Dələduzluq piramidasının qurbanları – “Ən uğursuzlar layihəyə sonradan daxil olanlardır”
Rəsmi səhifə
""Crowd1" kimi layihələrdə olanların 90%-i bilirdi ki, bu, konkret piramidadır və bir gün bu hardasa qırılacaq. Bunu bilə-bilə öz dostlarını, qohumlarını və tanışlarını belə layihələrə cəlb ediblər. Qazananlar olubmu? Bəli, olub, lakin itirənlər daha çoxdur".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti noyabrın 29-da məlumat yayıb ki, maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən "Crowd-1" şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar.
Məlumata görə, bu barədə nazirliyə zərəçəkənlər tərəfindən çoxsaylı şikayətlər daxil olub. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış "Crowd-1" dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.
"Qeyd olunan beynəlxalq dələduzluq piramida sxemini təşkil etməklə ona rəhbərlik edən Habil Bədəlov və digər 5 şəxs ətrafında əməliyyat-texniki tədbirlər keçirilib, dəstənin cinayət əməlləri barədə sübutlar toplanılıb. Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında "Crowd-1"in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər",- nazirliyin açıqlamasında qeyd olunub.
Araşdırmalar zamanı məlum olub ki, Piramidaya qoşulanlar "Crowd-1"-ə cəlb etdikləri hər əlavə şəxsdən, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər əldə edəcəklər. DİN müəyyən edib ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara "Crowd-1" şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.
Ölkədə "Crowd-1" şirkətinə üzv olanlar az deyil. Məsələn, "Toplum TV"-yə danışan Bakı Dövlət Universitetinin tələbəsi Kamil 1 il əvvəl qrup yoldaşının vasitəsilə bu layihə barədə xəbər tutub. O, şirkətə 303 manat ödəyərək üzvlük əldə edib. Şirkət Kamilə il ərzində 4 dəfə passiv gəlir ödəməli olsa da, hələ ki, balansında 303 manat qarşılığında 8-9 manat pul var.
Bunu da oxu: “Quluq, hambalıq, bunun başqa nə adı var?”
Kamil deyir ki, platformaya əlavə şəxs qoşa bilmədiyi üçün qazana bilməyib: "Hər ay birjanın açılmasını gözləyirəm ki, hesabımı satıb, çıxım. Açılacaq-açılacaq deyirlər, amma açmırlar".
Danışılanların əksinə, bu şirkətə investisiya edib, gəlir götürən də olub.
Məsələn, eyni universitetin tələbəsi Aynurun sözlərinə görə, bu layihəyə 2020-ci ilin dekabrın 1-də qoşulub. O, "Crowd-1" şirkəti barədə tanışlarından eşidib. İnternetdə şirkət haqqında araşdırma aparandan sonra isə layihəyə qoşulmaq qərarı alıb.
"Şirkətə üzv olan zaman təhsil paketi əldə edirdik. Bundan əlavə "reward" adlı şirkətin gəlirinə ortaqlığı təmin edən hissələri də şirkət bizə hədiyə verirdi. Məhz o hissələr sayəsində ildə 4 dəfə passiv gəlir əldə edəcəkdik. Məni də bu cəlb etdi. Bu passiv gəlir şirkət var olduğu müddətcə bizə veriləcəkdi".
Bu təklifləri öyrənəndən sonra Aynur 202 manatlıq - ən aşağı paketlə şirkətə üzv olub. Daha sonra isə ailə üzvlərini, universitetdən tanıdığı 2-3 nəfər şəxsi və başqa tanışlarını şirkətə üzv edərək kiçik bir komanda qurub. Məhz bu aktivliyi sayəsində o, layihədən gəlir götürə bilib.
"İlk gəlirimi 14 gün sonra götürdüm. Məbləğ də 200 manat idi. Onu "gift kod" üsulu ilə rahatlıqla nağdlaşdıra bildim. Ümumilikdə isə indiyədək şirkətdən 800 manat gəlir götürə bilmişəm".
Kriptovalyutalar üzrə ekspert Elnur Quliyev “Toplum TV”-yə danışır ki, insanların bəziləri maliyyə savadsızlığından, bəziləri işsizlikdən elə vəziyyətə çatırlar ki, hər söz verənə ümid kimi baxır, inanırlar. Elementar araşdırma aparmadan kiçik məbləğlə daha çox qazanmaq ümidi ilə investisiya edirlər. Nəticədə həm özləri pul itirir, həmdə dostları və yaxınları qarşısında gözükölgəli olurlar.
“Maliyyə piramidalarından qazananlar da olur. Burda əsas məqam layihənin başlanğıcında daxil olmaqdır. Başlanğıcda daxil olanların qazancları və bonusları sonradan layihəyə qoşulanların hesabına ödənilir. Piramidalar o vaxt iflasa uğrayır ki, layihəyə qoşulanların sayı azalır və aktivlik aşağı düşür. Yəni ən uğursuz adamlar layihəyə sonradan daxil olanlardır”,-ekspert belə deyir.
E. Quliyevin sözlərinə görə, belə layihələr ən az 6 ay, ən çox da 2 ilədək davam edir. Layihənin yaradıcıları da sonda ya aradan çıxır, ya da həbsə düşürlər: “"Crowd-1" şirkəti sentyabr ayından boğulmağa başlamışdı. Çünki pul ödənişini dayandırmışdılar. Bu bəlli ssenaridir ki, ödəniş dayanandan 2 ay sonra problem ortaya çıxır”.
Bunu da oxu: “Dövlət vətəndaşı cinayət işləməyə məcbur edir”
Ekspert vurğulayır ki, bu tip layihələrin ölkədə qeydiyyatda olub-olmamasına, rəhbərlərinin keçmiş fəaliyyətinə baxmaq lazımdır: “"Crowd-1" Azərbaycanda qeydiyyatdan keçməmişdi, özünü beynəlxalq şirkət kimi təqdim etmişdi. Həmçinin şirkətin başçısı əvvəllər şəbəkə biznesində olmuş adamdır”.
Sonda ekspert onlayn investisiya etmək istəyən şəxslərə məsləhətlər də verir: “İnsanlar anlamadıqları biznesə yatırım etməsinlər. Əgər yatırım etmək istəyirlərsə, bu barədə ekspertlərlə məsləhətləşsinlər. Sizə təklif olunursa ki, bu layihəyə başqa adam gətirməlisiniz, bilin ki, bu, maliyyə piramidasının ilk zəngidir. Çünki oratada satılan məhsul olmalıdır, əgər siz insanları layihəyə cəlb etməklə qazanırsınızsa, deməli, bu, şəbəkə biznesidir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə