Sosial

Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”

Vüsalə Mikayıl
27 Aprel, 2022
2783

Toplum Tv

Axşam saatlarında “Əhmədli” metrostansiyasından çıxanlar boş uşaq arabası ilə rastlaşırlar. Onun sahibi 9 aylıq Hüseyndir, hər axşam anası körpə qucağında pilləkənlərdə oturub dilənir.

“Əhmədli”-nin qarşısında uşaqlar üçün şar, gül, nübarlıq meyvə, şirniyyat, əl işlərini satanların səsi bir-birinə qarışıb. Bu, Bakının soyuq, qaranlıq gecələrindən yalnız birinin mənzərəsidir...

Toplum Tv

“Əhmədli”-nin “Bakı” kinotetarına tərəf çıxışı adətən daha qələbəlik olur. Burada küçə satıcılarını, dilənçiləri, son vaxtlar artan lotereya piştaxtalarını, taksi şoferlərini görmək olar. Bu sıxlıqda səhərdən axşamın gec saatlarına qədər evə çörək pulu aparmaq uğrunda yarış gedir.

Bir az mərhəmət, bir az minnət dilənənlər

- Bayaq sənə demədim burada dilənmək olmaz?

Polisin iradından sonra cavan qadın körpəsi qucağında köşkün yanındakı uşaq arabasına tərəf gedir. Az keçmir yenidən yerinə qayıdır.

22 yaşlı Nuray hər axşam saat 5-dən sonra 9 aylıq oğlu Hüseyni də götürüb metrostansiyanın qarşısına dilənməyə gəlir. Əhmədli sakinlərinin qəpik-quruşunu, bir az mərhəmətini, bəlkə də daha çox minnətini dilənir.

Toplum Tv

Müsahibə təklifimi əvvəl qəbul etmək istəməsə də, sonra danışmağa razı sala bilirəm. O deyir ki, bura gələndə 4 yaşlı qızı Zeynəbi ev sahibinin yanında qoyur. Bunu əlacsızlıqdan, imkansızlıqdan etdiyini söyləyir.

“Saat 5-ə qədər gündəlik işlərə gedirəm. Suraxanıda ayı 150 manata kirayədə qalıram. Ev haqqı, uşaqların yeməyini çatdırmaq üçün pul lazımdır. Hüseynin yeməyi 10 manatdır, 2 gün çatır. Gündəlik işlər həmişə olmur deyə dilənməyə məcburam”.

“Heyif sənin gözəliyindən”

Nuraydan ailəsi haqqında soruşuram. Əvvəlcə anasının ruhi xəstə qardaşına qulluq etdiyini, ona və uşaqlarına baxmağa imkanı olmadığını bildirir. Sonra ailəsi ilə əlaqəsinin kəsildiyini deyir.

Nurayın hekayəsinin fərqli bir yanı da yoxdur. 17 yaşında qoşulub qaçdığını, oğluna 5 aylıq hamilə olarkən 1 uşaqla tərk edildiyini söyləyir. Bütün bunları birnəfəsə danışdığından əzbərlənmiş təəssüratı yaradır.

Nuray yazıb oxuya da bilmir: “Ha deyirəm ki öyrənim, bacarmıram...”

-Heyif sənin gözəlliyindən, qızım.

Bunu dilənçinin ovcuna qəpik sıxışdıran orta yaşlı qadın deyir. Nuray qara çadrasıyla bədbin, üzü solğun görünsə də, gözəldir.

“Məni qınayırlar ki...”

Nurayla söhbət etdiyim müddətdə bəzilərinin gənc qadını qınayıcı baxışlarla süzdüyünü də müşahidə edirəm. Yaxınlaşıb ona bunu çəkinmədən deyənlər də tapılır.

“Bəziləri qınayır ki, niyə soyuqda körpə uşaqla burada oturmuşam? Mərhəmət göstərənlər də var. Hərdən olur ki, Hüseyni gəlib oynadırlar. Həm mən Hüseyn üşüyəndə bilirəm. Tez-tez əllərinə baxıram. Əgər əli isti deyilsə, evə gedirəm. Baxın, indi istidir. Özüm üçün də döşəkçə gətirib üstündə otururam”,- Nuray ayağa qalxıb döşəkçəni göstərir.

Ona pul verən də var, yemək verən də.

“Burada kafelər çoxdur. Yarımçıq qalan pizzalarını gətirib verənlər olur. Elə olanda evə aparıram. Qızım o gün “ana, ət istəyirəm” deyir. Ona imkanım çatmır, hərdən ala bilirəm. 1 kilo kartof alıram, mənə neçə gün bəs edir”.

“Əhmədli” ətrafında Nuraydan savayı körpə uşaqla dilənən bir neçə qadın görmək olar. Hətta 5-6 yaşlı uşaqların səki üzərində oturub salfet satdığına, diləndiyinə çoxları şahiddir. Əhmədli sakinləri onların çoxunun Sabunçu və Suraxanı ərzasində yaşayan qaraçılar olduğunu söyləyirlər.

Dilənçilərdən başqa burada gündəlik çörək pulunu evdə bişirdiyi şirniyyatları, əl işlərini, meyvə-tərəvəz satmaqla çıxaranlar da az deyil.

“Təqaüd kartımı işsiz oğluma vermişəm”

Səfurə Məmmədovanın 65 yaşı var. 14 il əvvəl Astaradan Bakıya çörək pulu qazanmaq üçün gəlib. Gənc yaşlarında əri vəfat edən qadın 3 övladını limon satmaqla böyütdüyünü deyir.

Ana danışır ki, böyük oğlu işsiz olduğundan təqaüd kartını ona verib: “Özüm burdan gələn qazancla dolanıram. 14 ildir ki, hər gün gəlib burada limon satıram. Uşaqlarımı limon satmaqla böyütmüşdüm, indi növbə nəvələrimə çatıb”.

Toplum Tv

Səfurə Məmmədovanın tək şikayəti son vaxtlar qazancının zəifləməsidir. Hər şey bahalaşdığı üçün güzəranlarının ağır olduğunu söyləyir: “İndi bir tikə yemək pulu qazanmaq çox çətindir. 65 yaşımda soyuq, isti bilmədən burdayam. Heç kəsə möhtac olmamaq üçün, beşindən pis yaşayanda birindən yaxşı yaşaya bilmək üçün...”

“Günə 8-10 manat da olsa, min şükür”

Getdikcə ətrafda insanlar da seyrəlir. Amma Zümrüd Əliyeva hələ evə tələsmir. 55 yaşlı qadın özü tikdiyi qazan götürəni, üzərlik və gülləri satmağa çalışır.

Toplum Tv

Onun dediyinə görə, 2 ay əvvəl ailəsi ilə Göyçaydan Bakıya köçüblər. Əri şəkər xəstəsi olduğundan ayağı amputasiya edilib, evin bütün yükü onun üzərində qalıb.

"Yoldaşımın da 55 yaşı var. İndi xəstəxanada yatır. Vaxtında müalicə edə bilmədik, xəstəlik irəlilədi, ayağını kəsdilər. 2 qızım, bir oğlum var. Qızlar 15-16 yaşlarındadır. Oğlum da 11 yaşın içindədir. Heç biri məktəbə getmir. Burada gəlib satış edirəm. Günə 8-10 manat da olsa, min şükür. Yeməyimizə çatır heç olmasa. Kirayə pulunu da bir təhər ödəyirəm”.

Z.Əliyeva əl işləri üçün Sabunçunun bit bazarından köhnə paltarlar aldığını deyir: “Ordan ucuz parça, paltar alıram. Evdə olanda tikirəm”.

“Bəlkə rayona qayıdarıq”

Satıcı qadın hava qaralmamış gələndə polisin ona mane olduğundan gileylənir: “Dünən bir az tez gəldim ki, tez satıb evə də tez qayıdım. Polis dedi ki, indi olmaz. Gedib bu soyuqda kənarda neçə saat gözləmişəm ki, hava qaralsın. Sağ olsun, yenə axşamlar qoyur”.

O övladlarının evdə tək qalmalarından narahatdır.

Toplum Tv

İndi Zümrüd Əliyevanın yeganə arzusu əri xəstəxanadan çıxdıqdan sonra pensiya sənədlərini düzəltməkdir. Onda az da olsa vəziyyətlərinin yaxşılaşacağına inanır: “Bəlkə rayona da qayıdarıq”.

Saatın əqrəbləri artıq gecə yarıya doğru irəliləyir. Bakı sakinləri uzun günün ardından bu günkü qazancları ilə kifayətlənməli olurlar. Dilənçilər yavaş-yavaş bir yerə toplaşıb getməyə hazırlaşırlar. Satıcılar piştaxtalarını yığışdırır.

Artıq müştərilərin azaldığını görən göy-göyərti satanlar malları əlində qalmasın deyə dəstəsini daha ucuz təklif edir.

Dönərxananın yorğun ustası tində dayanıb siqaret çəkir. Taksi şoferlərinin “Hövsana 1 manat” səsi artıq daha seyrək eşidilir. Gecənin son bəxtsizi də lotereyasını cırıb yerə ataraq uzaqlaşır.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Dünya Bankı: Azərbaycan su qıtlığı ilə üzləşəcək

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan qlobal miqyasda baş verən dekarbonizasiyanın təsirinə birbaşa məruz qalan ölkədir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister jurnalistlərə açıqlamasında deyib. https://toplum.tv/sosial/azerbaycanda-su-qitligi-ile-uzlesecek-olkeler-sirasindadir Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək:  “Bu xüsusən kənd təsərrüfatında öz təsirini göstərəcək. Qeyd edim ki, iqlim və inkişaf perspektivləri ilə bağlı hazırlanan hesabat həm ölkələrin inkişaf perspektivlərini təhlil edir, həm də iqlim dəyişikliyi nöqteyi-nəzərindən araşdırmalara imkan verir”. Bundan əvvəl məlum olmuşdu ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında...
Sosial

Bakı metrosunda əlil arabaları üçün texnika istifadəyə verilib

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

"Bakı Metropoliteni"ndə “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib. Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da qurum məlumat yayıb.  Bildilir ki, TEMI qurğuları əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. https://toplum.tv/sosial/pbaki-metrosunda-yenilik-qr-sistemi-tam-tetbiq-olunacaqp "Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Bu texniki vasitənin Bakı metropolitenində aparılan sınaqlar əsasında...

Seçilmiş Videolar

Toplum TV loqo