“Dilənməsək, acından ölərik” – Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndən Reportaj
Toplum TV
“Biz qaraçı deyilik”
Yevlaxda yerli əhalidən dilinə, yaşam tərzinə görə fərqlənən etnik xalq yaşamaqdadır, el arasında onlara “qaraçılar” deyilsə də, özləri kürd olduqlarını söyləyirlər.
Müşahidə etdiyimiz qədər yerli camaatın onlara münasibəti birmənalı deyil. Kimisi onlarla qaynayıb-qarışırsa, kimisi də ehtiyatlı davranır. Məsələn, həmin məhəlləyə tək gedəcəyimi öyrənən yerlilərdən buna təəccüblənənlər oldu, hətta telefonumu, pulqabımı və çantamı yaxşı-yaxşı qorumalı olduğumu tapşırandan sonra “küçənin başında durmuşuq, nəsə lazım olsa, köməyə qaça bilərik” söyləyib yola saldılar.
Məhəllənin fərqli ab-havası var. Uşaqların bəzisi evlərin önündə toplanmış xəzəli yandırıb əllərini isidir, bəzisi palçığın içində ayaqyalın ora-bura qaçışır, analarını səsləyirlər, əllərində təsbeh darvazanın önündə söhbət edən qadınlarsa üzümə baxıb, məhəlləninin təzə qonağının kim olduğunu aydınlaşdırmağa çalışırlar.
Təsbehli qadınlardan biri yaxınlaşıb “Düzünü de, hardan gəlmisən? Bizi danışdırıb nə edəcəksən?”,- deyə məni sorğu-suala tutmağa başlayır.
Cavablarımdan deyəsən, qane olan qadın axır ki, özü haqqında danışmağa razılıq verir. Şahizər adlı həmin qadının dediyinə görə, əcəm kürdlərindəndir, ata-babaları bura 1940-cı illərdə İrandan köçüblər. Burda hər kəs onları “qaraçı” kimi tanısa da, qadın bununla razılaşmır, dəfələrlə özlərinin müsəlman kürdü olduqlarını vurğulayır.
11 uşaq doğan Şahizərin 6 uşağı sağ qalıb. O deyir ki, uşaqlarının 5-i müxtəlif xəstəliklərdən, ya da “Allahın əcəlindən” ölüblər.
Qadının sözlərinə görə, burdakı əksər ailələr çoxuşaqlıdır. Hər ailədə minimum 5-6 uşaq doğulur. O, çoxuşaqlılığı adətləri ilə əlaqələndirir: “Uşaqları abort etdirmək günahdır, o dünyada buna görə cəzalandırılacağıq”.
Əvvəl gəlişimdən narazı görünsə də, problemlərdən söhbət düşən kimi qadının dilinin qıfılı açılır, pensiyaların azlığından, işsizlikdən, qadağalardan danışmağa başlayır: “Kasıbçılıqdı, bala. 130 manat pensiya alıram. Dilənməyə də qoymurlar. Heç yerdən köməyimiz yoxdur. Elə mən də jurnalist axtarırdım ki, dərdimi danışım”.
Ürəyi dolu olan Şahizər deyir: “Sən bizim şəkillərimizi çəkirsən, amma bunları Prezidentə göstərməyəcəklər, gizlədəcəklər. Kasıb-kusubun dərdinə baxan yoxdur ha”.
“Müharibə olan kimi kişiləri yığıb aparırlar, amma dərdimizdən danışanda qulaq asmırlar”
Şahizər Yevlax İcra hakimiyyətinin biganəliyindən də şikayətlənir. O deyir ki, güzəranlarını yaxşılaşdırsınlar, onlarla maraqlansınlar deyə dəfələrlə quruma müraciət ediblər, amma şikayətlərinə baxan olmayıb: “Evlərdə qaz yoxdur, odun peçləriylə isidirik özümüzü. Heç yerdən pul gəlmir. Dədə-baba adətimiz üzrə dilənməyə çıxırıq, indi onu da qadağan ediblər. Bəs bu camaat neynəsin? İmkanım yoxdur, gedib dilənirəm, oğurluq etmirəm ki. Müharibə olan kimi kişiləri yığıb aparırlar, amma dərdimizdən danışanda qulaq asmırlar”.
Qadın İcra hakimiyyəti nümayəndələrinin məhəllələrinə baş çəkmələrini istəyir: “Çox şey istəmirik, gəlib bizə baş çəksinlər, görsünlər nə var, nə yox? Burda heç kim bizə pis davranmır, biz özümüzü azərbaycanlı hesab edirik, bu ölkənin bir parçasıyıq. Amma Kürün suyunu da bizə pulla satırlar. Su pulum 300 manat yazıb, hardan alıb verim? Qoy gəlib kəssinlər, nə edim?”.
Ailədəki 9 uşaqdan heç biri təhsil almır
Şahizər məni oğlu Tacəddingilə aparır. 9 uşaq atası zibillikdən dəmir, başqa tullantılar, məsələn, enerji içkilərinin, ətirlərin boş qablarını yığmaqla dolandığını, günə 5-10 manat qazandığını söyləyir.
“Qazancımız da ancaq yeyib-içməyimizə bəs edir. 9 uşağımın heç biri məktəbə getmir. İmkan var oxutmağa? Onları məktəbə göndərəndə gərək ciblərinə pul qoyasan, paltar alasan, evə gələndə yeməkləri hazır olsun”.
Tacəddinin dediyinə görə, sosial yardım alsalar da, artıq müddəti bitib. 9 uşağa görə aldıqları uşaq pulu isə onlara yetmir: “Həyatımızdan məmnun deyilik, amma Allah bilən məsləhətdir. Çox tapırıq çox, az tapırıq az yeyirik. Əsas odur ki, heç kimin evində qalmırıq, heç kimin cibinə girmirik”.
“Polislər deyir, dilənməyin, dolanmayın, acından ölün”
Bu da Tacəddingildən 2 ev aralıda yerləşən Rozagilin evidir, daha doğrusu, onun qardaşı evidir.
Rozanın ata-anası yoxdur, qayınana-qayınatası onları evdən qovub deyə, əri və 6 uşağıyla birlikdə subay qardaşının evinə sığınıb.
Yeri gəlmişkən, məhəllədki evlər bir-birinə çox bənzəyir, demək olar, hər həyətdə köhnə avtomobillər, bir qıraqda dəmir-dümür topası, antenlər, rəngi paltarlarla dolu kəndir asılqanlar var. Evlərin çölü kimi içi də oxşardır: odun peçinə qısılan ortayaşlılar, bir az aralıda adyala bükülmüş uşaqlar cəmi bir otağa yığışıb. Otaqların divarları boyasızdır, içəridən nəm qoxusu gəlir, döşəmələrə isə xalça yerinə nazik adyallar sərilib.
Burda evlər kimi, əksəriyyətin dolanışığı da bir-birinə oxşayır, çoxu işsizdir, dediklərinə görə ya dilənməklə ya da müxtəlif metalları və ya tullantıları toplayıb satmaqla çörək pulu çıxarırlar.
Roza da danışır ki, əri dəmir yğıb satır, özü isə dilənçilik edir. O, dilənməyə daha çox Bakı, Lənkəran, Gəncəyə getdiklərini, günə 5-10 manat çıxardıqlarını söyləyir.
“Dilənməsək, açından ölərik. Uşaqları diləndirmirəm, onlar körpədilər, dilənən vaxtları deyil. Amma polislər bizi dilənməyə qoymurlar, deyirlər ki, dilənməyin, dolanmayın, acından ölün. Hamımızı küçələrdən yığıb, maşına basıb, “Xətai”yə (Bakının Xətai rayonundakı müvəqqəti saxlama yerini nəzərdə tutur - red.) atırlar”.
Rozanın uşaqları da məktəbə getmir. Deyir ki, məktəb nümayəndələri vaxtaşırı balacaları məktəbə göndərmələrini istəyir, amma nə özlərinin uşaq oxutmağa imkanları çatır, nə də uşaqların buna marağı var.
“Qəbullanmışıq, bilirik, adətləri budur”
Bu məhəllədə yerli sakinlər də yaşayırlar, ehtiyatla davransalar da, qonşuluq etməyə çalışırlar.
“Onlara 1 manat pul verirsən, bütün məhəllə uşağı səndən əl çəkmir. Birinə verdinsə, gərək hamsına verəsən. Amma daha onları qəbullanmışıq, bilirik ki, adətləri budur”, - Qabil İmanquliyev yarızarafat, yarıciddi söyləyir. Bir də onların səs-küylü olmasından şikayətlənir.
“Camaatın özü işləməyə meyilli deyil”
Yevlaxdakı həmin məhəllələrdə səliqəsizlik, təmizliyin olmaması da gözə çarpır. Sakinlər rəsmi qurumları məsuliyyətsizlikdə suçlayırlar.
Yevlax Rayon İcra başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynovun “Toplum TV”-yə dediyinə görə, həmin küçələrdə təmizlik işlərinin görülməsi planlaşdırılır.
“Şəhərin mərkəzi təmizlənir, ayın 20-dən sonra da ara məhəllələrdə anti-sanitariya işləri başlanacaq. Küçəni zibilləyən elə sakinlərin özləridir. Təbii ki, onlarla da maarifləndirmə işləri aparılacaq”.
O ki qaldı burda yaşayanların başlıca probleminə, yəni işsizliyə, şöbə müdirinin iddiasına görə, əhalinin özü rəsmi işdə çalışmağa meyilli deyil: “Biz iş təklif edirik, məşğulluq idarəsi var, orada qeydiyyatdan keçmək olar. Bu camaatın özü işləməyə meylli deyil. Biri deyir ki, mən fəhlə işləyə bilmərəm, o biri deyir ki, küçə süpürə bilmərəm. Kimsə yaxşı vəzifə axtarırsa, işinin mütəxəssisidirsə, buyursun, gəlsin. Vakant yerimiz varsa, yerləşdirəcəyik”.
Amma İ.Hüseynov məhəllə sakinlərindən iş üçün müraciət edənlərdən bəzilərinin işlə təmin olunduqlarını da qeyd edir.
Evlərdə odun sobası yandırılmasına gəlincə, şöbə müdiri Yevlax şəhərinin 99 faiz qazla təmin olunduğunu bildirir. Bununla belə məsələnin araşdırlacağını vurğulayır: “Kiminsə qazı borcdan kəsilə və ya hansısa evə əvvəldən qaz çəkilməyə bilər. Bu barədə araşdırarıq”.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçisi Anarə Məmmədova isə deyir ki, ehtiyacı olan sakinlər daim diqqət mərkəzindədirlər.
İcra nümayəndəsinin sözlərinə görə, uşaqlarını məktəbə göndərməyən valideynlərə xəbərdarlıq edilir, onlarla profilaktik söhbətlər aparılır: “Biz heç kəsin uşağını məcburi məktəbə göndərə bilmərik axı. Valideynin özü bunda maraqlı olmalıdır”.
Dövlət Statistika Komitəsinin 2009-cu ildəki son siyahıya almasına görə, Azərbaycandakı əhalinin 0,1 faizini kürdlər təşkil edir. Ölkədəki 6065 nəfər kürdün 210-nu Yevlax şəhərində məskunlaşıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə