Bakıda hinduizm məbədində bir gün - “Tanrı çox gözəl oğlandır”
Toplum TV
Bakıda hinduizm məbədi - “Krişna Süuru” cəmiyyətində bir gün
“Toplum TV”-nin əməkdaşı Bakıda yerləşən “Krişna Süuru” icmasının məbədində olub. Reportajı təqdim edirik.
Hinduizm məbədində məni qapıdaca özünü Smara Krişna Das adlandıran şəxs qarşılayır. Reportaj üçün gəldiyimi biləndə etiraz etmədən içəri dəvət edir.
Məbədin həyətində kiçik hücrə, əl işlərinin satıldığı mağaza və təmiri gedən əsas bina var.
46 yaşlı Fərhad artıq 25 ildir ki, “Krişna Süuru” təşkilatının üzvüdür. O, sənəddə yazılan rəsmi adından imtina edib, özünü Smara Krişna Das kimi təddim edir.
Əynində günəş və bakirliyin rəmzi olan narıncı geyim, iki qaşının arasından burun dəliyinə qədər uzanan müqəddəs saydıqları gillə çəkilmiş işarə var. O deyir ki, gil Hindistandan gətirilib və Krişnanın yer üzünə zühur etdiyi göldən götürülüb.
Ayaqqabılarımızı çıxarıb kiçik hücrəyə daxil oluruq. İçəridə yenicə buxur yandırıldığı hiss olunur.
Otağın yuxarı başında icmanın banisi və açaryası Svami Prabhupadanın əyləşmiş vəziyyətdə böyük bütü yerləşdirilib.
Onun da əynində narıncı rəngli geyim var, əlində isə müqəddəs ağacdan hazırlanmış təsbeh tutub.
“Tanrı çox gözəl oğlandır”
S.Krişna divarlarda müxtəlif dini obrazların əks olunduğu tablolalardan birini belə izah edir: “Tanrı çox gözəl oğlandır. O heç vaxt qocalmır. Biz ona Krişna deyirik. Ortada dayanıb, ətrafındakılar isə qobilərdir. Onlar ruhi dünyanın sakinləridir. Ora əbədi dünyadır. Biz də ordan gəlmişik, ölümdən sonra da ora qayıdacağıq. Bu dünya oranın tam əksidir. “O dünya” deyiləndə ağla real olmayan bir aləm gəlməməlidir. Ora real planet sistemidir və “Vaikuntha” adlanır. Mənası “əzabdan azad olan” deməkdir”.
O, dinin elmsiz fanatizm, ağlın uydurması olduğunu bildirir: “Elm dini sübut etməlidir, din də elmə əsaslanmalıdır”.
Smara Krişna onlara toplumun münasibətindən də danışır.
“1990-cı illərdə insanlar tolerant deyildilər. İndiki gənc nəsil bizi daha yaxşı başa düşür və onların sayəsində münasibət yaxşıya doğru dəyişir. İnsanların düşünmə tərzi inkişaf etdikcə bizi cəmiyyətdə daha asan qəbul edirlər”, -o belə deyir.
“Bizə görə, uşaq insanın belindən yox, ürəyindən gəlir”
Ayinə qədər kiçik dialoqumuz isə təxminən belə olub:
- İnsanın daxilində həmişə bir yaradılış axtarışı olur. Siz də bu dinə belə axtarış nəticəsində gəldiz?
- “Bhaqavadqita”da deyilir ki, 4 cür insan Allaha üz tutur. Birincisi, iztirab çəkənlərdir. İkincisi, var-dövlət axtaranlardır. Digər tip insanlar isə hər şeyi bilmək istəyənlərdir. Ən sonuncu isə həqiqəti axtaran insanlardır ki, onlar bu dünyanın yalan olduğunu anlayırlar.
- Siz hansı tip insanlardansınız, həqiqəti axtaranlardan?
-Yox, mən həqiqəti axtarmırdım, birinci tip insanlardan idim. Həm də bir az hər şeylə maraqlanırdım.
Müsahibim sonuncu suala cavab verərkən gülür.
Onun sözlərinə görə, “Krişna Şüuru”-na qoşulmaq istəyənlər 4 qaydaya riayət etməlidirlər.
Əvvəla ət, balıq yemədiklərini, heç bir canlını öldürmədiklərini deyir.
“Əgər bir canlıya iztirab veririksə, o bumeranq kimi özümüzə, ailəmizə qayıdır. Bihuşedici maddələrdən istifadə etmirik. Qumar oyunları oynamırıq.
Biz qanunsuz cinsi münasibətə girmirik. Ailə qurmaq, uşaq sahibi olmaq, əslində, böyük bir elmdir. Bizə görə uşaq insanın belindən yox, ürəyindən gəlir”.
Smara Krişna Das ayinlərinin keçirilməsi qaydası ilə tanış olmaq üçün ibadət otağına keçməyi təklif edir. Amma əvvəlcə xüsusi qayda ilə hazırlanmış yeməkləri götürməkdən ötrü mətbəxə gedirik.
Mətbəxdə yemək hazırlayan şəxs təamları Allaha təqdim etdikləri üçün sevgi ilə bişirdiklərindən danışır.
O, əvvəlcə siniyə rozmarinli çayı, daha sonra qaynadılmış düyü, balqabaq, yerkökü və müxtəlif tərəvəzlərdən hazırlanmış salatı qoyur.
“Ayinə görə biz yeməyi əvvəl Allaha təqdim edirik. O yeməyi paklaşdırır, sonra isə biz onu götürürük”.
Bunları deyib yeməyi sinidə Allaha təqdim edir və taxta arakəsməni önünə çəkir.
“15 dəqiqə keçdikdən sonra artıq sinini götürmək olar. Bu prasada adlanır. Krişna məhəbbətimizi və sədaqətimizi qəbul etmiş sayılır. Qidanı yeyəndə xüsusi “dadı” olur, ilahi duyğular, mərhəmət daxildə inkişaf edir”.
“Bir az dələduz biriydim”
Smara Krişna Das ruhən sakit, təmkinli insan təsiri bağışlayır. Soruşuram: “Dinə gəlməzdən əvvəl necə idiz?”
Müsahibim əvvəlcə gülür, sonra yarızarafat, yarıciddi cavab verir: “Bir az dələduz biriydim. Üzümdəki çapıqlar da bunu göstərir. İnsan biləndə ki, hardan gəlir, hara gedir, artıq sakitləşməyə başlayır”.
Növbəti ayin başladığından söhbətimizi yarımçıq kəsməli oluruq. Buxurlar yandırılır, mantralar oxunur, dualar səsləndirilir.
Ayin bitdikdən sonra S.Krişna dini yolun çətinliyini belə izah edir: “Ruhi həyata qoşulan insan özünü çox şeylərdən məhrum edir. Gecə-gündüz mantralar oxuyuruq, hər gün yuyunuruq, qidamıza fikir veririk. Bu yeni başlayanlar üçün olduqca çətindir”.
Onun dediyinə görə, bu, bir növ həyat tərzidir və çox adam bunu qəbul edə bilmir.
““Bhaqavadqitada” da Krişna deyir ki, sizə çox adamın qoşulacağını gözləməyin. Milyonlardan biri bu yola durur və o insanlardan ancaq birinin məqsədə çatmaq üçün qətiyyəti bəs edir. Asan yol deyil. Bir az da macəralıdır. Çünki axırda bilinmir ki, məqsədə çatacaqsan ya yox. Amma Krişna həm də deyir ki, əgər bu yolda bir addım belə atsan o səni təhlükələrdən qoruyacaq”.
S.Krişna danışır ki, insanın ruhu urəyində yerləşir və enerjini də ondan alır: “Ona görə “mən” deyəndə ürəyimizi göstəririk, ayağımızı və ya qulağımızı yox. Bədən maşına bənzəyir. Ruhumuz Allahın zərrəsi olduğundan keyfiyyətcə Tanrıya bənzəyir. Vedalarda ruhun ölçüləri də verilir. Bu saçın ucunun on mində bir hissəsinə bərabərdir”.
Smara Krişna deyir ki, onların məbədinin qapısı hər kəsin üzünə açıqdır. Mərkəzin məqsədinin insanlara ruh, allah haqqında elm vermək olduğunu da qeyd edir.
O xüsusi günlərdə, bayramlarda ayinlər zamanı mahnılar və rəqslər oxunduğunu, tamaşalar göstərildiyini, özəl vegeterian yeməkləri hazırladıqlarını bildirir.
Məbədin həyətində olan müxtəlif insanlarla söhbət edirəm. Xızı sakini, adını söyləməyən bir nəfər 1991-ci ildən icmanın üzvü olduğundan danışır. O da bu yolun aliliyi və eyni zamanda çətinliyini vurğulayır.
Sonda isə elə məbədin həyətində qadınların əl işləri satılan mağazaya girirəm. Burda müxtəlif bəzək əşyaları, sarilər, dini kitablar, kiçik bütlər və bəzi qida məhsulları tapmaq mümkündür. Mağazadan gələn gəlir məbədin xərclərini qarşılamq üçün xərclənir. Məbəd eyni zamanda ianələr hesabına fəaliyyət göstərir.
Məbəddən ayrılarkən müsahibəmə təşəkkür edirəm.
- Vaxt ayırdığınız üçün sağ olun, Smara Krişna Das.
- Təəccüblüdür, ilk dəfədir ki, biri adımı unutmadan tam deyir. Mən təşəkkür edirəm.
Mənsə yəqin buranın mistik havasını da uzun müddət unuda bilməyəcəm. Hə, bir də buxurun qoxusunu.
Açıq mənbələrdən götürülüb
Nazirlik rejissorlara cavab verdi - Film layihələri yenidən işləndikdən sonra istehsalata buraxılacaq
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir