Sosial

AzTV-də “öpüşmək” və “namaz” qadağası?

Vüsalə Mikayıl
23 İyun, 2022
357

Açıq mənbələrdən götürülüb

“İrfani mövzuda veriliş çəkən kanal niyə “allah”, “namaz” sözlərinə qadağa qoysun?

Şair Eminquey Akif “Facebook” səhifəsində Azərbaycan Radiosunun verilişində qonaq olarkən senzuraya məruz qaldığını yazıb. Söhbət radionun efirə canlı getməyən “30 sual, 30 cavab” verilişindən gedir. Şairin sözlərinə görə, verilişdə səsləndirdiyi şeirdə “allah”, “Quran”, “sevişmək”, “öpüşmək” sözlərinin efirə uyğun olmadığını bildiriblər.

Eminquey Akif hadisənin necə baş verdiyini Toplum TV-yə danışıb. O söyləyir ki, radiodan təklif gələndə format barədə məlumat veriblər, verilişdə 30 suala 30 cavab səsləndiriləcəyini deyiblər.

“Düşündüm ki, burda senzuralıq bir vəziyyət yoxdur, siyasi söhbət olası deyil. Bunlara mən şair kimi maraqlıyam və sualları da həmin kontekstdə olacaq. Həm də biz müasir yazarları xüsusi hadisə olmasa, uğur qazanmasan - bir neçəsini çıxmaqla - televiziyalara çağırmırlar. Getdim. Suallardan sonra iş şeir söyləmək qisminə gələndə mənə şeirlərimdə “efir üçün uyğun olmayan ifadələr” olduğunu dedilər. Mənim bir neçə şeirimi də əvvəldən özləri seçmişdilər. Məndən də əlavə şeir istəyəndə oxudum. Efirə yararlı olmadığını söylədilər”.

““Allah”, “namaz” sözlərini başqa kontekstdə eşitmək istəmirlər”

Şair hələ də həmin sözləri dövlət radiosunun hansı niyyətlə qadağan etdiyini bilmir.

“Burda təkcə “sevişmək” söhbəti deyildi, “allah”, “Quran”, “namaz” məsələsi də var idi. Mən “Facebook” postu yazandan sonra oturub fikirləşdim ki, ola bilər bunlar həmin sözləri başqa formalarda və ya kontekstlərdə eşitmək istəmirlər. Ola bilsin o niyyətlə qadağa qoyublar. Görünürü, o mövzulara toxunulmaz baxırlar. AzTV-də “Məclisi-üns” deyilən veriliş var, orda çox rahatlıqla irfani şeirlər oxuyub, bu kimi mövzularda söhbətlər edirlər. Bu mövzuda veriliş çəkən kanal niyə “allah”, “namaz” sözlərinə qadağa qoysun?

“Ora daxil olan kimi hiss edirsən ki, başqa bir dünyaya düşmüsən”

E.Akifin fikrincə, “sevişmək”, “öpüşmək” sözlərinə qadağa tətbiq etmək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin standartıdır.

Onun sözlərinə görə, hətta AzTV-də filmin dublyajında belə bu sözlərdən istifadə edilmir: “Əgər tapsalar, başqa sözlərlə əvəzləyirlər. Bu sovetlərdən qalma təfəkkürdür. Ümumiyyətlə, AzTV-də hələ də sovet ab-havası dönür. Ora daxil olan kimi hiss edirsən ki, başqa bir dünyaya düşmüsən. Bəlkə də orda hələ də elə bilirlər ki, 70-ci illərdir”.

Şair onunla pis rəftar olunmadığını da desə də, qonağa qarşı diqqətsizlikdən də narazılıq edir.

“Sadəcə olaraq, qonaq kanala gəlirsə, ona kimsə yol göstərməlidir. Mən getmişəm soraqlaşa-soraqlaşa radionun binasını tapmışam. Axırda bir qadın məni gəlib apardı. Yuxarıya qalxdıq, sonra aşağıya düşürdülər. Yenidən başqa bir yerə apardılar. Studiyanı tapanda dedilər ki, doludur. Beş-on dəqiqədən sonra, axır ki bir verilişi ərsəyə gətirdilər”.

Eminquey Akif - sosial media

E.Akif deyir ki, ora dəyişiklik görmək niyyəti ilə gedib.

“Hamı ümidlə yaşayır axı. AzTV mənim kimi gənc şairi efirə dəvət edirsə, ümidlənirəm ki, nəsə irəliləyiş var. Bu vaxta kimi təklif gəlməmişdi. O ümid və gözlənti ilə gedirsən və tamam başqa mənzərə görürsən. Bunun bəlli səbəbləri var. Bu rəhbərlik səviyyəsində olan məsələdir. AzTV-nin siyasəti budur”,- şair müşahidələrini bölüşür.

AzTV: “Ya Akif bəy düzgün başa düşməyib ya da bilmirəm niyə elə şey yazıb”

Nərgiz Rəfiyeva -AzTV

AzTv-nin Sosial media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nərgiz Rəfiyeva isə Toplum TV-yə danışarkən iddiaları təkzib edib.

“Elə bir hal baş verməyib. Ola da bilməz. Ya Akif bəy düzgün başa düşməyib, ya da bilmirəm niyə elə bir şey yazıb? Dəvət etmişik gəlib. Düşünüb ki, bu şəkildə təəssüratlarını yaza bilər. Yazıb, çox yaxşı. Bir söz deyə bilmərik. Amma doğrunu əks etdirmir. Çünki bizim radiodan danışırıqsa efirdə təkcə Ramazan vaxtları hər gün veriliş olub. Akif bəyə inanmaq istəyənlər yetər ki radiomuzu dinləsinlər”.

Şöbə rəisi “sevişmək”, “öpüşmək” sözünə qadağa ilə bağlı bunu deyir: “Onun yazdıqları qarşısında təkcə bu fakt yetər. Postda nümunə gətirdiyi şeir parçasında “sevişmək” yox, “sevmək” ifadəsi var, səhv etmirəmsə”.

“Redaktorlar qərar verəcək”

Toplum TV yazını hazırladığı müddətdə veriliş efirə getməmişdi. Eminquey Akifin iştirakı ilə “30 sual, 30 cavab” verilişi yayımlanacaqmı? N.Rəfiyeva verilişin efirə gedib-getməyəciyinə redaktorların qərar verdiyini söyləyir.

Sosial

Koronavirusdan ölüm faktı qeydə alınıb

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 5-də verilən məlumata görə, nəticələri pozitiv çıxan 1 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 793 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 465 nəfər müalicə olunaraq sağalıb, hazırda 254 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 403, bu günə qədər isə ümumilikdə 6 974 930 test icra olunub.
Sosial

Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?

Günel Manaflı
5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Qax rayonunun Tasmalı kənd sakini Məmmədova Gülpəri maddi vəziyyətinin çox ağır olduğunu deyir. 10 ildir ailə həyatı quran G. Məmmədovanın həyat yoldaşı heç yerdə işləmir. Dolanışıqlarını yoldaşının ot satmaqla, odun doğramaqla və mal-qara otarmaqla qazandığı az vəsaitlə təmin edirlər. Biri əkiz olmaqla 4 və 6  yaşlarında üç körpə övladının olduğunu deyən G. Məmmədova sosial yardım almaq üçün aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab almayıb: “Evimizi zəlzələ olan zaman dövlət tikib. Vəziyyətimizin çətinliyi və sosial yardım almaq istəyimizlə bağlı 1 il yarım əvvəl prezidentə məktub yazdıq. Prezident Administrasiyasından Qax rayon İcra Hakimiyyətinə məktub göndərildi ki, bizim işimizə baxılsın. İcra Hakimiyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo