Sosial

Deputat: “Sosial yardımlar insanların ləyaqətli yaşayışını təmin edə bilmir”

Aytac Məmmədli
15 Aprel, 2022
361

sputnik.az

Sosial işçi: “Yardımla bağlı qanunlardakı boşluqlar ölkədə əməlli-başlı problemə çevrilib”

Xəstəliyinin adını bilməyən ata, savadsız ana, göz xəstəlikli uşaqlar - Hüseynovlar ailəsi dünya boyda dərdlərini bir otaqlı qaçqın yataqxanasına sığışdırıb.

Ailə 10 ildir Yasamal rayonu İsfəndiyar Zülalov küçəsində yerləşən məcburi köçkün yataqxanasında yaşayır. Elşən Hüseynovun 41 yaşı var, Ağdamdan məcburi köçkündür, həyat yoldaşı 39 yaşlı Turanə Hüseynova isə Daşkəsən rayonundandır. Onlar 10 il əvvəl ailə qurub, bu yataqxanada yerləşiblər, hazırda 3 uşaqları var.

Turanə Hüseynova danışır ki, Daşkəsəndə onu ana nənəsi böyüdüb, cəmi 4-cü sinfədək məktəbə gedə bilib. Məktəbdən ayrılandan sonra da elə nənəsinin yanında qalaraq ona ev, təsərrüfat işlərində köməklik edib. Turanə Hüseynova yazıb-oxumağı bacarmır.

Həyat yoldaşı Elşən Hüseynov isə 28 ildir yataqxanada yaşayır. Səhhətində yaranan problemlərdən dolayı işləyə bilmir. Onun dediyinə görə, artıq yemək yeyəndə qaytarır, qan qusur, nəfəs darlığı var: heç özü də xəstəliyinin nə olduğunu bilmir.

"Bir dəfə dayanmadan qusurdum, o qədər qan qusmuşdum ki, huşumu itirmişdim. Anam bankdan 800 manat kredit götürdü, həm evə ərzaq filan almaq üçün, həm də məni həkimə aparacaqdı. Elə onda bir dəfə yoxlandım, həkim dedi ki, daxili orqanların sırada çıxıb",-Elşən Hüseynov danışır.

Turanə Hüseynova kiçik oğlu Şahların gözündə də çəplik olduğunu söyləyir. Onun dediyinə görə, böyük oğlu Tunarın da gözləri zəifdir, həkimlər xəbərdarlıq edib ki, müalicə olunmasa, gələcəkdə onun da gözündə çəplik yaranacaq. Uşaqlar Milli Oftalmologiya Mərkəzində müayinə olunsalar da, Şahların göz əməliyyatı üçün ailənin pulu çatmır.

"Dövlətdən bir qəpik xeyrimiz yoxdur, nə sosial yardım verdilər, nə də uşaq pulu. Ərim məcburi köçkün olduğuna görə 60 manat müavinət alır. O pul da uşağın bir ayyaqabısına ancaq bəs edər".

T. Hüseynova danışır ki, evə ərzaq almağa qaynanası kömək edir, bəzən də anası onlara rayondan pul göndərir.

"Ağlamaq kimi çıxmasın, amma özümüz üstümüzə bir dəfə paltar almamışıq... Uşaqlarımın paltarını qonşular verir, onların uşaqları böyüdükcə paltarları dar gəlir, mənə göndərirlər. Özüm də xalamqızının köhnə pal-paltarını geyinirəm. Qohumlar iynə-dərman alıb göndərirlər, utanırıq vallah…"

Turanə Hüseynova sosial yardım və işsizliyə görə müavinət almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etsə də, nəticəsiz qalıb.

"Sosial yardım üçün nazirliyə getdik, dedilər ki, biriniz işləməlisiniz, ya siz, ya əriniz. Sosial yardım kasıblar üçün deyilmi? İşləyəcəmsə, daha nəyimə lazımdır bu yardım? Heç işsizliyə görə də pul ala bilmirik, guya ərim məcburi köçkün müavinəti alır deyə, bizə düşmür".

Nazirlik də təsdiqləyir: nə iş var, nə də yardım

Məsələ ilə bağlı "Toplum TV"-yə açıqlama verən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili yenə eyni qaydaları təkrarlayır. Nazirlik rəsmisi bildirir ki, Hüseynovlar ailəsinin əmək qabiliyyətli üzvləri işsizdir və torpaq mülkiyyətçisi deyillər. Əgər ailənin əməkqabiliyyətli üzvlərindən biri əmək fəaliyyəti ilə məşğul olarsa, sosial yardımla bağlı müraciətlərinə baxıla bilər.

Rəşad Mehdili - açıq mənbədən götürülüb

Nazirlik rəsmisi Hüseynovlar ailəsi üçün alternativ yardım paketinin mövcud olmadığını da qeyd edir.

Turanə Hüseynova isə məşğulluq xidmətinə müraciət etsə də, ona uyğun vakansiya olmadığı cavabını aldığını deyir.

Dövlət Məşğulluq Xidmətinə müraciətimizdən sonra qurumun əməkdaşları şikayətçi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Əsmər Nəcməddinqızının dediyinə görə, Turanə Hüseynovanın iş tələbləri qanunauyğun deyil.

“Vətəndaş həyat yoldaşının yataq xəstəsi, azyaşlı övladlarının olduğunu bildirib. Turanə Hüseynova işə gedəndə uşaqlarını qoymaq üçün yeri olmadığını və bu səbəbdən 1-2 saatlıq iş istədiyini deyib. Bu isə qanunlara uyğun deyil. Çünki Turanə xanım işləmək yox, adının işdə getməsini istəyir”.

Əsmər Nəcməddinqızı - sosial media

Ə. Nəcməddinqızı T. Hüseynovanın işləmək imkanı olarsa, nazirliyinn ona dəstək göstəriləcəyini vurğulayır.

Beləliklə, sosial yardımdan əlini üzən Hüseynovlar ailəsinin tək ümidi xeyirxah insanlara qalıb…

Qanunlar nə deyir

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna  görə, sosial yardım dövlət büdcəsindən maliyyələşdirilir. Onun məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsidir. Sosial yardım bütün aztəminatlı ailələrə onların orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur.

Mediada vaxtaşırı saxta yollarla ünvanlı sosial yardım alanlarla bağlı xəbərlər paylaşılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ilin oktyabrında verdiyi açıqlamaya əsasən 1068 nəfər saxta yollarla sosial yardım alıb. Məlumata görə, vətəndaşlar yardım almaq üçün sahibkarlarla qısamüddətli əmək müqaviləsi imzalayır, sonra isə müqaviləyə xitam verilir.

Belə olan halda sual yaranır: Sosial yardım haqqında qanun doğrudanmı aztəminatlı ailələrin sosial müdafiəsini təmin edə bilir?

“Qanunlar məhduddur”

Sosial işçi Sənubər Heydərova bildirir ki, sosial yardımla bağlı Azərbaycan qanunları məhduddur və ölkədə kifayət qədər sosial yardım paketi yoxdur. Sosial işçinin sözlərinə görə, ona müraciət edənlər arasında elə vətəndaşlar var ki, vəziyyətlərinə uyğun yardım paketi təqdim etmək olmur.

“Hüseynovlar ailəsinə gəldikdə, əgər Elşən Hüseynov əmək qabiliyyətini itiribsə, ona əlillik dərəcəsi təyin edilə bilər. Turanə Hüseynova isə özünəməşğulluq proqamına yazıla, 3 aylıq kurslara gedə bilər. Həmin kurs vaxtı qadın müəyyən müavinət alacaq, sonra da ona uyğun avadanlıqlar veriləcək və o, məşğul kimi qeydiyyata düşəcək. Amma görünür, Məşğulluq Agentliyi bunu qadına təklif etməyib”.

Sənubər Heydərova - sosial media

Sənubər Heydərova qeyd edir ki, əlillik dərəcəsi və məşğuliyyət təmin olunanadək ailəyə müvəqqəti yardım da verilə bilərdi.

O, sosial yardımla bağlı qanunlardakı boşluqlardan da danışır və bunun ölkədə əməlli-başlı problemə çevrildiyini düşünür. Sənubər Heydərovanın qənaətincə, sosial yardımın məqsədi heç bir məşğuliyyəti olmayan insana yaşayışını təmin etmək üçün nəzərdə tutulmayıb, əksinə o, qazancı ailəsini dolandırmağa bəs etməyən insanlara verilir. Sosial işçi işçi hesab edir ki, işsizliyə görə ayrıca müavinət verilməlidir.

“Rayonlardan müraciət edən şikayətçilər olur, torpaq sahələri olduğuna görə yardım ala bilmirlər. Niyə bu torpaqların funksionallığı nəzərə alınmadan insanlar sosial yardımdan məhrum olunurlar? Biəzənsə elə hallarla qarşılaşırıq ki, həyətyanı ərazilər torpaq sahəsi kimi göstərilir. Halbuki bu ərazilər torpaq sahəsinə aid deyil və orda əkin-biçin işi həyata keçirilmir. Yəni bəzən rayonlarda insanların bilgsizliyindən istifadə edib, onları sosial yardım haqqından məhrum edirlər”.

Deputat: “Sosial yardımlar insanların ləyaqətli yaşayışını təmin edə bilmir”

“Toplum TV”-yə danışan deputat Razi Nurullayevin sözlərinə görə, aztəminatlı ailələrin hüququ qanunvericiklə qorunur, lakin tətbiq olunan güzəştlər onların ləyaqətli yaşayışını təmin edə bilmir.

“Güzəştlər və təminatlar insanların gündəlik tələbatlarını ödəyəcək səviyyədə deyil. Ona görə də insanlar daim narazıdırlar, müavinətlərin artırılmasıyla bağlı tez-tez müraciət edirlər. Həmçinin aztəminatlı ailələrdə yaşayan insanlar çox vaxt savadsız olurlar və öz profillərinə uyğun iş tapa bilmirlər. Əslində dünyanın heç bir yerində verilən sosial müavinətlər insanlara bəs etmir, amma bu məbləğ Azərbaycanda daha da azdır”.

Razi Nurullayev - açıq mənbədən götürülüb

Deputat qeyd edir ki, ölkədə bir neçə adda sosial yardımlar verilir: ünvanlı sosial yardım, işsizliyə görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət. Amma R.Nurullayevin fikrincə, sadalanan yardımlar çox dağınıq şəkildədir və insanların ləyaqətli yaşayışını təmin edə bilmir. Ona görə də bu yardımların bəzilərini birləşdirilməsini və daha yüksək məbləğlə əvəzlənməsini təklif edir

Onun sözlərinə görə, qanunlar ölkə reallıqlarını nəzərə almadan hazırlanıb.

“Qanunlarda zəif nöqtələri tapıb, təkliflər vermək olar. Lakin biz daha çox onun həyata keçirilmə mexanizminə diqqət etməliyik. Ehtiyacı olmadan sosial yardım alan, başqalarının haqqına girən o qədər insan olub ki. Bu qanunları həyata keçirən orqanlar və onların işçiləri vicandanları qarşısında cavabdehlik daşımalıdırlar. Əgər onlar vicdan və qanun qarşısında məsuliyyət daşımırlarsa, şəffaf işləmək istəmirlərsə, həmin idarələrin daxili isintaq qrupu hüquq-mühafizə orqanlarına siqnallar verməlidir”.

Deputatın fikrincə, qanunların həyata keçirilmə mexanizminin şəffaflaşdırılması uzun müddət alacaq və insanların narazılığına səbəb olmağa davam edəcək.

 

 

 

 

 


 

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo