AzərTac
2021-ci ilin 10-18 sentyabr tarixlərində XVI Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən sentyabrın 9-da verilən məlumata görə, iki illik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı şəhidlərin xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.
Məlumatda deyilir:
"Bu il Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.
Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, 18 sentyabrda qala konsert isə “Shahdag Night Club”da keçiriləcək.
Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.
Bakı Caz Festivalı ənənəvi olaraq uzun illərdir keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən caz ifaçıları yarışmasına xüsusi diqqət yetirir. Builki festival çərçivəsində də gənc istedadlar üçün müsabiqə təşkil olunacaq.
Sentyabrın 10-da festival çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.
11 və 12 sentyabr tarixlərində “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.
Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.
Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi".
REUTERS
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”