Sosial

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər - Dövlət dini məsələlərə nəzarəti gücləndirir?

Məzahir Abdurahmanov
31 Yanvar, 2022
1488

Açıq mənbələrdən götürülüb

"Dini işlər dövlətin görəcəyi işlər deyil. Qanun layihələri qəbul oluna bilər, qanunlarla dini işlər təmzimlənə bilər, lakin bu işlərə nəzarəti hansısa idarə yox, elə qanunun özü nəzarət etməlidir".

Siyasi şərhçi Azər Qasımlı Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunda aparılan dəyişikləri "Toplum TV"-yə şərh edərkən belə deyib.

Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub. "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilib.

Məsələ ilə əlaqədar "Toplum TV"-yə açıqlama verən ilahiyyatçı Tural İrfan qeyd edib ki, o, qanuna edilən dəyişikləri alqışlayır. Onun sözlərinə görə, bu dəyişikliklər yeni islahatların təməlidir.

"Mən ilahiyatçı kimi təkliflər sürmüşdüm ki, hər sahədə islahatlar aparıldığı kimi din sahəsində də islahatlar aparılsın. İndi Qafqaz Müsəlmanları İdarəsinin həyata keçirə bilmədiyi, müəyyən səbəblərdən dini qurumlarla bağlı boşluqlara yol verdiyi qüsurlara görə bu səlahiyyətlət dövlət komitəsinə keçib. Bunlar din sahəsində doğru-dürüst nəzarətin həyata keçirilməsi, dini radikalizmin qarşısının alınması, tolerantlıq ənənələrinin inkişaf etdirilməsi və inanclı şəxslərin öz ibadətləri və ayinlərini rahat şəkildə həyata keçirməsi üçün vacibdir".

Tural İrfan - Açıq mənbələrdən götürülüb

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həm səlahiyyətləri çoxdur, həm də fəaliyyəti müsbətdir. O, fəaliyyətə başlayandan bu günə qədər haqqında qüsur eşitməmişik. Orada həm kadr potensialı baxımından savadlı, həm də dövlətçilik ənənələrimizi bilən adamlar toplaşıb", -  deyə  ilahiyyatçı qeyd edib.

"Dini etiqad azadlığı haqqında" qanuna edilən digər bir dəyişikliyə görə, dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Deputat Fazil Mustafa bildirir ki, dini qurumların qeydiyyatdan keçirilməsi ilə bağlı qanuna edilən dəyişikliklər dövlətin dini radikalizmə qarşı mübarizə aparması və dini qurumların məsuliyyətinin artırılması baxımından zəruridir:

"Əvvəllər qeydiyyat məsələsi daha çox dini idarəyə aid məsələ kimi götürülürdü. Artıq dövlətin müəyyən etdiyi müvafiq icra orqanı tərəfindən bu sənədlər tələb olunacaq. Bu, din sahəsindəki proseslərin müəyyən dərəcədə tənzimlənməsi və gələcəkdə baş verə biləcək problemlərlə bağlı daha ciddi məlumatlara malik olmaq baxımından vacibdir. Burada yenə say azalmır, 50 nəfərlik say nəzərdə tutulub. Lakin həmin saya daxil olan şəxslərin bütün sənədlərinin də bura təqdim olunması zəruri hesab olunur".

Fazil Mustafa - Açıq mənbələrdən götürülüb

 "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsinə əsasən, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

T.İrfan hesab edir ki, bu dəyişiklikdən sonra yığılan və xərclənən pullar şəffaf şəkildə tənzimlənəcək: "İanə məsələsi də həmişə cəmiyyət arasında narahatlıq doğuran qeyri-şəffaf sahələrdən biri olub. Bu, dini məsələ  olduğundan bununla ruhanilər, din xadimləri məşğul olublar. Bizdə milli mentalitetdən irəli gələn bir şeydir ki, din xadimlərinə hər zaman hər yerdə hörmət olunub. Onun fəaliyyəti araşdırılmayıb, işinin şəffalığına yetərincə diqqət yetirilməyib. Bunun nəticəsində də pirlər, nəzir ocaqları, nəzir yerləri istismara məruz qalıb. Nəzir yerlərinin bir çoxu biznes mənbəyinə çevrilib".

Aparılan dəyişikliklərlə dövlət dini sahəyə daha çox nəzarət və müdaxilə etmək istəyir?

Bu suala cavabında T.İrfan deyir ki, Azərbaycanda dövlət tək dini məsələlərə yox, hər bir sahəyə nəzarət keçirir və keçirməlidir:

“Bu heç də dini inanclı insanların və ya din sahəsinin fəaliyyətinin məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Çünki bilirik ki, dünyada dini təbliğat adı altında radikalizm təbliğ oluna bilir. Azərbaycana düşmən olan müxtəlif dövlətlərin Qarabağ azad edildikdən sonra törətdikləri təbliğat fonunda dövlətin din məsələsini nəzarətə götürməsi çox müsbət haldır".

Fazil Mustafa məsələ ilə əlaqədar açıqlamasında bildirir ki, burada məqsəd dini icmaların Azərbaycan Konstutiyasına uyğun fəaliyyət göstərməsini təmin etməkdir: "Qanun fəaliyyəti elə tənzimləyir ki, icmalar ancaq dini fəaliyyətlə, əqidə və inanc problemləri ilə məşğul olsunlar. Dini icmalar başqa məqsədlər üçün yaradılmamalıdır. Çünki dini icmalar bəzən siyasi məqsədlər naminə yaradılır".

Azər Qasımlı isə əksini düşünür. O, deyir ki, İranla bağlı son hadisələrdən  sonra  hökumət dini işləri tam olaraq öz nəzarəti altına almaq istəyir.

Azər Qasımlı - Sosial Media

Onun sözlərinə görə,bütün ictimai təşkilatlara, QHT-lərə fəaliyyət üçün eyni şərait yaradılmalıdır: "Hökumətin ianələrlə bağlı qanunda apardığı dəyişikliklər də eyni məqsədə qulluq edir. Maliyyə axınını rəsmiləşdirməklə onu nəzarət altına almaq istəyirlər. Lakin bu dəyişikliklər ölkədə dini işlərdə hərc-mərcliyin qarşısını almır. Çünki hazırda həm dini komitə var, həm də Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi. Ruhani İdarənin dövlətlə münasibətləri və ictimai funksiyası da suallar yaradır”.

Azər Qasımlı deyir ki, əgər Qafqaz Müsəlmanları İdarəsi ictimai təşkilatdırsa, demək, başqa təşkilatlara da ölkə daxilində fəaliyyət imkanları yaradılmalıdır və bu işləri cəmiyyət özü təmzimləməlidir.

“Belə olan təqdirdə isə Dini Komitəyə ehtiyac qalmır, o ləğv edilməlidir", - deyə siyasi şərhçi sonda bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo