Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Sputnik
“Kəndimizi satıb, yuxarıda oturanları yedizdirirlər. Əkməyə bir qarış torpaq yoxdur”
Bunu deyən Neftçalanın Mürsəlqulu kənd sakini Çingiz Səmədov kənd ərazisindəki bütün torpaqların satılmasından şikayətlənir.
Deyir ki, kəndin keçmiş bələdiyyə sədri Əlibala Səlimov əkinə yararlı torpaqları 49 illiyinə icarəyə verdiyi üçün sıravi kəndlilər əkinçiliklə məşğul ola bilmirlər.
Xol Qaraqaşlı Bələdiyyəsinə Xol Qaraqaşlı və Mürsəlqulu kəndləri daxildir.
Ərazidə yaşayan kəndlilərin sözlərinə görə, 2020-ci ilə qədər bələdiyyə sədri olmuş Əlibala Səlimov fəaliyyəti zamanı 400 hektar bələdiyyə torpağını da öz xeyrinə uzunmüddətli icarəyə verib.
“Bu adam 20 il kolxoz, 18 il bələdiyyə sədri işləyib. Təkcə əkin üçün yararlı 150 hektar torpaq salyanlı fermerə icarəyə verilib və bundan bir manat da yerli büdcəyə köçürməyib”, - sakinlərdən biri deyir.
İcarə məlumatlarında keçmiş bələdiyyə sədrinin 2018-2019-cu illərdə oğlu Özal Səlimova ümumilikdə 53,6 hektar torpağı 49 illiyinə icarəyə verdiyi görünür.
Həmin kənddən olan ictimai fəal Vəfa Nağının sözlərinə görə, Ə.Səlimov sədr olduğu illərdə bütün torpaqları öz xeyrinə istifadə edib: “Əməllərini ictimailəşdirdikdən sonra məcbur qalıb iki dəfə örüş yerlərini geri qaytardı. Amma, əlbəttə ki, 49 illik icarəyə verdiyi yerləri geri almaq çətin olacaq”.
Kəndin indiki bələdiyyə sədri Elnur Səfərov deyilənləri “Toplum TV”yə təsdiqləyir. Bələdiyyə sədri ondan öncə bələdiyyəyə məxsus 350 h torpağın çox hissəsinin yerli kəndlilərə, qalan hissəsinin qonşu kəndlərin fermerlərinə icarəyə verildiyini bildirir.
“İki ildir bu kəndin bələdiyyə sədriyəm. Torpaqlar mən sədr seçilməzdən çox əvvəl satılıb. Bunlardan bütün təşkilatların xəbəri var. Başqa nə məlumat verə bilərəm ki?..”
Kəndlilərin çoxsaylı şikayətlərindən sonra 2020-ci ilin aprelində Əlibala Səlimov sədrlikdən uzaqlaşdırılsa da, hələ də bələdiyyənin 9 üzvündən biridir.
“Bütün hökmü yenə də özü verir. Orada 9 adamdan 7-si onun təyin etdiyi adamlardır. Qanunsuz əməllərindən 216 dəfə məktub yazıb, şikayət etmişik. Getmədiyimiz yer qalmayıb. Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Adminstrasiyasına qədər getmişik. Amma nə fayda?”,- deyə kənd sakini Çingiz Səmədov bələdiyyə sədri dəyişsə də, problemin qaldığını deyir.
O, şikayət etdikləri üçün özü də daxil olmaqla 3 nəfərə xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını söyləyir.
Bu, torpaqları əkinçilik və heyvandarlıq üçün əlverişli olan Neftçaladan ilk belə şikayət deyil.
Mediada zaman-zaman rayonda torpaqların qeyri-bərabər bölgüsü, uzun müddətli icarəyə verilməsi haqda şikayətlər gündəmə gəlir.
Məsələn, daha əvvəl Kürqarabucaq kənd sakinləri “Qafqazinfo”ya torpaqlarının 99 illiyə icarəyə götürüldüyünü söyləmişdilər.
“Bütöv bir kəndin gələcəyi qəsdən əlindən alınıb, kənddə kənd təsərrüfatı məhsullarının istehsalının, heyvandarlığın inkişafı üçün perspektiv yoxdur, çünki lazım olan əkin və örüş sahələri kimlərinsə inhisarındadır. Kəndin cavanlarına ev tikmək üçün torpaq sahəsi verilmir, torpaqlar əkin üçün uzun müddətli icarəyə verilib”.
Qanunlar və reallıq
Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanuna görə, ümumi istifadədə olan torpaqlar bütövlükdə icarəyə verilməməlidir. Torpaqlar xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilərkən qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməlidir.
Adambaşına düşən orta torpaq norması və torpaq ehtiyatları azlıq təşkil etdiyi hallarda bələdiyyə torpaq sahəsinin ilk növbədə öz ərazisində yaşayan vətəndaşa və sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxsə xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edə bilər.
Bundan başqa, qanuna görə, müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular ailə kəndli təsərrüfatı yaratmaq üçün torpaq icarəyə götürmək istəsələr üstünlük onlara verilməlidir.
Qanuna əsasən, bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırmalı, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadəsi barədə məlumatları seçicilərə çatdırmalıdırlar.
Eyni zamanda, bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı verilmiş qərarları birbaşa qəbul etmək səlahiyyətinə malik deyil. Yəni bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yer quruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilməlidir.
Torpaq ayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Milli Məclisin təsdiqlədiyi əsasnamə ilə tənzimlənir.
“Problemin həll edilməsi vaxt aparacaq”
Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, hazırda atıla biləcək ən konkret addım torpaqların qanunsuz şəkildə satılmasını və sənədlərin etibarsız olduğunu mübahisələndirmək ola bilər.
Onun qənaətincə, bələdiyyə torpaqları ilə bağlı şikayətlərin tendensiyaya çevrilməsinin səbəbi bələdiyyə insitutundakı boşluqlarla bağlıdır.
“1990-cı illərin sonlarında bələdiyyə insitutu tələsik yaradıldı. Halbuki nə dövlət, nə də insanlar buna hazır deyildi. Bələdiyyə müstəqil olmalı idi, amma səlahiyyət baxımından tamamilə yuxarı icra hakimiyyətlərindən asılı vəziyyətə düşdü. Korrupsiyaya, rüşvətxorluğa meyillik, vətəndaşların laqeydliyi onu göstərir ki, bu insitutda boşluqlar var. Buna görə də ona nə vətəndaşlar inanır, nə də dövlət qurumları ciddi yanaşır”.
R.Cəfərovun fikrincə, bələdiyyə idarəetməsi ilə bağlı fundamental dəyişikliklərə ehtiyac var. O, bələdiyyənin icra sktrukturu qarşısında cavabdeh olmasını isə kökündən yanlış sayır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Bələdiyyələrlə İş Mərkəzi həyata keçirir.
“Toplum TV” sözügedən mərkəzdən deyilənlərlə bağlı münasibət ala bilməyib.
“Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirələrin olması gözlənilir"
Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin üzvü Aqil Məmmədov bələdiyyələrin elektron xəritələri işləndikdən sonra problemlərin aradan qalxacağını düşünür: “O zaman vətəndaş biləcək ki, bələdiyyənin nə qədər torpağı var, kimlərə istifadəyə verilib və s.”
Deputat qanunvericiliyin bələdiyyələrin sərbəst şəkildə fəaliyyət göstərməsini tənzimlədiyini, Ədliyyə Nazirliyininsə bu quruma hüquqi baxımdan çətinlikləri aradan qaldırmaqda dəstək olduğunu bildirir.
Bununla belə A.Məmmədov da bələdiyyələrin səlahiyyətlərinin artırılmasının tərəfdarıdır: “Onlar özlərini maliyyələşdirə bilmirsə, vergi toplamaqda çətinlik yaşayırsa, hər hansı təsir mexanizmi yoxdursa, təbii ki, müəyyən problemlər yaranacaq”.
Deputat yaxın günlərdə Milli Məclisin gündəliyində bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirələrin gözlənildiyini də deyib.
Amma istənilən halda görünən odur ki, bəzi Neftçala kəndliləri haqları olan torpaqları becərmək üçün yarım əsr, bəzənsə 1 əsr gözləməli olacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə