Sosial

Bakıda "saxta qazi"nin saxlanıldığı bildirilir

23 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

"Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb". Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 23-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti  məlumat yayıb.  https://toplum.tv/multimedia/gece-saatlarinda-qaziler-din-onunde-etiraz-etdi Bildirilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Həmçinin qeyd olunub ki, ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo