Bəxtiyar Hacıyev: "Prezidentin çıxışı kifayət qədər qüsurlu idi"
Qafqazinfo
“İlham Əliyev dolayısıyla onu etiraf etdi ki, tənqid etdiyi məmurların digər bölgələrdə yaratdığı iqamətgahlardan, hasarladığı divarlardan, tikanlı məftillərlə zəbt etdiyi torpaqlardan xəbəri var və heç bir tədbir görməyib. Prezident öz məmurlarını tənqid edərkən unutmamalıdır ki, həmin məmurları vəzifələrə təyin edən və yüksəldən onun özüdür”.
Siyasi fəal Bəxtiyar Hacıyev “Toplum TV”-yə belə deyib.
Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Televiziyasına müsahibəsində Şuşada regional idarələr açmaq istəyən qurumları tənqid edib.
“İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da indi mənə müraciət ediblər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər”, - Prezident bildirib.
O, bu qurumlardan Mərkəzi Bank, Azəravtayol, AZAL, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin adlarını çəkib.
Prezident həmçinin vurğulayıb ki, Şuşanı məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edib: “Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.
"Çox güman ki, həmin şəxslərə təşəbbüs hardansa verilib"
Prezidentin çıxışına münasibət bildirən Bəxtiyar Hacıyev deyir ki, ölkə başçısının nitqi hansısa qurumların filiallarının, idarələrinin açılmasından daha çox məmurlara qarşı etiraz idi: “Prezident çıxışında cəmiyyətdə yaranmış ictimai narazılıqdan diqqəti yayındırmaq üçün həmin məmurlardan özünü ayırmağa çalışırdı. Elə göstərdi ki, guya məmurlar səhv qərarlar verir, səhv addımlar atır, prezident isə səhvləri düzəltməyə çalışır. Amma bu çıxış kifayət qədər qüsurlu idi”
B. Hacıyev hesab edir ki, yaxın gələcəkdə həmin məmurlar vəzifələrindən azad olunacaqlar: “Mənə elə gəlir ki, orada vahid bir xətt var idi: "Azəravtoyol", Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Mərkəzi Bank. Ola bilməz ki, bütün qurumlar eyni vaxtda məhz Şuşada regional idarələrin açılması ilə bağlı Prezidentə müraciət etsin. Çox güman ki, həmin şəxslərə təşəbbüs hardansa verilib. Prezident də bu fürsətdən istifadə edib onları həm şəxsi olaraq, həm də ictimaiyyət qarşısında tənqid edib onlarla məsafə saxlamağa çalışır”.
Toğrul Maşallı
FOTO: Facebook.com
"Mərkəzi Bankın heç bir bölgədə filialı yoxdur, Şuşada niyə olsun ki?"
İqtisadçı Toğrul Maşallı isə deyir ki, yerli icra hakimiyyətləri və bələdiyyələr olduğu müddətcə nazirliyin birbaşa bölmə kimi fəaliyyəti mənasızdır: “Bələdiyyəni inkişaf etdirsək, ehtiyac qalmayacaq ki, nazirliyin öz filialı olsun. Mərkəzi Bankın isə heç bir bölgədə filialı yoxdur, Şuşada niyə olsun ki?”
İqtisadçı həmçinin Prezidentin çıxışının xüsusi əhəmiyyət kəsb etmədiyini, məmur özbaşınalığından onsuz da tez-tez danışdığını deyir.
Rəşid Hacılı
FOTO: Azadlıq Radiosu
"Bu müsahibənin hazırlanmasında yeni kadrların rolu böyükdür"
“Prezident deyir ki, Şuşa ilə bağlı mənim öz layihəm var və onun üzərində iş gedir”, - bunu isə hüquqşünas Rəşid Hacılı deyir.
Onun sözlərinə görə, prezidentin çıxışının məqsədi adı çəkilən şəxsləri - Kəmaləddin Heydərov, Cahangir Əsgərov, Elçin Quliyev, Elman Rüstəmov, Səftər Mehdiyevi birlikdə, topdan məsxərə obyektinə çevirməkdir: “Bu şəxslər İlham Əliyevin komandasının ən uzunömürlü üzvləridir. İllər boyu prezidentə ən yaxın adamlar olublar. İlham Əliyev adətən belə konkret adlar çəkmirdi. Atası mərhum Heydər Əliyev bunu edirdi. Həm də nəzərə almaq lazımdır ki, bunlar köhnə kadrlardır, yenilər yox”.
Hüquqşünasın dediyinə görə, hökumətdə İlham Əliyevə zəng edib ərkyana xahişlər edə biləcək şəxslərin dairəsi daralıb və adı çəkilənlər bu dairəyə daxil olanlardır: “Prezident artıq onların belə ərkyana davranışlarına dözmək istəmir və sərt subardinasiya tələb edir. "Dostluq, yaxınlıq erası bitdi", - deyir. Bu nədən xəbər verir? Birincisi, son savaşda qələbədən sonra İlham Əliyevin özgüvəni xeyli artıb. Həm daxildə, həmdə xaricdə bəlli çevrələrdə nüfuzunun artdığını hiss edir. Onun xalqla hiss olunacaq dərəcədə daha inamla ünsiyyətə girdiyini müşahidə etmək olur. Əvvəllər daxili çəkişmələrdə arxalandığı şəxslərin xidmətləri ona daha gərək deyil. Kəmaləddin Heydərov kimilərin ərkyana sədaqətinə nəinki ehtiyacı yoxdur, hətta bu, onu qıcıqlandırır. "Əl-ayağıma dolaşırsınız" deyir”.
Prezidentin ilk dəfə yerli mətbuata danışmasına da diqqət çəkən hüquqşünasın sözlərinə görə, bu müsahibənin hazırlanmasında yeni kadrların rolu böyükdür: “İlham Əliyev ölkədə gün-gündən artmaqda olan sosial problemlərin əsas səbəblərindən birinin məhz korrupsiya olduğunu dolayısıyla etiraf etməklə bu problemlə məşğul olduğu mesajını verməyə çalışıb. Artıq neçənci dəfədir, işğaldan azad edilmiş yerdə yeni idarəçilik olacağı və onun bütün ölkəyə gətiriləcəyi vədini verir”.
Anar Məmmədli
FOTO: Azadlıq Radiosu
"Prezident etiraf etdi ki, ölkənin digər ərazilərində də eyni problem yaşanır"
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə işğaldan azad olunan bölgələrdə regional idarələrin yaradılmasının erkən olduğunu deyir: “İşğaldan azad olunmuş bölgələrdə yenidənqurma və infrastrukturun qurulması məsələsinə kompleks şəkildə baxılmalıdır. Regional idarələrin qurulması əhalinin yerləşdirilməsilə paralel şəkildə aparılmalıdır, amma yaxın zamanda həmin bölgələrə məcburi köçkünlərin qaytarılması gözlənilmir. Yəni regional idarələrin yaradılması hələlik tezdir, amma bütün bölgələrdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də dövlət strukturlarının olmasına ehtiyac var”.
Onun sözlərinə görə, Prezident çıxışında hakimiyyətin daxilində olmuş müzakirələri qismən ictimaiyyətlə paylaşıb.
İlham Əliyev çıxışında həmçinin qeyd edib ki, bütün torpaqlar planlı şəkildə bərpa olunacaq: “Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz”.
A. Məmmədli deyir ki, Şuşanı çəpərləmək məsələsi ölkənin bir çox bölgəsində baş verən olayları xatırladır: “Bir çox səfalı yerləri var ki, məmurlar orada vəzifə səlahiyyətlərindən istifadə edərək xeyli ərazilər zəbt ediblər. Nəzərə almaq lazımdır ki, Şuşanın ərazisi çox balacadır və orada kiminsə hektarlarla ərazi zəbt etməsi mümkün deyil. Çəpərləmək məsələsini dilə gətirməklə isə ölkə başçısı Azərbaycanda son illər torpaqların zəbt olunması ilə bağlı digər bölgələrdə baş vermiş olayları da etiraf etmiş oldu”.
Toplum TV
Turan
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”
Qubad İbadoğlu: “SOCAR özü ilə bərabər dövləti də batıracaq”
Məhbus anası: “DTX-nın dörd divarı arasında bu ülgüclər, bıçaqlar hardan onların əlinə keçdi?”