Sosial

Daxili turizm Ramazan tətilindən faydalana bildimi? 

Roza Məmmədova
18 May, 2021
236

Sosial Media

Son iki ildə pandemiya ucbatından yaranmış iqtisadi durğunluq turizm-otelçilik sahəsinə də ciddi ziyan vurub.

Bir həftəlik Ramazan tətilində daxili turizmdə canlanma oldumu? Ölkə vətəndaşları yaz günlərində istirahətə pul xərcləyə bildilərmi? 

Bu yazıda aydınlaşdırmağa çalışırıq.

Azərbaycanda ən yaxşı halda bir nəfərin günlük hotel xərci 40-50 manatdan başlayır. Komfortdan asılı olaraq qiymətlər yüksəlir, amma əksər hallarda qidalanma xərcləri buraya daxil edilmir. 

Buna baxmayaraq, daha aşağı xidmətlərdən yararlanıb istirahət edənlər də var. Məsələn, Nəzrin Əlizadə Mingəçevirdə 50 manata bir gün istirahət etdiyini söyləyir.

Onun dediyinə görə, o, turla səfəri qidalanma xidmətinə görə seçir: “Ancaq belə səfərlərdə hotellərdə gördüyümüz komfortu tapmaq mümkün deyil. Çadır döşəyi narahat, yemək alaçiy, içkilər isə isti olur”.

Azərbaycanda 2020-ci ilin martından - karantin rejimi ilə bağlı turistlərin sayı kəskin azalıb. 

Hazırda ölkədə xüsusi karantin rejimi davam etsə də, ölkədaxili hərəkətə məhdudiyyət aradan qaldırıldığından yerli vətəndaşlar istirahət üçün bölgələrə üz tuturlar. Bununla belə, hotellər müştəri azlığından, vətəndaşlar isə qiymətlərdən şikayətlənirlər.

Qəbələ - Sosial Media

Qəbələdə yerləşən “Kabalaka” restoran və kotteclər şəbəkəsinin marketinq və satış departamentinin rəhbəri Kənan Zabitzadə “Toplum TV”-yə deyir ki, pandemiya zamanı ölkə səviyyəsində qapanma olduğundan hotel daimi müştərilərini itirib: “Belə olan halda, kommunal ödənişlər, işçilərin əməkhaqqı, infrasturuktur və digər xərclər oteli ziyana saldı”.

Onun sözlərinə görə, Ramazan bayramı ərəfəsində müştəri sayında canlanma müşahidə edilsə də, bu, hotelin gəlir əldə etməsi üçün kifayət deyil: “Bir obyektin işləməsi üçün həm yerli qonaq, həm də turist olmalıdır. Hazırda hotellərin turist bazası yoxdur. Yerli qonaqlar da, adətən, həftəsonları gəlir. Bundan hotelin qazanclı çıxması mümkün deyil”. 

K.Zabitzadə deyir ki, sərt karantin rejimi dövründə müştəri olmadığıdan hotel işçi sayında da ixtisarlar edib: “Məsələn, təmizlik şöbəsində 3 işçi olmalıydı, ancaq biz onu 2-yə salmağa məcbur olduq. Əvvəllər xidmət personalının sayı 5 olduğu halda, indi cəmi 3 nəfər bu işlə məşğul olur. İxtisar etməyə məcbur idik, yoxsa ay sonu zərər qazancı üstələyəcəkdi”.

Satış təmsilçisinin sözlərinə görə, qarşıdan istirahət mövsümü gəlsə belə, qiymətləri qaldırmaq müəssisəyə sərf etmir: "Rəqib hotellərdə də eyni vəziyyət hökm sürdüyündən yüksək qiymətlər müştəri itkisinə səbəb ola bilər. Burada həm qiymətləri mümkün qədər sabit saxlamaq, həm də elə bir məbləğ təklif etmək lazımdır ki, müştərilər qaçmasın". 

Bununla belə, K. Zabitzadə xüsusi günlərdə qiymətlərin dəyişə biləcəyini də istisna etmir. 

Onun sözlərinə görə, ölkədə yaşayış səviyyəsi aşağı düşdüyündən müştərilər də dəyişib. 

“Bizdə qiymətlər 25 manatdan başlayır. Yəni bu pula həm səhər yeməyi, həm qalmaq xərcləri daxildir. Amma bunun üçün minimum 4 nəfər olmalıdır. Bu da ümumilikdə 100 manat edir. Əvvəllər qonaqlar daha çox xərcləməyə meyilli idi, indi isə onlar yeməkdən uzaq qaçırlar. Əvvəllər qonaqlar ət yeməklərini daha çox üstünlük verirdisə, indi onlar sup, yaxud nisbətən daha ucuz qidaları sifariş verirlər. Mümkün qədər az pul xərcləmək üçün onlar yeməyi ya evdən gətirir, ya da marketlərdən aldıqları ilə qidalanırlar. Buna görə də qonaq gəlsə belə, xeyir verə bilmir”, - deyə o bildirib. 

Şəki - Sosial Media

Şəkidə fəaliyyət göstərən “Sheki Saray Hotel”in meneceri Sərxan Məmmədov isə deyir ki, yay mösümündən ümidlidirlər: “Bayram günlərində hotelimiz müəyyən qədər doldu. Amma növbəti günlərə sifariş - "bron" yoxdur. Mövsüm dəyişsə də, müştəriyə xidmətləri qış qiyməti ilə təklif edirik. Adətən, bizim məkanımızda bir nəfərin minimum istirahət xərci 30 manatdan başlayır və sezondan asılı olaraq 60 manata qədər dəyişir. Ümid edirik ki, yay aylarında vəziyyət düzələcək”.

Lənkəranda yerləşən “Bəşəru” istirahət mərkəzinin baş meneceri Rufail Kərimov da müştəri azlığından narahatdır: "Həftəiçi, demək olar ki, adam olmur. Həftəsonu isə nadirən otaqların yarısı dolu olur".

R.Kərimov keçən il də vəziyyətin yaşandığını deyir: “Pandemiyadan əvvvəl bu vaxtlar qonaq əlindən tərpənmək olmurdu. İndi nadir hallarda kimsə ezamiyyət, iş adıyla gəlir, o da bir gün qala, ya qalmaya. Üstəlik, qiymətlərdə də endirim etməyə məcburuq”.

Mingəçevirdə fəaliyyət göstərən “Səməni” istirahət mərkəzinin meneceri Şahmar Teymurovun isə deyir ki, ödənişə yemək də daxildir: " 100 manata bu məkanda bir günlük qalmaq və yemək xərclərini qarşılamaq olar. Bu yaxınlarda Mingəçevirdə “Mingo” festivalı baş tutdu, eyni zamanda Ramazanla əlaqədar tətil olduğundan hotelimizi seçənlərin sayı çoxaldı. Amma əvvəlki illərdə olduğundan fərqli olaraq, hələ ki bu il kimsə hotelimizdə öncədən yer sifariş etməyib”.

O əlavə edib ki, pandemiya ilə əlaqədar müştərilər azalsa da, dövlət dəstəyi olduğundan işçilərin sayını azaltmayıblar.

Bakıda isə vəziyyət daha sabitdir. Novxanıdakı “Spring” istirahət mərkəzinin təmsilçisi Kənan Səmədzadə mövzümlə əlaqədar müştərilərin artıb-azaldığını qeyd edir: "Pandemiya vaxtı müştəriləri nisbətən azalsa da, istirahət mərkəzi fəaliyyətini dayandırmayıb".

K.Səmədzadə yayda müştərilərin sayının daha da artacağını ehtimal edir.

Turizm şirkətləri də narazıdır...

“Outofthewild” ("Autofdevayld") şirkətininin təsisçilərindən olan Rəşad Ötükən “campinq”, bələdçi, dağçı kimi fəaliyyət göstərir, bölgələrə turist daşımaqla məşğuldur.

Deyir ki, pandemiya dönəmində qarşılaşdığı ən böyük problemlər nəqliyyatla bağlı olub: "“Böyük avtobusda turist daşımağa icazə yoxdur. Maksimim 8 nəfərlik “Vita” ilə daşınmanı təşkil etmək olar. Belə az tutumu olan marşurutla getmək daha bahadır. Məsələn Astaraya getmək 250 manata başa gəlir. Halbuki, bu, 20 nəfərlik avtobusun qiymətidir. İndiki halda 20 nəfəri 3 “Vita” ilə daşımaq olar ki, bu isə 750 AZN( 250X3) başa gəlir. Nəqliyyat xərci artanda bu digər qiymətlərə də təsir edir. Belə təklif də insanların cibinə uyğun deyil”.

Lerik - Sosial Media

R.Ötükənin sözlərinə görə, ən böyük ziyanlardan biri də “camping” sahəsində olub: “Çünki düşərgədə insan sayı nisbətən daha çox, eyni zamanda buradakı mühit daha sərbəst olduğundan insanların çoxu belə istirahətə üstünlük verirdi. Hazırda nəqliyyat xərcləri və yanacağın qiymətləri artdığından qiymətlər də yüksəlib”.

Bələdçi deyir ki, müştəri qazanmaq üçün yürüşlərin qiymətini maksimum dərəcədə aşağı edirlər: “Turlarımızın qiyməti, adətən, 20 manatdan aşağı olur. Sonuncu səfərdə ziyan gəlirlərdən çox olduğuna görə, 70 manat öz cibimizdən qoymalı olduq. Elə də olub ki, bir səfər də qazandığımız cəmi 4 manat olub. 20-30 manat arası məbləği belə baha hesab edən müştərilər var. Biz onlarla işləyirik”.

R.Ötükən hesab edir ki, digər əsas problemin biri dövlətin qeydiyyatdan keçən şirkətlərə dəstək verməməsidir: “Bu sahədə monopoliyalar var. Ona görə də dövlət dəstəyi hara, necə gedir bilinmir. Rəsmi qeydiyyata alındıqdan sonra sığorta və digər əlavə xərclər yaranır. Bu da həm şirkət rəhbərinin, həm də müştərinin xərclərinin çoxalması deməkdir. Amma bəlli şirkətlər var ki, baha qiymətlər qoyurlar. Onların öz müştəriləri olduğundan işləri rahat gedir”.

Bu il üzrə yaşayış minimumu ölkə üzrə 196 manat (əmək qabiliyyətli əhali üçün 207, pensiyaçılar üçün 162, uşaqlar üçün 175 manat) müəyyənləşib. 
Pandemiya davam etdiyindən insanların yaşayış səviyyəsinin aşağı düşdüyü deyilir.

Hoteldə bir nəfərin bir günlük istirahət xərcisə yaşayış minimumunun təxminən 51%-i deməkdir.

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar