Sosial

Bir ildir əllilik dərəcəsi ala bilməyən qazi: “Məni süründürürlər”

Roza Məmmədova
13 Oktyabr, 2021
2784

“Vətən üçün can qoydum ki, belə yaşayım?”

Beyləqan rayon sakini Teymur Kərimov müharibədən sonra əllilik dərəcəsi ala bilməyən Qarabağ qazilərindən biridir.

O, 44 günlük müharibə zamanı Xocavənd və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib, sonuncuda yaralanıb.

“Oktyabrın 26-sı Füzulidə döyüş zamanı yaralandım, 63 nəfər hərbi heyətlə bir gün neytral zonada qalmalı olduq. Yalnız ertəsi gün bizimkilər erməni postunu ələ keçirdikdən sonra kömək edildi”.

Teymur gözünü açanda özünü xəstəxanada görüb: “Ölməmişdim, amma əvvəlki kimi olmayacağımı da bilirdim”.

Hazırda sinirləri zədələndiyindən o, yeriməkdə çətinlik çəkir. Teymur Kərimovun dediyinə görə, bədənindəki qəlpələrdən birini ömrünün sonunadək daşıyacaq.

“İndi qoşa çəliklə gəzirəm. Sağ olsun qardaşım, həyat yoldaşım hərəkət etməyimə köməklik edirlər. Ayağımdakı problemlər azmış kimi bez taxmağa da məcburam”.

Toplum Tv

Qazinin həyat yoldaşı da fiziki qüsurludur.

T.Kərimov söyləyir ki, yaralandıqdan sonra ümumilkdə 2 ay fərqli xəstəxanalarda , o cümlədən Maştağada yerləşən ruhi-əsəb dispanserində müalicə alıb.

Amma o, indiyədək əlilliyini sübut edən sənədləri toplasa da, komissiyadan keçə bilməməsindən narazılıq edir.

“Bəlkə də sağala bilərəm, məni aldadırlar? Yararsızımsa, kağız niyə vermirlər? Bilmirəm, imanım allahadır”, - qazinin sualı çox olsa da, cavab tapa bilmir.

 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa görə, birinci qrup müharibə əlillərinə 8800 manat, ikinci qrup müharibə əlillərinə 6600 manat, üçüncü qrup müharibə əlillərinə 4400 manat, ağır xəsarət (yaralanma, travma, kontuziya) alan müharibə iştirakçılarına 2750 manat və yüngül xəsarət (yaralanma, travma, kontuziya) alanlara isə 550 manat sığorta ödənişi həyata keçirilir.

T.Kərimov ağır dərəcəli xəsarət aldığından ona 2750 manat sığorta pulu ödənilib. Onun söylədiyinə görə, bir il ərzində dövlətdən gördüyü elə bu olub.

“Müharibəyə qədər öz zəhmətimlə ot biçirdim, başqa iş olmayanda kiminsə qapı-bacasını təmizləyib birtəhər ailəmi dolandırırdım. İndi şikəst adamam. 3 uşağı necə saxlayım? Paltarları yoxdur deyə məktəbə də gedə bilmirlər. Hara gedim? Neyləyim?”

Toplum TV

O deyir ki, dəfələrlə lazımı sənədləri yığmaq üçün Bakıya yollanıb, hətta “YAŞAT” Fonduna da müraciət edib.

“Yanvarda Papanin xəstəxanasında (Silahlı Qüvvəllərin Baş Klinik Hospitalı – red.) sənədlərimin nüsxəsini çıxardarkən dedilər ki, bir aya gələrsən. Artıq neçə ay keçib? Bununla 3 dəfədir, belə edirlər. Gedirəm heç bir nəticə yoxdur. Tək mən deyiləm, o qədər adamı get-gələ salmaqla bezdiriblər ki, çoxusu yarı yoldan qayıdır. “YAŞAT” Fondu isə görüntüdən çox kağızlara inanır” – söyləyən qazi artıq ümidini hər yerdən üzüb.

Üç uşaq atası Qarabağ qazisinin vəziyyəti o qədər də ürəkaçan deyil. Fotolardan da göründüyü kimi dövlətin diqqətinə, qayğısına ehtiyac duyan ailə döşəməsi belə olmayan soyuq divarlara sığınıb.

“Şəhadətnamə veriləndən sonra əlilliyin qiymətləndirilməsi aparılacaq”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov deyir ki, şikayətçinin tibb müəssisəsi tərəfindən heç bir göndərişi (F88) yoxdur.

Onun sözlərinə görə, T.Kərimova Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası şəhadətnamə vermədiyi üçün əlilliyinin qiymətləndirilməsi mümkün deyil.

“Vətəndaşla danışılıb və məlumat verilib. Şəhadətnamə veriləndən sonra əlilliyin qiymətləndirilməsi aparılacaq”, - deyə şöbə müdiri bildirir.

Müdafiə Nazirliyinin Mətbuat Katibi Anar Eyvazovsa araşdırma apardıqdan sonra açıqlama veriləcəyini deyir.

İcra Hakimiyyəti işini bitmiş sayır…

Beyləqan rayon İcra Hakimiyyətinin açıqlamasına görə, Teymur Kərimov İmamverdili bələdiyyəsinin ehtiyat fonduna aid 2 ha torpaq sahəsindən istifadə etsə də, bu günədək ondan həmin torpaq sahəsindən istifadəyə görə heç bir vəsait alınmayıb. Eyni zamanda qeyd olunur ki, qaziyə əlillik dərəcəsi verildikdən sonra İcra Hakimiyyəti tərəfindən yaşayış yerinə ehtiyacı olan qismində mənzil növbəsinə götürüləcək.

Toplum TV

“Bildiririk ki, aidiyyəti orqanlar tərəfindən T.Kərimovun və onun həyat yoldaşının əlillik dərəcəsinin verilməsi və digər problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülməkdədir”,-  İcra Hakimiyyəti  müvafiq tədbirlərin nədən ibarət olmasına aydınlıq gətirmədən açıqlamasını yekunlaşdırır.

Qazinin hansı hüquqları pozulub?

Hüquq müdafiəçisi Rəhim Xoyski  deyir ki, qazinin hüquqları iki halda pozula bilər: “Ya dövlət orqanı sözügedən müharibə iştirakçısının hüquqlarının təmin olunmasında səhlənkarlıq edir, ya da bu işə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş yükünü qaldıra bilmir”.

Hüquq müdafiçisinin sözlərinə görə, əgər problem ikinci halla əlaqəlidirsə, çıxış yolu qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan keçir: “Dövlət qurumları belə xüsusi hallarda iş yükünü çatdırmayanda əlavə işçi götürmək əvəzinə QHT-lər üçün qrant layihələr elan edə bilər. Sözügedən qrant layihələri də problemlər həllini tapana qədər davam edər”.

R.Xoyski Teymur Kərimovun həmçinin əlillik dərəcəsinə uyğun olaraq aylıq pensiya almaq hüququ olduğunu söyləyir. Bundan başqa, o, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə pensiyadan əlavə Prezident təqaüdü verildiyini, pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilməli olduqlarını da bildirir.

Rəhim Xoyski - Sosial Media

“Müharibə əlillərinə postmüharibə dövründə fərdi və qrup şəklində konsultasiyalar, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək də göstərilməlidir. Qanunvericiliyə görə, müharibə əlilləri özünüməşğulluq proqramına növbədənkənar cəlb edilməlidir. Onlara kiçik ailə təsərrüfatı və müəsissələrini yaratmaları üçün mal və materiallar formasında aktivlər təqdim edilməlidir”, - hüquq müdafiəçisi qeyd edir.

Müharibə bir ildir başa çatsa da, Qarabağ qazisi sadalanan hüquqlarının heç birindən istifadə edə bilmədiyini deyir.

ToplumTV

Xatırlatma

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində döyüşlər başlayıb.

Döyüşlərdə Azərbaycanın 2907 hərbi qulluqçusu həlak olub, 6 nəfər itkin düşmüş hesab edilir.

Ermənistan tərəfinin mülki şəxsləri hədəf alması nəticəsində müharibədə 100-dən çox mülki şəxs  həyatını itirib.

Azərbaycan 44 günlük müharibədə Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo