Açıq mənbələrdən götürülüb
"Anası işə gedəndə 14 yaşlı Saranı həyətdəki su çəninə bağlayarmış ki, evdən qaçmasın. Üstəlik, həm də döyərmiş. Bir də iş-gücünü bitirib evə qayıdanda açarmış o kəndiri. Uşaq anasının üzünə baxıb onun ovqatının nisbətən yaxşı vaxtında "Ana, olarmı, gedim, yatım?" deyə soruşarmış.
Sara ayrılmış valideynlərin övladıdır. Atası Azərbaycandan kənarda yaşayır.
Qızcığaz deyir ki, onda yemək barədə heç düşünmürmüş. Deyir, bağlı qalmaqdan o qədər yorulurdum ki, anam ipi açanda ancaq yatmaq istəyirdim".
Bu, anası tərəfindən zorakılığa məruz qalmış Saranın (ad şərtidir) həyat hekəyəsidir.
Günlərin birində Sara qollarındakı ipdən xilas olmağı bacarır, evdən qaçaraq Azərbaycan televiziyalarından birinə müraciət edir. Ordan onu "Ümid yeri" uşaq sığınacağına göndərirlər.
Bir axşam Saranın başından möhkəm ağrı tutur, sığınacağın işçiləri səbəbini soruşanda deyir ki, anası onun başını o qədər döşəməyə çırpıb ki, ağrıları hələ də ara vermir. Bundan sonra Sara xəstəxanaya yerləşdirilir, orda qaldığı 2 həftə ərzində ona 3 dəfə qan köçürülür. Sağalandan sonra yenidən "Ümid yeri"nə göndərilir...
Bu hekayəni "Toplum TV"-yə sığınacağın rəhbəri Nigar Mənsimli danışır.
Onun sözlərinə görə, indi Sarayla psixoloq məşğul olur. Artıq qızcığazın üzü gülür, hətta sığınacaqda bəzi işlərə də əl atır - balaca uşaqlara yazmaq öyrədir, onlara kömək edir.
Dünyada uşaq hüquqları ilə bağlı yüzlərlə qanun, qətnamə qəbul edilib, amma problem öz aktuallığını qorumaqdadır.
İyulun 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğu uşaqlara qarşı fiziki, psixi və digər növ zor tətbiq edilməsi halları ilə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunur ki, son günlər uşaqların zorakılığa məruz qalması faktlarının sayı artıb.
“Uşaq Qaynar Xətti” son yarım ildə 3000-ə yaxın zəng qəbul edib
11 ildən artıqdır fəaliyyət göstərən Azərbaycan “Uşaq Qaynar Xətt” xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Hesabatda bildirilir ki, bu ilin ilk altı ayı ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 2761 zəng daxil olub. Müraciət edən uşaqların 418-i psixoloji, 874-ü təhsil, 260-ı sosial, 580-i hüquqi, 172-i səhiyyə, 457-i isə digər problem və zorakılıqlarla üzləşib.
Uşaq zorakılığı nədir?
Uşaq zorakılığı təkcə fiziki şiddət deyil. Yetkin şəxs tərəfindən şiddət və təhdid ehtiva edən pis rəftar və laqeydlik də bura daxildir.
Uşaq zorakılığının 6 növü var:
1) fiziki istismar – yetkin şəxsin uşağa bilərəkdən fiziki xəsarət yetirməsi;
2) cinsi istismar – yetkin şəxsin uşağı cinsi məqsədlər üçün istifadə etməsi və ya onu cinsi əlaqəyə cəlb etməsi; daha böyük və güclü uşağın digərini cinsi məmnuniyyət üçün istifadə etməsi;
3) emosional istismar – valideynin və ya tərbiyəçinin uşağın zehni və sosial inkişafına zərbə vurması, ona emosional zərər yetirməsi;
4) bullinq - uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış (bullinqin kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq kimi növləri var;
5) baxımsızlıq - uşağın sağlamlığı, təhlükəsizliyi, rifahı üçün lazımı dəstəyin verilməməsi;
6) uşaq baxımı - cinsi istismar məqsədi ilə uşaqla, bəzən də ailə ilə emosional əlaqə qurulması, nəticədə onlardan seks alverində, pornoqrafiyada istifadə edilməsi.
“Childhelp.org” portalının məlumatına görə, yetkinlərin 28%-i uşaqlıqda fiziki istismara, 20,7%-i cinsi istismara, 10.6%-i emosional istismara, hər beş nəfərdən biri isə (20.2%) bullinqə məruz qalır.
İlk uşaq sığınacağı
Nigar Mənsimli danışır ki, jurnalist işlədiyi dövrdə dənizkənarı parkda küçə həyatı yaşayan uşaqları görəndən sonra onlar üçün qalacaq yer düzəltmək qərarına gəlib.
1997-ci ildə o, Azərbaycanda ilk uşaq sığınacağı yaratmağa müvəffəq olub - "Ümid yeri"ni.
Sığınacaq Xəzər rayonunun Binə qəsəbəsində yerləşir. N.Məmmədli sığınacağın indiyə qədər 8 min nəfərə yaxın uşaq üçün həyata körpü rolu oynadığını deyir:
"Hazırda sığınacaqda 90-a yaxın uşaq var. Bura müxtəlif yollarla düşüblər. Bəzilərini polislər, vətəndaşlar gətirir, bəzilərini icra hakimiyyətlərindəki Azyaşlılar Komissiyası yönləndirir. Arabir də özümüz şəhərdə reydlər keçirib belə uşaqları sığınacağa cəlb edirik".
Onun sözlərinə görə, qurumun ərzaq təminatını Heydər Əliyev Fondu ödəyir, ancaq qurum Qeyri-Hökumət Təşkilatı (QHT) kimi fəaliyyət göstərdiyi üçün dövlətdən maddi dəstək almırlar: "Bütün şirkətlərin korporativ sosial məsuliyyəti olduğu üçün onlara müraciət edirik. Alınanda alınır, alınmayanda yox. Bizi heç kəs məcbur etməyib, qəlbimizin səsi ilə bu işə atılmışıq. Ona görə çətin olanda da dözürük, ümid edirik ki, sabah bu gündən yaxşı olacaq".
N.Mənsimli deyir ki, uşaqların dövlət səviyyəsində müdafiəsi təmin olunur: "Mən cəmiyyətin etinasızlığından narazıyam. "Mənim uşağım deyil, nə vecimə" deyənlər, uşağa işgəncə verildiyini görüb üzünü yana tutanlar var. Hamımız bu işlə məşğul olmalıyıq - dövlət də, QHT-lər də, adi insanlar da. Əgər qonşuda bir uşaq işgəncə görürsə, mən necə evimdə rahat otura bilərəm?"
Hər il 1 milyard uşaq zorakılığa məruz qalır
ÜST, UNICEF, UNESCO və BMT tərəfindən 2020-ci ildə hazırlanmış “Uşaq zorakılığının qarşısının alınmasına dair” hesabatda deyilir ki, hər il dünyada təqribən 1 milyard uşaq və ya hər iki uşaqdan biri müxtəlif növ zorakılıqlara məruz qalır.
Hesabata görə, hər 4 uşaqdan 3-ü və ya 2-4 yaş arası 300 milyon uşaq valideynləri və baxıcıları tərəfindən, 5 yaşadək hər 4 uşaqdan biri isə anaları tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalır.
Hesabatda həmçinin qeyd olunur ki, Azərabaycanda uşaqlara qarşı zorakılıqla bağlı monitorinq və mübarizə barədə məlumat yoxdur.
ÜST-ün “Uşaqlara qarşı zorakılığa son qoyulması üzrə yeddi strategiya” adlı sənədində (2016) qeyd olunur ki, adətən, uşaqlara qarşı zorakılıq halları gizlədilir, görülmür və ya bu barədə məlumat verilmir. Məsələn, qlobal məlumatlar uşaqlarla bağlı rəsmi hesabatlardakından 30 dəfə çox cinsi istismar və 75 dəfə çox fiziki istismar halı olduğunu üzə çıxarıb.
Qanunlar, planlar, konvensiyalar...
Azərbaycanda uşaq zorakılığı ilə bağlı qanunvericilik bazası möcvuddur - 1998-ci ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Qanun, o cümlədən, 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığı haqqında” Qanun, 2020-ci ildə imzalanmış “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” haqqında Prezident sərəncamları.
Bundan başqa, Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına, 2019-cu ildə isə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub.
Azərbaycanda uşaqlara qarşı zorakılıq halları niyə artıb?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, ölkədə uşaq zorakılığının artmasına təsir edən amillər valideynlərin zərərli vərdişlərə aludəçiliyi, xəyanət, maddi problemlər və pandemiya olub.
“Uşaq zorakılığının qarşısının alınması üçün bir çox layihə və tədbirlər həyata keçirilir. Sosial çarxlar, reklam lövhələri hazırlanır. Zorakılıqla bağlı quruma daxil olan müraciətlər zamanı şəxslərə psixo-sosial yardım göstərilir, həmçinin qanuni tədbirlərin görülməsi üçün əlaqədar qurumlara məktub göndərilir. Rayonlarda da uşaq və ailələrə dəstək mərkəzlərimiz var. Ora daxil olan müraciətlər yerindəcə araşdırılır”.
T. Mərdanoğlu Komitədə olan son statistikaya da diqqət çəkib.
Onun dediyinə görə, 2020-ci ildə uşaqlara qarşı məişət zəminli zorakılıq faktları 2019-cu ilə nisbətən azalıb: “Məsələn, 2019-cu il zorakılığa məruz qalmış uşaqların sayı 27, 2020-ci ildə 15 nəfər olub. 2019-cu ildə zorakılığa məruz qalan 2 uşaq ölüb, 2020-ci ildəsə ölüm halına rast gəlinməyib. Bununla yanaşı, 2018-ci və 2019-cu illərdə yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş 1187 cinayətə görə 1161 nəfər barəsində hüquqi məsuliyyət tədbirləri görülüb”.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?