Sosial

Bayram yarmarkaları: ucuzluq, yoxsa keyfiyyətsiz məhsullar? 

Roza Məmmədova
15 Mart, 2021
1924

Toplum.TV

Kənd Təsərrüfatı Nazirliyi bu il də Bakının müxtəlif yerlərində ənənəvi bayram yarmarkaları təşkil edib. Onlardan biri də Abşerondakı “Kənddən şəhərə” yarmarkasıdır.

Adından da göründüyü kimi, burada hər cür kənd məhsul tapmaq mümkündür: qoz, fındıq, yağ, bal, pendir, meyvə-tərəvəz, şəkər və s.

Yarmarka çadırının girəcəyində isə məhsulların qiymətini göstərən lövhə vurulub. 

Toplum.TV

Çadırda alıcıdan çox satıcı var, ona görə də içəri girən kimi diqqət cəlb edirsən.

- Nə istəsən, məndə! Gəl, dadına bax, məndən al. 

Müştəri az olsa da, qanları qara deyil, hamını şirin dillə dindirirlər.

Yağsatan qadın öz məhsulunu tərifləyir: “Apar, atam. Xoşun gəlməsə, gəlib camaatın içində sözünü deyərsən”. 

Dediyinə görə, bu yağdan Bakının heç bir ərazisində tapmaq olmaz: “Dadına bax, sonra özün gəlib axtaracaqsan”.

Yağla maraqlanan başqa qadınlar kərə yağının qiymətinin marketlərdə daha baha olmasından şikayətlənirlər.

"Ankor", "Vestqold" (“Westgold”) kimi yağların 250 qramı marketlərdə 15-16 manata satılır.

Yarmarkada isə yağın 1 kq-nın qiyməti 15-20 manat arasında dəyişir. 

Piştaxtada kənd toyuqları da var. Satıcıdan qiymətini soruşuram, deyir ki, tez bişənlər 10 manatdır: "6 manata olan toyuğu isə bir az qaynatmaq lazımdır".

“Əşi, nə fərqi var, gec, yoxsa tez bişir. Tezdən qoy qaynamağa, əvvəl-axır bişəcək. 4 manat da qalsın başqa dərdə” – toyuq almaq istəyən yaşlı bir qadın belə deyir.

Satıcı qadının gülümsəyərək ona belə cavab verir: “Niyə fərqi yoxdur ki? Biri var cavan adam, biri də var yaşlı...”.

“Əvvəllər camaat əti kiloyla alırdı, indi qramla...”

Yarmarkada ət satan cəmi bir nəfər var. 1 kq quzu ətini 11-12 manata, mal ətini isə 9-10 manata deyən bərdəli dayı müştəri azlığından gileylənənir:  “Əvvəllər camaat əti kiloyla alırdı, indi qramla”.

O deyir ki, heyvanları özü bəsləyib böyüdür: “Əvvəllər gündə 3-4 heyvan kəsib satırdım. İndi birini sata biləndə, şükür edirəm. Camaatı da qınamıram. Pul yoxdursa, necə alsınlar?”

“Ət istəmirlər, ədviyyat alsınlar” - söhbətimizi dinləyən satıcı qadın belə deyir.

Piştaxtasında tənək yarpağı, ədviyyat, otlar, hətta gül toxumu da olan bu qadın ətsatan kişidən fərqli olaraq  daha nikbin görünür: “Bilirsən, bala, adam gərək şikayətlənməyə. Elə bil onda hər şeyin bərəkəti qaçır. Bu tənək yarpaqlarını özüm tuturam, satdığım otları da dağdan, meşədən yığırıq. Zəhmətli işdir, amma birtəhər də olsa, çörəyimi bundan çıxarıram”. 

Toplum.TV

Qadından kəkliotu alıb digər piştaxtaya doğru irəliləyirəm. 

Marketdə kiloqramı 2-3 manata olan almanın qiyməti burda “3 kilosu 1 manat”adır. 

Toplum.TV

- Naxçıvanda bu balı 35-dən aşağı satmırıq, ay bacı. Day gəlmisən, sənə 30-dan verərəm - balsatan müştərini dilə tutur.

- Başqa şeylər də almalıyam. Bilmirəm, ətə pulum çatacaq, ya yox. 25-dən versən, götürərəm. 

Satıcı gəlirini qaçırmamaq üçün tələsik razılaşır. 

“Adı yarmarkadır, bazardan nə fərqi var ki?”

Yarmarkada Ordubaddan gətirilmiş kompotlar, meyvə şirələri də var. Kompot 1, şirə 2 manatadır - marketlərdəkindən əz azı 50 qəpik ucuz.

Toplum.TV

Quru meyvələr fərqli qiymətlərə satılır: innabın xırdası 4, irisi 5, gavalı 4-5, iydə 5, şabalıd 6-7, ağ kişmiş 5, qara kişmiş 6 manatadır.

Çərəzlər nisbətən bahadır: bütöv qoz ləpəsi 18, xırdalanmışı 6; fındıq ləpəsi 14-16, badam 18-20 manata satılır.
:
Müqayisə üçün deyək ki, marketlərdə 1kq qoz 17,50; fındıq ləpəsi 17; badam 21,50; gavalı 9,50; ağ kişmiş 5,25; qara kişmiş 6,40 ; xurma 6 manatadır. İnnab, iydə və şabalıdın qiymətisə yarmarkadakı qiymətlərlə eynidir.

Yarmarkada aş düyüsünün kilosu 3 manata olduğu halda, marketlərdə ən ucuz düyünün qiyməti  3,80 AZN-dir. 

Göyərtinin bir dəstəsi 0,15 qəpiyə, səmənin ən ucuzu isə 1 manatadır. 

“Adı yarmarkadır, bazardan nə fərqi var ki?” – alıcı qadınlardan biri şikayətlənir.

Bəzi müştərilərsə məhsulların təkcə ucuz yox, həm də keyfiyyətsiz olduğunu deyirlər. 

“Yarmarkalarda məhsulun ucuzu yox, keyfiyyətsizi satılır”

Kənd təsərüfatı üzrə ekspert “Toplum TV”-yə belə deyir.

Vahid Məhərrəmli - Sosial Media

Onun sözlərinə görə, heç bir sahibkar istehsal etdiyi məhsulu yarmarkarda ucuz satmaq həvəsində deyil: “Məhsulların əksəriyyəti rayon, qəsəbə bazarlarından gətirilir ki, onların da çoxu piştaxtada qalan, nisbətən köhnə mallardır. Ona görə də sahibkarlar yarmarkalarda onları daha ucuz qiymətə satırlar.

Bundan başqa, kəndlilər istifadə müddətinin bitməsinə az qalmış, nisbətən keyfiyyətsiz məhsulları anbarlardan alıb bazara çıxarırlar”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo