Sosial

Blogerə görə Bakıda izdiham - “Bütün bunlar təhsildəki problemlərdən xəbər verir”

Roza Məmmədova
18 Aprel, 2022
362

açıq mənbədən götürülüb

"Hədiyyə vermək üçün qaydalar var, yarışlar var. Bloger bunu sosial mediada da edə bilərdi. Məqsəd elə bu görüntünü almaq olub”.

Texno-bloger Fərid Pərdəşünas Bakıya gələn rusiyalı blogerin fanatları ilə görüşü haqqında danışarkən belə deyib.

Fevralın 17-də “İnstaqram” fenomeni Hüseyn Həsənovun Bakıda “Park Bulvar” Ticarət Mərkəzində fanatları ilə görüşü izdihamla nəticələnib. Yayılmış videolarda xeyli maskasız gənc onunla görüşməyə can atır, bu isə sıxlığın yaranmasına səbəb olur.

Digər tərəfdən blogeri müşayət edən mühafizəçiləri H.Həsənovu qorumaq üçün fiziki güc göstərərək təsbeh və kəmərdən istifadə etməsi diqqət çəkib.

Yayılmış görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Pandemiya şəraitində qapalı şəraitdə belə tədbirə icazə verilməli idimi? Ticarət mərkəzi belə görüşlər üçün nə qədər uyğundur?

Daxili İşlər Nazirliyi aprelin 18-də yaydığı rəsmi açıqlamada insanların yoxlanılaraq görüşə buraxıldığını, obyektə daxil olduqdan sonra tibbi maskaları çıxartdıqlarını bildirib. Məlumatda ticarət mərkəzində karantin qaydalarına həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunduğu qeyd edilib.

Bundan başqa, nazirlik insanları kəmərlə vurduğu iddia edilən şəxsin (rəsmi məlumatda onun səhnəni vurduğu bildirilir) 15 sutkalıq həbs edildiyini bəyan edib.

Texno-bloger Fərid Pərdəşünas ictimai məkanda bu tip tədbirlərə icazə verilməsini doğru hesab etmir:

“Məşhur şəxslər fanat orduları ilə ictimai məkanlarda yox, xüsusi nəzərdə tutulmuş qapalı məkanlarda görüşürlər. Park Bulvarda belə bir görüş planlamaq doğru deyil. İctimai məkana gələn digər insanların istirahətini pozub, təhlükə yaradıblar. İkincisi, ticarət mərkəzlərində vəsiqə, COVID passportu və maska yoxlanılır. Bu qədər maskasız insan necə daxil oldu? Bu qədər adamı necə yoxladılar?”

Fərid Pərdəşünas - açıq mənbədən götürülüb 

F. Pərdəşünas bu görüntünün məqsədli şəkildə yaradıldığını söyləyir:

“Heç bir özünə hörmət edən məşhur sizə “İphone” atacam deyib, sürü halında ora-bura milləti dartmır. Hədiyyə vermək üçün qaydalar var, yarışlar var. Bloger bunu sosial mediada da edə bilərdi. Məqsəd elə bu görüntünü almaq olub”.

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu isə deyir ki, blogerin Bakıya gəlməsində belə izdiham yaşanması suallar yaradır:

“Onu qarşılayan AA seriyalı maşınlar kimə məxsus idi? Belə avtomobillər adətən dövlət qurumlarına aid olur. Niyə bu adamı müşayət edirdilər? Hüseyn Həsənov rəsmi şəxs idimi? Bu qədər maskasız adam ictimai obyektə necə buraxılıb, yaxud niyə belə dolaşmasına icazə verildi?”

A. Rəşidoğlu bu situasiyanı Azərbaycan gənclərinin axtarışda olması ilə izah edir və xatırladır ki, daha əvvəl “vorzakon” Rövşən Lənkəranskinin də dəfnində eyni hal müşahidə olunmuşdu:

“Gənclərin qəhrəmanı, hansısa oğru və ya Azərbaycan dilində düz-əmməli danışa bilməyən bloger olmamalıdır. Bütün bunlar təhsildəki problemlərdən və ideoloji boşluqlardan xəbər verir. İnsanlar daim axtarışdadırlar. Onlar nə iqtidardan, nə də müxalifətdən nümunə götürə bilir. Sadəcə olaraq düşünmək lazımdır, ortadan da aşağı səviyyəli olan bu bloger görüşdə gənclərə nəyi təlqin edəcək, hansı mesajı ötürəcəkdi?

Digər tərəfdən nəticə çıxarmaq lazımdır ki, 21-əsrdə siyasi texnoloqlar istənilən adamı millətə sırıyıb, onları zombiləşdirə bilər, xaos, qarşıdurma yarada bilərlər.

Bəzi dairələr izdihamı telefonla əlaqələndirməyə çalışdılar, bunun təbliğatı getdi. Fanatlarla bu şəkildə görüşülməsinin əleyhinəyəm. Görüş xüsusi zallarda keçirilməli idi”.

Azər Rəşdioğlu - açıq mənbədən götürülb 

Qeyd edək ki, Hüseyn Həsənov Rusiyanın məşhur videoblogerlərdən hesab edilir, “İnstaqram”da 7 milyon izləyicisi var. O, Sankt-Peterburqda azərbaycanlı iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar. 

“Bu mənim Bakıdakı fanatlaırm ilə ilk görüşüm idi. Görüş zamanı yollar və ticarət mərkəzlərinin qarşısı bağlandı. Şəhərdə yaranmış xaosa görə üzr istəyirəm. Mən sizi sevirəm”,- deyə bloger görüşdən sonar belə yazıb.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo