Açıq mənbələrdən götürülüb
“İrfani mövzuda veriliş çəkən kanal niyə “allah”, “namaz” sözlərinə qadağa qoysun?
Şair Eminquey Akif “Facebook” səhifəsində Azərbaycan Radiosunun verilişində qonaq olarkən senzuraya məruz qaldığını yazıb. Söhbət radionun efirə canlı getməyən “30 sual, 30 cavab” verilişindən gedir. Şairin sözlərinə görə, verilişdə səsləndirdiyi şeirdə “allah”, “Quran”, “sevişmək”, “öpüşmək” sözlərinin efirə uyğun olmadığını bildiriblər.
Eminquey Akif hadisənin necə baş verdiyini Toplum TV-yə danışıb. O söyləyir ki, radiodan təklif gələndə format barədə məlumat veriblər, verilişdə 30 suala 30 cavab səsləndiriləcəyini deyiblər.
“Düşündüm ki, burda senzuralıq bir vəziyyət yoxdur, siyasi söhbət olası deyil. Bunlara mən şair kimi maraqlıyam və sualları da həmin kontekstdə olacaq. Həm də biz müasir yazarları xüsusi hadisə olmasa, uğur qazanmasan - bir neçəsini çıxmaqla - televiziyalara çağırmırlar. Getdim. Suallardan sonra iş şeir söyləmək qisminə gələndə mənə şeirlərimdə “efir üçün uyğun olmayan ifadələr” olduğunu dedilər. Mənim bir neçə şeirimi də əvvəldən özləri seçmişdilər. Məndən də əlavə şeir istəyəndə oxudum. Efirə yararlı olmadığını söylədilər”.
““Allah”, “namaz” sözlərini başqa kontekstdə eşitmək istəmirlər”
Şair hələ də həmin sözləri dövlət radiosunun hansı niyyətlə qadağan etdiyini bilmir.
“Burda təkcə “sevişmək” söhbəti deyildi, “allah”, “Quran”, “namaz” məsələsi də var idi. Mən “Facebook” postu yazandan sonra oturub fikirləşdim ki, ola bilər bunlar həmin sözləri başqa formalarda və ya kontekstlərdə eşitmək istəmirlər. Ola bilsin o niyyətlə qadağa qoyublar. Görünürü, o mövzulara toxunulmaz baxırlar. AzTV-də “Məclisi-üns” deyilən veriliş var, orda çox rahatlıqla irfani şeirlər oxuyub, bu kimi mövzularda söhbətlər edirlər. Bu mövzuda veriliş çəkən kanal niyə “allah”, “namaz” sözlərinə qadağa qoysun?
“Ora daxil olan kimi hiss edirsən ki, başqa bir dünyaya düşmüsən”
E.Akifin fikrincə, “sevişmək”, “öpüşmək” sözlərinə qadağa tətbiq etmək “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin standartıdır.
Onun sözlərinə görə, hətta AzTV-də filmin dublyajında belə bu sözlərdən istifadə edilmir: “Əgər tapsalar, başqa sözlərlə əvəzləyirlər. Bu sovetlərdən qalma təfəkkürdür. Ümumiyyətlə, AzTV-də hələ də sovet ab-havası dönür. Ora daxil olan kimi hiss edirsən ki, başqa bir dünyaya düşmüsən. Bəlkə də orda hələ də elə bilirlər ki, 70-ci illərdir”.
Şair onunla pis rəftar olunmadığını da desə də, qonağa qarşı diqqətsizlikdən də narazılıq edir.
“Sadəcə olaraq, qonaq kanala gəlirsə, ona kimsə yol göstərməlidir. Mən getmişəm soraqlaşa-soraqlaşa radionun binasını tapmışam. Axırda bir qadın məni gəlib apardı. Yuxarıya qalxdıq, sonra aşağıya düşürdülər. Yenidən başqa bir yerə apardılar. Studiyanı tapanda dedilər ki, doludur. Beş-on dəqiqədən sonra, axır ki bir verilişi ərsəyə gətirdilər”.
E.Akif deyir ki, ora dəyişiklik görmək niyyəti ilə gedib.
“Hamı ümidlə yaşayır axı. AzTV mənim kimi gənc şairi efirə dəvət edirsə, ümidlənirəm ki, nəsə irəliləyiş var. Bu vaxta kimi təklif gəlməmişdi. O ümid və gözlənti ilə gedirsən və tamam başqa mənzərə görürsən. Bunun bəlli səbəbləri var. Bu rəhbərlik səviyyəsində olan məsələdir. AzTV-nin siyasəti budur”,- şair müşahidələrini bölüşür.
AzTV: “Ya Akif bəy düzgün başa düşməyib ya da bilmirəm niyə elə şey yazıb”
AzTv-nin Sosial media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nərgiz Rəfiyeva isə Toplum TV-yə danışarkən iddiaları təkzib edib.
“Elə bir hal baş verməyib. Ola da bilməz. Ya Akif bəy düzgün başa düşməyib, ya da bilmirəm niyə elə bir şey yazıb? Dəvət etmişik gəlib. Düşünüb ki, bu şəkildə təəssüratlarını yaza bilər. Yazıb, çox yaxşı. Bir söz deyə bilmərik. Amma doğrunu əks etdirmir. Çünki bizim radiodan danışırıqsa efirdə təkcə Ramazan vaxtları hər gün veriliş olub. Akif bəyə inanmaq istəyənlər yetər ki radiomuzu dinləsinlər”.
Şöbə rəisi “sevişmək”, “öpüşmək” sözünə qadağa ilə bağlı bunu deyir: “Onun yazdıqları qarşısında təkcə bu fakt yetər. Postda nümunə gətirdiyi şeir parçasında “sevişmək” yox, “sevmək” ifadəsi var, səhv etmirəmsə”.
“Redaktorlar qərar verəcək”
Toplum TV yazını hazırladığı müddətdə veriliş efirə getməmişdi. Eminquey Akifin iştirakı ilə “30 sual, 30 cavab” verilişi yayımlanacaqmı? N.Rəfiyeva verilişin efirə gedib-getməyəciyinə redaktorların qərar verdiyini söyləyir.
Açıq mənbələrdən götürülüb
Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Rasim Balayev AKİ-yə sədr seçildi
Bakıda sorğu: "Azərbaycanda uşaqlar xoşbəxtdirmi?"