Bahardan əsər-əlamət olmayan Bahar qəsəbəsi - "İtlər də bir yandan camaata hücum edir”
Toplum Tv
Bahar fəslinin ortası olsa da, Bahar qəsəbəsində yazdan əsər-əlamət yoxdur. Hər yan bom-bozdur. Güclü külək qəsəbənin çala-çuxur yollarındakı tozu insanın nəfəsinə doldurur.
Sakinlər danışırlar ki, öz imkanları hesabına yollara əl gəzdirməyə çalışsalar da, bütün küçələri düzəltdirmək mümkün olmayıb, bəzi yerlərdə yol elə kələ-kötür qalıb.
“Qaranlıqda itlər də bir yandan camaata hücum edir”
Bahar sakinlərinin sözlərinə görə, daha bir problem küçələrin işıqlandırılmamasıdır. Qəsəbə sakini Nailə Hüseynova deyir ki, yollarda işıq yoxdur deyə axşam evə yıxıla-yıxıla gedib çıxırlar.
“Qaranlıqda itlər də bir yandan camaata hücum edir. Qorxudan nə qədər adam xəstəlik tapıb. Hamilələr, uşaqlar, qocalar nə etsin o yollardan keçəndə?”
İlqar Hüseynov da sahibsiz itlərin əlindən təngə gəlmələrindən, onların dəfələrlə uşaqlara hücum etməsindən danışır.
İtlərin hücumuna məruz qalanlardan biri də Əsmər Bəylərovadır.
Anası Lətifə Ağakişiyevanın sözlərinə görə, hadisə 2 ay əvvəl, Əsmər marketdən çörək alıb qayıdanda baş verib, it onu bir neçə yerdən dişləyib. O, 40 günlük müalicədən sonra sağala bilib.
Lətifə Ağakişiyeva deyir ki, itlər təkcə qızına yox, qəsəbədə çoxuna xəsarət yetirib.
Yaxın zamanlarda 55 yaşlı kişinin də it ayağından dişlədiyi üçün axsayırmış.
Onun sözlərinə görə, sahibsiz itlər toyuq-cücəyə də hücum edir.
“Dəfələrlə olub ki, gecə gəlib toyuq-cücəni parçalayıb aparıblar. İtlər toyuğu az qala göydə tutub parçalayır. İnsana da, heyvana da eyni cür hücum çəkirlər”.
Lətifə Ağakişiyeva son hadisədən sonra aidiyyatı qurumlara müraciət etdiklərini, ondan sonra hücumların bir qədər azaldığını söyləsə də, təhlükənin qaldığını bildirir. O, çox qorxduqlarını, it görəndə tək çarəni arxalarına baxmadan qaçmaqda gördüklərini deyir.
“Bu yerlərin yiyəsi yoxdur, ona görə bura it də gələr, qurd da”, -sakinlərdən biri deyir.
“Toplan” Sahibsiz itlərə qayğı mərkəzindən “Toplum TV”-yə bildirilir ki, əməkdaşlar qəsəbədə dəfələrlə reydlər keçirib və aşkar edilən sahibsiz küçə itləri tutulub.
“Mütəmadi olaraq da qəsəbə daxili küçələrə baxış keçirilir. Yenidən şikayətlər olduğu halda əməkdaşlar məsələ ilə maraqlanacaq”, - mərkəz əməkdaşı əlavə edir.
Kanalizasiya xətti yaxınlıqdan keçsə də…
Qəsəbənin problemlərindən biri də kanalizasiya sisteminin olmamasıdır.
Buna görə də qəsəbənin ta girişindən üfunət iyi hiss olunur. Yol boyu hər evin qarşısında üstü taxta ilə örtülmüş kiçik kanalizasiya quyularına rast gəlmək olur.
Qəsəbə sakini Mustafa Abbasov deyir ki, camaat kanalizasiya sularını quyu qazdırıb ora axıdır.
“Ayın axırında da 30-40 manat veririk ki, maşınlar gəlib onu çəkib aparsın… Bir neçə dəfə fərqli qurumlardan gəlib baxıb, camaatla söhbət ediblər. Bir-iki görünən yerdə işlər görüldü, amma əsas yerlər yenə qaldı”.
“Qəsəbənin yaxınlığından böyük kanalizasiya xətti keçir. Amma bizim o kanalizasiya xəttinə qoşulmağımıza icazə yoxdur”, - bunu da sakinlərdən biri söyləyir.
İlqar kişinin söylədiyinə görə, bir müddət əvvəl rəsmi qurumlar bu əraziyə kanalizasiya xəttinin çəkilməsinin planda olduğu haqda məlumat veriblər. Amma həmin vaxtdan sonra nə gələn, nə də gedən olub.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən “Toplum TV”-yə verilən məlumata görə, Abşeron yarımadasının kanalizasiya sistemlərinin baş planında infrastrukturun yaradılması nəzərdə tutulur. Amma ASC-dən layihənin nə vaxt icra olunacağı haqqında konkret məlumat verilmir.
Qəsəbədə poliklinika yoxdur, məktəb də…
Qəsəbədə poliklinikanın olmaması bir yana, başın ağrıyanda dərman almağa balaca bir aptek də yoxdur.
“Kimsə şəhərə çıxanda yalvarırıq ki, bizim üçün də filan şeyi alsın”, - sakinlərdən biri deyir.
Baharın illərdir həll olunmayan digər problemi yaxın ərazidə məktəbin olmamasıdır. Qəsəbə camaatı uşaqlarını ya Hövsan, ya da Suraxanıdakı məktəblərdən birinə aparırlar.
Övladlarını məktəbdən götürmək üçün dayanacaqda avtobus gözləyən valideynlərin sözlərinə görə, yol uzaq olduğundan uşaqları məktəbə özləri aparıb-gətirirlər.
“İllərdir pulumuz yollarda qalıb. Bu qədər geniş, boş ərazidə bir məktəb tikən yoxdur”.
Onlar qışda xərclərinin ikiqat olduğunu, Baharın palçıqlı yollarının uşaqların ayaqqablarını tez sıradan çıxardığını, bəzən də vaxtında məktəbə çatmaq üçün taksiylə getdiklərini söyləyirlər.
Sadalananlarla bağlı nə Suraxanı rayon İcra Hakimiyyətindən, nə də qəsəbənin bələdiyyəsi ilə danışmaq mümkün olur.
Baharda problemlərsə bitmək bilmir. Bəlkə buna görə də yol boyu hər on evdən birinin qapısına ya “satılır” elanı yazılıb, ya da böyük qıfıl vurulub. Sakinlərdən bunun səbəbini soruşanda deyirlər ki, Baharda yaşamaq hər oğulun işi deyil.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”