Açıq mənbələrdən götürülüb
Azərbaycan kökənli İran rejissoru, Avropanın bir sıra önəmli kino mükafatlarının sahibi Cəfər Pənahi ölkəsində həbs edilib. İndi o, hələ 2010-cu ildə çıxarılmış hökmə əsasən, həbsdə 6 il keçirməlidir, baxmayaraq ki, Pənahi həmin müddəti ev dustaqlığında çəkmişdi. “Meduza.io” platforması İran kinosu korifeyinin həbs səbəbləri, eləcə də əsas filmləri haqqında Anton Dolinin məqaləsini dərc edib.
Cəfər Pənahi niyə tutulub
62 yaşlı Cəfər Pənahinin tutulması və 6 illik həbsi faciəvi xəbərdir. İstedadlı rejissor - və totalitar İran hakimiyyətinə müqavimətin simvolu – öz prinsipiallığının qurbanıdır.
Ona hökmü hələ 2010-cu ildə çıxarıblar. O zaman Pənahini prezident seçkilərini çəkməyə görə “dövlət əleyhinə təbliğat”da günahlandırıb məhkum etmişdilər. Məhkəmə 6 illik həbsə 20 illik kino çəkmək, ssenari yazmaq, müsahibə vermək və ölkədən çıxmaq qadağası da əlavə edib.
Bütün dünyanın etirazı, kinematoqrafın ən məşhur nümayəndələrinin məktub və çıxışlarında Pənahinin müdafiə etmələri İran hakimiyyətini hökmə yenidən baxmağa vadar etdi: iki aydan sonra həbsxana ev dustaqlığı ilə əvəz olundu. Bundan istifadə edən Pənahi qadağanı dərhal pozdu. Artıq 2010-cı ildə Kannda onun yeni filmini göstərirdilər. Evdə çəkilən bu filmin adı kinayəli şəkildə “Bu film deyil” idi (filmin yükləndiyi fləş kart sərhəddən tortun içində keçirilmişdi).
https://toplum.tv/sosial/mustafa-cemiloglu-iran-nece-muselmandir-ki
O vaxtdan bəri rejissor daha dörd tammetrajlı bədii film çəkib. Onlardan üçü beynəlxalq kinofestivallarda nüfuzlu mükafatlar qazanıb, dördüncüsü isə bu yaxınlarda yekunlaşıb və avqustn 31-də başlayacaq Venesiya kinofestivalında nümayiş olunacağı gözlənilir.
Amma kinematoqraf fəaliyyətində azadlıqdan bəhs edən Pənahi özü həbsə düşdü. Onu iyulun 11-də, iki həmkarını - özü də yetərincə məşhur Məhəmməd Rəsulofu (iki il əvvəl onun edam cəzası əleyhinə etiraz olan “Şər mövcud deyil” filmi Berlin kinofestivalında qalib gəlib) və assistenti Mustafa Ələhmədi müdafiə etmək üçün həbsxanaya gələndə saxlayıblar. Rəsulof və Ələhməd İranda xalq etirazları qəddarlıqla yatırılan zaman silahı yerə qoymaq üçün hakimiyyətə açıq çağırış etmişdilər. Nəticədə onlar və Pənahi həbs edilib və sonuncu 6 illik cəza çəkməlidir. Onun azadlıqsevərliyini və hakimiyyətin qadağalarına məhəl qoymamasını unutmadılar və bağışlamadılar.
Belə bir aldadıcı təəssürat yarana bilər ki, Pənahi siyasi fəaldır və onun aldığı çoxsaylı mükafatlar cəsarətlə rəsmi siyasətə qarşı çıxmasına görədir. Ələlxüsus da Rusiyada onun, deyəsən, cəmi iki filmi nümayiş olunub - “Ofsayd” və “Taksi”, - onlar da o qədər də geniş olmayan prokatda. Rusiya tamaşaçısı Pənahini heç yaxşı tanımır.
Amma İran rejissorunun heyrətamiz mükafatlar toplusu təsadüfi deyil (bu göstərici üzrə o, hazırda həyatda olan kinematoqrafçılar arasında az qala dünya çempionudur): “Qızıl kamera”, “Qızıl kareta”, Kannda ssenariyə görə mükafat və “Xüsusi baxış” mükafatı, Lokarnoda “Qızıl bəbir”, Berlində bir “Qızıl ayı” və iki “Gümüş ayı”, Venesiyada “Qızıl aslan”. Pənahi təkcə cəsur və vicdanlı adam deyil, həm də qeyri-adi sənətkar və gerçək novatordur.
Pənahinin filmləri
Böyük Abbas Kiarustəminin keçmiş assistenti və kiçik əməkdaşı Pənahi birinci filmindən heyrətamiz bədii radikalizm və yenilikçilik nümayiş etdirir.
Kiarustəminin ssenarisi əsasında çəkilən və İran kinosunda yeni mərhələ olan “Ağ şar” filmi (1995) Novruz bayramı öncəsi qızıl balıq əldə etmək istəyən 7 yaşlı qızın sadə hekayəsindən bəhs edir. Sadə süjet çoxsaylı personajların iştirakı və ciddi saspenslə orijinal həllini tapır. Filmin mövzusu hüquqsuz qəhrəmanın ətrafdakı şərtlərin əsarətinə inadkar müqavimətidir.
Rejissorun daha bir “uşaq” filmi, adı ilə Tarkovskini xatırladan “Güzgü” (1997) də bu barədədir. Birinci sinifdə oxuyan qızı anası məktəbdən götürmədikdə, özü, avtobusda evə getməyi qərara alır. Amma yolda birdən təxmin edir ki, marşrutu səhv salıb və başqa yerə gedir. Həyəcan artır və qəflətən səhnənin və “dördüncü divar”ın gözlənilməz sınması baş verir: balaca aktrisa özündən mikrofonu qoparır və daha çəkilməkdən imtina edir. Bundan sonrakı intriqanı qəhrəmanın filmdə iştiraka etirazı təşkil edir. Pənahinin yaradıcılıq strategiyası bu uşaq davranışında əks olunub.
https://toplum.tv/siyaset/tehran-gorusunden-cixan-neticeler-erdogan-reisi-ve-putini-ne-birlesdirir
Venesiyada rezonans doğuran “Dairə” (2000) rejissorun rəsmən qadağan olunan ilk filmidir. O, qadının ortodoksal İslam dünyasında hüquqsuzluğundan bəhs edən (Pənahi ənənəvi və ailə tabularını dövlət siyasətinin amansızlığı ilə əlaqəsini həssaslıqla təsvir edir) bir neçə süjeti inanılmaz ustalıq və minimalizmlə bir-biri ilə bağlayır. Filmin konstruksiyası həqiqətən də dairə təşkil edir – sarsılmış nənəyə qızının qız doğması xəbəri verilən qapıdan bütün qadın qəhrəmanların toplaşdığı həbxsana kamerasının qapısına qədər.
İranda qadağan edilən, real hadisələrdən bəhs edən sarkastik komediya “Ofsayd” da (2006) “Dairə”nin mövzusunu davam etdirir. Gizli şəkildə stadiona daxil olub futbol matçına baxmaq üçün oğlan kimi geyinən qızlar həbs olunurlar. Həyat dolu bu zərif əsərin uzunluğu matçın uzunluğuna, qəhrəmanların sayı isə komandanın heyətinə bərabərdir. Pənahinin prinsipi dəyişməz qalır: oyun onun üçün sadəcə oyundan daha böyük bir şeydir, hətta passiv iştirakçısı olan azarkeş də özü üçün fəal hərəkət hüququ soruşmadan mənimsəyir.
Bu iki film arasında Pənahi “Qıpqırmızı qızıl” filmini (2003) çəkir. İran sosiumunun ən radikal tədqiqatı olan bu əsər də, əlbəttə, qadağan olundu.
Əsər janr filmini xatırladır, formal olaraq zərgərlik dükanının qarətindən danışılır, cinayətin mənzərəsi retrospektiv bərpa edilir. Əsərin qəhrəmanı mütəmadi həqarətlərdən ağlını itirən pizza paylayıcısı Hüseyndir. Onun rolunu həqiqətən kuryer və şizofreniya diaqnozlu Hüseyn İmadəddin oynayır. Pənahi filmlərində sənədli və bədii arasındakı sərhəd heç vaxt bu qədər görünməz olmayıb. Bəlkə bir də “Bu film deyil” lentində belədir. Bu film guya ev dustaqlığının məzmunsuz xronikasını göstərir, əslində isə heç bir pafos olmadan hətta həbsdə, hətta bağlı əllərlə yaratmağın və danışmağın mümkünlüyündən bəhs edir.
“Pərdə” filmi (2013) həmin xətti davam etdirən zərif eksperimentdir. Pənahinin həmmüəllifi, ondan az tanınmayan rejissor Kabuziya Partovi filmdə İslam qanunlarına görə, pak olmayan köpəyini gizlətmək üçün dəniz kənarındakı villasına gətirən kinematoqrafçını oynayır. Tanımadığı, polis tərəfindən təqib edilən və intihar həddində olan bir qadın onun həyatına daxil olur. Sonra da süjet müəllifin müdaxiləsi ilə lap dolaşır: Pənahi kadra daxil olur. Bu mürəkkəb film-metafora vətəndaş və yaradıcılıq azadlığına çağırır, onları mahiyyətcə eyniləşdirir.
Belə azadlığın manifestasiyası Berlin festivalının qalibi olan “Taksi” (2015) filmidir. Burada Pənahi sükan arxasına keçir (çəkiliş zamanı ev dustaqlığının müddəti bitmişdi), guya təsadüfi sərnişinləri daşıyır, onlarla dialoq zamanı sosial dramdan absurd komediyasına qədər diapozonda müxtəlif janrlı mikrofilmlər yaradır.
Sərnişinlər arasında rejissorun erkən qəhrəmanlarını xatırladan qız da var: o, Pənahinin bacısı qızıdır. Film Berlində “Qızıl ayı”ya layiq görüləndə də ölkədən buraxılmayan rejissorun əvəzinə mükafatı həmin qız aldı.
Poetik “Üç üz”də Pənahi yenidən sükan arxasında əyləşir və özünün sevimli mövzusuna – İran qadınlarının taleyinə qayıdır. Film üç müxtəlif yaş nəslinə məxsus aktrisalardan danışır. Onların peşəkar karyerası senzuranın müdaxiləsi, “əxlaqsız”peşə ilə məşğuliyyətə qadağa qoyan yaxınlarının qərarı ilə alt-üst olub.
Pənahi, erkən sənədli və qısametrajlı filmləri də daxil olmaqla, hər bir əsərində rəsmi İran incəsənət doktrinasına opponentlik edir, heyrətamiz ustalıq dərəcəsi, eləcə də istənilən qadağa və tabulardan daxili azadlıq nümayiş etdirir. Belə sənətkarlar bütün zamanlarda qurban olublar, eyni zamanda yüksək qiymətləndiriliblər. İndiki həbs və cəza müddəti də paradoksal şəkildə belə bir qiyməti sübut edir.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür