Nurlan Heybullayev bu il sentyabrın 29-da orduya çağırılıb və hazırda Ağdərə istiqamətində xidmətinə davam edir.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyyat fakültəsinin tələbəsidir. Bəzi fənlərdən kəsirləri var.
Orduya getməzdən əvvəl Nurlan kəsirlərlə bağlı ödəniş edib və onlayn dərslərdə iştirak etməyə başlayıb. Ancaq cəbhəyə çağırıldığı üçün dərsləri yarımçıq qoymalı olub. Bu haqda "Toplum TV”-yə onun ailəsi danışıb. Onlar Nicatın kəsirlərin ya ləğv olunmasını, ya da ona hər hansı güzəşt tətbiq olunmasını istəyirlər.
Nurlan özü də bununla bağlı sosial mediada videomüraciət yayıb.
Buna bənzər bir çox paylaşım var və bu, belə tələbələrin az olmadığını göstərir.
Memarlıq və İnşaat Universitetinin rektor müavini Orxan Naqdiyev hələlik Nurlan kimi tələbələrin kəsrlərinin bağışlanması ilə əlaqədar əsasnamənin olmadığını, Təhsil Nazirliyi göstəriş vermədən hər hansı qərar verilə bilməyəcəyini bildirir.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da bununla bağlı konkret qərar olmadığını deyir. Onun sözlərinə görə, indilik təhsil müəssisələri ilə nazirlik arasında bu proseslərin necə nizamlanacağı barədə məsləhətləşmələr gedir və yaxın zamanda rəsmi məlumat açıqlanacaq.
"Təhsil Xidmətləri” Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov kəsiri olan tələbələrə güzəşt edilməsinin tərəfdarı deyil. O, qanunvericilikdə təhsillə bağlı hər hansı güzəştin nəzərdə tutulmadığını qeyd edir. Bununla belə, ekspert Nazirlər Kabinentinin müvafiq qərarı ilə müəyyən güzəştlər olunacağını istisna etmir.
"Təhsil aldığı müddətdə hər bir tələbənin yerinə yetirməli olduğu öhdəliklər var. Təbii ki, 44 günlük Vətən müharibəsində təhsilini yarımçıq qoyan, akademik borcu olan tələbələr də var. Onların döyüşdə göstərdiyi rəşadət və igidlik dövlət tərəfindən orden və medallarla mükafatlandırılacaq. Bizə daxil olan məlumatlara görə, bu şəxslər arasında 20-30 kəsiri olan tələbələr var. Onlar böyük qəhrəmanlıq göstərərək hər kəsə nümunə olsalar da, kəsirlərinin bütünlükdə bağışlanması gələcəkdə əmək bazarına bilik və bacarıqları aşağı olan kadrların buraxılması deməkdir. Bu, narahatlıq doğuran məsələdir”.
Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, cəbhəyə gedən gənclərin fədakarlığını maddi olaraq qiymətləndirmək mümkün deyil, amma təhsilini yarımçıq qoyaraq döyüşə yollanan tələbələrin ən azı təhsil xərclərini dövlətin ödəməli olduğunu vurğulayır.
N.Qulamoğlu da kəsirlərin bağışlanmasının əleyhinədir. Onun qənaətincə, belə bir addım savadsızlığa gətirib çıxa bilər. Ekspert bu məsələylə bağlı daha optimal yolların olduğunu düşünür: "Məsələn, kəsrləri ödəmək üçün müddətin artırılması, müəllimlərin həmin tələbələrlə ayrıca məşğul olmaları üçün səfərbər olunması və digər kompensasiyaların təmin olunması kimi addımlar atıla bilər”.
Aysel Əzizova
Nuranə Atakişiyeva
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.