Bakının tarixə düşdüyü faciəvi gün – “Mən o gün iki balamın meyitini qollarımda daşıyıb çıxardım...”
Açıq mənbələrdən götürülüb
“Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”
26 il əvvəl bu gün Bakı metropolitenində tarixin ən böyük metro qəzası baş verib.
"Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb.
“Toplum TV”-yə danışan Elxan Bayramov bu qəzada həyat yoldaşını və 2 uşağını itirib. Dediyinə görə, qaynanası onun ailəsini qaynıgilə qonaq aparırmış. Qəza da elə onlar metroda olarkən baş verib.
“Yoldaşımla uşaqları qaynanamgilə aparıb düşürdüm. Balaca oğlum Rza dedi ki, ata məni də özünlə işə apar. Mən də gülə-gülə dedim ki, sən burda qal, qoy qadınların yanında bir dənə də kişi olsun. Ondan sonra işə getdim. Elə axşama yaxın qəza xəbəri yayıldı. Bir az sonra mənə zəng gəldi ki, bizimkilər də o qatarda olub, amma, deyəsən, sağdılar”.
E. Bayramov danışır ki, xəbəri alan kimi qəza yerinə qaçıb. Hərbi geyimdə olduğu üçün ona meyitlərə baxmağa icazə veriblər.
“Ağalaya-ağlaya pilləkənləri düşdüm. Meyitlər üst-üstə yığılmışdı. Hamısına bir-bir baxdım. Yoldaşımı, uşaqlarımı tapa bilmirdim. Sevindim ki, burda yoxdularsa, demək, sağdılar. İşçilərin biri yaxınlaşdı ki, meyitlərin qalanını içəri otağa yığıblar. İçəri qaranlıq idi, kibritlə işıq sala-sala meyitləri axtarırdım. Başqa meyitə keçəndə oğlum Rzanı tapdım. Üzünü tüstüdən his basmışdı, sinəsində ayaq izləri vardı. Yanımdakılar dedi ki, boğulanlar tapdalayıb. Mən o gün iki balamın meyitini qollarımda daşıyıb çıxardım...”
Hərbçi əsgərlərinin gözü qabağında öldüyünü, müharibə dəhşətlərinin şahidi olduğunu, amma heç vaxt o günkü qədər sarsılmadığını deyir: “Mən də o gün onlarla birgə öldüm. Allah heç bir ataya bunu yaşatmasın. Əgər onlar yaşasaydı, yekə kişi olan oğlum, ali savadlı qızım, bəlkə də çoxlu nəvələrim var idi”.
“Allah hamısından razı olsun, dövlət nümayəndələri, hərbçi dostlarım məni məclisdə tək qoymadılar. Amma nə olsun? Ailəm yox idi, mən tək idim”,- E. Bayramov kövrələrək nitqini yekunlaşdırır.
Terror, yoxsa qəza?
Qəzadan sonra aparılan araşdırılmalar nəticəsində bu hadisə terror aktı kimi yox, texniki qəza kimi qiymətləndirilib. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
İstintaq araşdırmalarına görə, tələfatın böyük olmasına səbəbi də qatarı idarə edən sürücünün səhvi olub. Belə ki, "maşinist" yanğın başlayan zamanı qatarı tuneldə saxlayıb. İnsanlar təşviş içində vaqonlardan çıxaraq qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğuna görə tuneldəki insanlar havasızlıqdan, eləcə də ayaqlar altında qalaraq həlak olublar. Qatarda olanların əksəriyyəti isə zəhərli tüstüdən boğularaq ölüb.
Bu hadisə Bakı Metroploitenindəki ilk metro qəzası deyildi. Ondan bir il öncə, metronun “20 Yanvar” stansiyasında 27 nəfərin həlak olduğu terror hadisəsi baş tutmuşdu.
Parlament seçkilərinə iki həftə qalmış baş verən bu qəzanı da terror adlandıranlar oldu. Xüsusilə, qəzanın ölkədə sabitliyi pozmaq üçün siyasi oyun olduğunu düşünənlər var idi.
Lakin qəzanı araşdıran isveçli ekspertlərin fikrincə, yanğın elektrik qıvılcımlarından başlayıb. Onların dediyinə görə, bu vaqonlar elə materiallardan hazırlanır ki, alışanda zəhərli tüstü buraxır və 90 faizi yanır.
“Ölən, yaralanan o qədər idi ki…”
“Ulduz” stansiyasının o vaxtkı rəisi Şaiq Heydərov danışır ki, həmin gün olanlar heç yadından çıxmır.
“Axşam saatları idi, təxminən 5-6 olardı. 27-ci marşrut gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu. Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı. Tunelə düşdük ki, vaqonda qalan sərnişinləri çıxara bilərik. Hadisə baş verəndən sonra stansiyada heç kəs qalmamışdı. Partlayışın səsindən, yanğından hamı çıxıb qaçmışdı bayıra”.
Stansiya rəisinə yardım edən sərnişinlər arasında baş leytenant Çingiz Babayev də olub. O öz kursantı ilə birgə yanğın və partlayışlara baxmayaraq yaralıların yardımına qaçıb. Elə burdaca dünyasını dəyişən leytenanta sonradan “Milli Qəhrəman” adı verilib.
“Ölən, yaralanan o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi, özüm də zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”, - stansiya rəisi olanları belə xatırlayır.
Qəzadan sonra o vaxtkı Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 günlük matəm elan edilib. Həmçinin qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə maddi yardımın verilməsi təmin olunub.
Həmçinin hadisə "Ginnesin rekordlar kitabı"na dünyada ən böyük metro qəzası olaraq düşüb.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?