Sosial

Bakı-Gəncə qatarında qiymət artımına etiraz: "Vaqonlarda nə dəyişib ki, qiymət iki dəfə artıb?"

Məzahir Abdurahmanov
31 Mart, 2022
696

Açıq mənbələrdən götürülüb

Əvvəllər Gəncə-Bakı və Bakı-Gəncə qatarından mütəmadi istifadə edən Gəncə sakini Elnur İsmayıl qiymət artımının əsassız olduğunu hesab edir.

2020-ci ilin martında koronavirus pandemiyasına görə hərəkəti dayandırılan Bakı-Gəncə qatarının 19 martdan etibarən hərəkəti bərpa olunub.

Gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün 25 manatdan 33 manata çatdırılıb.

Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsal etdiyi KISS markalı ikimərtəbəli elektrik qatarı xidmət göstərir.

Qatarda 9 birinci klass, 62 biznes və 296 standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur.  Bakı-Gəncə qatarında qida xidməti göstərilmir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qatar gündəlik fəaliyyət göstərəcək.

Bakıdan saat 8-də yola düşən qatar Gəncəyə 11:40-da çatacaq. Həmin gün saat 18-də Gəncədən çıxacaq qatar saat 21:35-də Bakıda olacaq.

Qatar Gəncəyə 3 saat 40 dəqiqəyə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqəyə çatacaq.

Gəncə sakini Elnur İsmayıl kimi qiymət artımından narazı sərnişinlərin sayı az deyil. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi "Feysbuk" hesabında da müşahidə etmək mümkündür.

Elnur İsmayıl işlərinə və qatardan başqa nəqliyyat növlərinə fobiyası olan anasını Bakıya həkimə gətirməyə görə iki ildir marşrutun bərpasını səbrsizliklə gözləyir. O, bu haqda "Toplum TV"-yə iki ay əvvəl də danışmışdı. ( https://toplum.tv/sosial/rayonlara-demiryolu-seferleri-ne-vaxt-ise-dusecek)

“Taksiylə getmək daha sərfəlidir”

Amma indi Elnur İsmayıl qiymətlər ikiqat artdığına və əlverişsiz saat cədvəlinə görə qatardan istifadə etməyəcəyini söyləyir: "İki ilə yaxındır rayon qatarlarında reyslərin bərpa olunmasını gözləyirik. İndi də belə. Qatarda nələr dəyişib ki, qiymət iki dəfə artsın? 20 manat sərf etmir.  Həmçinin vaxt da uyğun deyil.  Mən Bakıda sənəd işlərimi hazırlamaq üçün gedirəmsə, qatar gecə çatır deyə bir gün oteldə gecələməliyəm. Səhər saat 8-də də işlərimi bitirə bilmədiyim üçün daha bir gecə də oteldə qalmalıyam. Otellərin qiyməti artmışdı, indi qatarın da qiyməti artıb. Heç cür sərf etmir. Bu qatar sadəcə Bakıdan Gəncəyə istirahətə gələnlərə sərf edə bilər".

İsmail Hacihasanov adlı şəxs ADY-nin "Feysbuk" hesabında Gəncədən Bakıya ailəvi getməyin xərcini hesablayıb. Onun hesablamalarına görə, taksiylə getmək daha əlverişlidir:

"Gəncədə dəmir yol vağzalı mərkəzdən uzaq yerləşdiyi üçün taksi ilə vağzala getmək 5-7 manat edir. Kimsə gətirsə belə benzin xərci çoxdur. Uşaqlar üçün bilet 10 manat olduğundan 2 böyük 1 uşaq üçün bilet 50 manat edəcək. “28 may”da düşüb taksi ilə evə getmək 5-10 manatdır. Ailəvi getmək üçün minimal xərc 60 manat, evi vağzaldan uzaq olanlara isə 70-80 manata başa gələcək. Bu variantda nəqliyyatdan 2 dəfə düşüb minmək lazımdır. Ancaq ailəvi getmək üçün komfortlu taksiyə 80 AZN verirsən, səndən başqa heç kimi götürmür. Taksi gəlib evdən götürür və getdiyin yerin qapısına kimi sürür. Bir dəfə oturursan, bir dəfə düşürsən. Qatarda millətin içində getməkdənsə, elə taksi ilə gedərəm".

"Yollarda qəzaların sayı artacaq"

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, QSC qiyməti artıra bilərdi, ancaq ikiqat artıma ehtiyac yox idi.

"Adiyyəti qurum qiymət artımını xərclərin çoxluğu ilə izah edir, “qiymət artımı qaçılmazdır” deyir. Ancaq mən düşünürəm ki, indiki dövrdə belə qiymət artımına gərək yox idi. İkiqat artım cəmiyyətdə normal qarşılana bilməz. Düzdür 5 il əvvəl alınan qatarla indi alınan qatarın qiymətində çox böyük fərq var. Dünyada enerji daşıyıcılarının qiyməti artdıqca bahalaşma qaçılmaz olur. Amma birdən-birə qiyməti ikiqat artırmaq düzgün deyil".

Elməddin Muradlı - Açıq mənbələrdən götürülüb

Ekspertin fikrincə, vətəndaşların qatardan və ya avtobuslardan daha çox istifadə etməsi üçün stimullaşdırıcı addımlar atılmalıdır.

“Dünyanın bir çox ölkəsində bu edilir ki, insanlar şəxsi nəqliyyat vasitələrinə, taksilərə yox, avtobuslara, qatarlara üstünlük versinlər. Biz də bunun tərafdarı idik. Düşünürdük ki, dəmiryolunun inkişafı insanları taksi ilə rayona getməkdən çəkindirəcək, mikroavtobuslarla, şəxsi minik maşınlarıyla və ya avtovağzaldan hərəkət edənlərin sayı azalacaq. Ancaq elə bir addım atdılar ki, tam əksi oldu və  bu qiymət artımı onu göstərir ki, bundan sonra insanlar dəmir yolu qatarından çox daha sərfəli qiymət təklif edən avtovağzaldan istifadəyə üstünlük verəcəklər”.

Elməddin Muradlı yaranmış durumun yaxşı hal olmadığını, qanunsuz sərnişindaşımanın artdığının, bunun nəticəsində yollarda qəzaların da çoxaldığını vurğulayır.

“Əksəriyyəti bir sutka yatmayıb sərnişin daşıyan, narkotik vasitənin təsirində olan, yəni ipə-sapa yatmayan sürücülərin göstərdiyi xidmətdir. Belə olduğu halda yollarda qəzalar artacaq", - ekspert izah edir.

QSC-dən cavab: “Beynəlxalq məsləhətçi şirkətlərin tövsiyəsi ilə qiymət artırılıb”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən “Toplum TV”-nin sorğusuna cavab olaraq bildirir ki, qurum sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır, ona gərə də qiymət artımı qaçılmazdır.

Açıq mənbələrdən götürülüb

“Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür”.

ADY-dən deyilir ki, Bakı-Gəncə qatarının hərəkətinin bərpası yolun Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub: "Bu dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb".

QSC-dən o da deyilir ki, işlər davam etdiyndən qatarların fəaliyyətində fasilələr verilə bilər.

Yaxşı xəbər odur ki, Bakı-Gəncə sürət qatarı marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər görülür. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...
Sosial

İyunda bir həftə iş olmayacaq

25 May 2023

Açıq mənbələrdən götürülüb

İyun ayında Silahlı Qüvvələr və Qurban bayramı ilə əlaqədar olaraq bir həftə iş olmayacaq. Toplum Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar çıxarıb.  Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib. https://toplum.tv/sosial/pnazirlik-taksi-sirketleri-ldquoferdi-melumatlar-haqqindardquo-qanunu-pozurp Belə ki, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. İyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib. Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26,...

Seçilmiş Videolar

Toplum TV loqo