Sosial

Dövlət İmtahan Mərkəzinin imtahanından narazılıq – “Meyarlar düzgün deyil”

Nuray Kamal
11 Aprel, 2022
3061

açıq mənbədən götürülüb

“İmtahan sualları şəffaf şəkildə yoxlanılmayıb. Bəzi şagirdlərin eyni suala, eyni cavabı yazmağına baxmayaraq, birinə bal verilir, digəri 0 bal ilə qiymətləndirilir. Bundan əlavə, nəzərə alsaq ki, açıq suallara şagirdlərin müxtəlif fikirləri ola bilər. DİM-in meyarında yazıldığı kimi tam yazılmayıb deyə, avtomatik olaraq 0 bal verilir. Bu nə dərəcədə doğrudur?”

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsinə Arzu Akşin adlı vətəndaş yazıb. DİM-in sosial şəbəkə hesabında bu cür şikayətlər çoxdur.

Dövlət İmtahan Mərkəzinin 2022-ci il 5-6 mart tarixlərində keçirdiyi buraxılış imtahanı narazılıqlara səbəb olub. Şikayətlər əsasən imtahana salınan açıq suallarla bağlıdır. Açıq suallar markerlər tərəfindən yoxlanılır deyə, insanlar nəticələrin şəffaflığına şübhə edir.

“Açıq sualların yoxlanmasında insan faktoru yenə özünü qabarıq şəkildə göstərir. Eyni suala, eyni cavab verən abituriyentin birinə 5 bal, digərinə isə 2 bal verilib. Elə sual var ki, abituriyent meyarlarla yoxlayanda bu meyarlara tam uyğun cavab verdiyini görsə də, həmin suala görə bal verilməyib”, - İmran Hüseynli yazıb.

Şikayətçilərdən biri, Əbülfəz Səfərli adlı “Facebook” istifadəçisi isə etirazını bu şəkildə bildirib:

“Meyarlar düzgün deyil. Azərbaycan dilində və ingilis dilində şəxsi fikrə söykənən suallar olur. Həmin suallara şagirdin fikri düz olur, amma meyarlarla üst-üstə düşmür deyə, bal ala bilmir. Məsələn, ingilis dilində own words (öz sözlərinizlə) yazılmalı iki sual var. Adından da görünür ki, şagird bunu mətnə əsasən şəxsi fikrinə görə yazmalıdır. Bu meyarlar ilə üst-üstə düşmürsə, şagird nə etməlidir?”

açıq mənbədən götürülüb 

“Ya meyarlarınızda problem var, ya da markerləriniz qazancları çox olsun deyə, meyar əvəzinə, yoxladıqları sualların sayına daha diqqətlə baxırlar. Üstəlik, qismən cavab verilən açıq suallara bal verilməyib”,- Sevil Mikayılova yazıb.

“Markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirir”

DİM də öz növbəsində, açıq sualların yoxlanılması prosesi ilə bağlı yazılan şikayətləri cavabsız qoymur:

“Etalonlar ekspertlər tərəfindən hazırlanır və tapşırığa verilə biləcək tam və qismən düzgün cavabları və qiymətləndirmə meyarlarını ehtiva edir. Yəni markerlər cavabları öz subyektiv fikirləri əsasında yox, onlara verilən meyarlar əsasında qiymətləndirir. Hər bir tapşırıq iki marker tərəfindən qiymətləndirilir. Əgər onların verdiyi qiymətlər üst-üstə düşməsə, yazı işi üçüncü markerə göndərilir. Üçüncü markerin verdiyi qiymət hansı qiymətlə üst-üstə düşərsə, həmin qiymət də təsdiq olunur. O da qeyd olunmalıdır ki, bir marker bir imtahan verənin bir fənn üzrə açıq suallara verdiyi cavabların hamısını yox, yalnız birini yoxlayır”.

DİM açıqlamasında cavabları yoxlayan markerlərin bir-birilərini belə tanımadığını vurğulayıb:

“Bundan əlavə, yazı işlərini paylaşdıran proqram təminatı markerləri fərqli regionlardan seçməyə üstünlük verir. Proses zamanı həm yazı işi müəlliflərinin, həm də markerlərin anonimliyi qorunur. Tapşırığı yoxlayan markerlər nə birbirinin kim olduğunu, nə də cavab vərəqinin kimə aid olduğunu bilirlər. Hər il apardıqları qiymətləndirmənin nəticələri əsasında markerlərin özləri də qiymətləndirilir və qüsurlu qiymətləndirmə həyata keçirən markerlər müəyyən olunduğu təqdirdə müvafiq tədbirlər görülür”.

“Şagirdlər öz işinə verilən qiymətin izahına baxmadan, kor-koranə şəkildə apellyasiya şikayəti verir”

DİM sosial şəbəkədə imtahan nəticələrinin şəffaflığına şübhə edənlərə cavab olaraq, imtahandan sonra hər bir imtahan verənin yazı işinin “skan” edilmiş surəti və verilən qiymət onun imtahan nəticəsi səhifəsində yerləşdirildiyini və açıqlanan qiymətləndirmə meyarları əsasında yazı işini şəxsən yoxlayaraq qiymətləndirmənin obyektivliyinə bir daha əmin ola biləcəklərini yazıb:

“İmtahandan sonra hər bir imtahan verənin yazı işinin “skan” edilmiş surəti və verilən qiymət onun imtahan nəticəsi səhifəsində yerləşdirilir. Yəni imtahan verənlər və ya onların valideynləri açıqlanan qiymətləndirmə meyarları əsasında yazı işini şəxsən yoxlayaraq qiymətləndirmənin obyektivliyinə bir daha əmin ola bilərlər. Maraqlıdır ki, öz səhifəsində yazı işlərini açıb baxan şəxslərin sayı imtahan verənlərin ümumi sayının 20-25%-dən də aşağı olur. Yazı işlərindən apelyasiya şikayəti verənlərin böyük əksəriyyəti öz işinə verilən qiymətin izahına baxmadan, kor-koranə şəkildə nəticədən apelyasiya şikayəti verir”.

“Bu tip test üsulu o qədər də effektiv və uğurlu hesab edilmir”

İmtahanlara niyə açıq tipli suallar salınır? Bu il şikayətçilərin sayının çox olmasına səbəb nədir ? Bu kimi halların qarşısını almaq üçün nə edilməlidir ? Açıq tipli sualların cavabları etalondakı cavablarla birəbir eyni olmalıdırmı ?

Təhsil eksperti Kamran Əsədov “Toplum TV”-yə verdiyi açıqlamada suallarımızı cavablandırıb:

“Dövlət İmtahan Mərkəzi 30 ildir ki, Azərbaycanda obyektiv, şəffaf və əlçatan imtahanlar keçirən qurumdur. Bu imtahanlarda o, “bilik qiymətləndirilir” şüarını sözün həqiqi mənasında doğrulda bilir. Azərbaycanda artıq 3 ildən çoxdur ki, buraxılış və qəbul imtahanlarına birbaşa yazılı, situasiya tipli suallar əlavə edilib. Bunun əsas məqsədi, imtahan iştirakçılarının yazı vərdişlərini, onların əzbərçilik vərdişlərindən yayındıraraq, öz fikrini ifadə etmək vərdişlərini formalaşdırmaq məqsədi daşıyır. Təbii ki, belə kütləvi imtahanlarda bu tip test üsulu o qədər də effektiv və uğurlu hesab edilmir. Çünki bir çox hallarda subyektiv səbəblərdən markerlər səhvlərə yol verir”.

Kamran Əsədov - sosial media

Kamran Əsədov şəkil

“6000 şəxs apellyasiyaya şikayət edib”

Kamran Əsədov apellyasiyaya müraciət edənlərin çoxluğunu markerlərin təcrübəsizliyində görür:

“Məndə olan məlumata görə, apellyasiya üçün qısa müddət verilməyinə baxmayaraq, 6000 şəxs apellyasiyaya şikayət edib. Bu o deməkdir ki, imtahanda iştirak edən hər beş nəfərdən biri öz nəticəsindən narazıdır. Bu çox ciddi rəqəmdir. Keçirilən imtahanlarda açıq, situasiya tipli sualları yoxlayanların 4-cü kurs və magistr tələbəsi olması, təcrübəsizlik yekun nəticədə bu tipli hallar yaradıb. Ən əsas problem, yoxlama zamanı etalon cavabların əsas götürülməsidir. Halbuki, Azərbaycanda müəyyən ifadələrin sinonimi, antonimi var ki, şagirdlər cavabda etalonda olan cavabı yazmasa da, ona oxşar cavab yazır. Bu zaman cavabları yoxlayan marker bunu əsas götürmür. Bu ciddi qüsur hesab edilə bilər. Təbii ki, hər bir bal imtahan iştirakçıları üçün taleyüklü məsələdir. Mən inanıram ki, biz növbəti illərdə situasiya tipli suallardan imtina edəcəyik”.

“Qaydaların dəyişdirilməsinə ehtiyac var”

Təhsil eksperti sual kitabçalarının abituriyentlərə verilməməsi məsələsinə də toxunub: “Digər bir problem isə odur ki, DİM imtahandan sonra sual kitabçasını abituriyentlərə vermir, amma onlara apellyasiyaya vermək imkanı verir”.

“Təsəvvür edin, imtahan matın 5-i keçirilib. Aprelin 1-i, 26 gündən sonra nəticə elan olunur.

Ondan 1 həftə sonra deyilir ki, apellyasiyaya müraciət edin. Amma abituriyentin əlində sual kitabçası yoxdur ki, cavab kartına baxandan sonra nəyi səhv yazdığını müəyyənləşdirsin. Biz onlara deyirik ki, siz bir ay bundan əvvəlki sualları yadınızda saxlayın və apellyasiyaya verin. Təbii ki, bu absurddur, yanlışdır.

Düşünürəm ki, qaydaların dəyişdirilməsinə ehtiyac var”, - deyə ekspert vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo