Sosial

Dövlət rəsmisi: “Yaxın zamanda küçə ticarəti tamamilə aradan qaldırılacaq”

Aytac Məmmədli
6 Yanvar, 2022
1390

Açıq mənbələrdən götürülüb

Azərbaycanda qanunsuz küçə ticarəti rəsmən 2014-cü ilin yanvarından ləğv edilib. Bakı Şəhər Ticarət və Xidmət Departamenti o vaxt açıqlama vermişdi ki, bu qərar paytaxtın abadlaşmasına, gözəlləşməsinə, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə səbəb olacaq.

2016-cı ildən isə qanunsuz küçə ticarəti ilə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb.  İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə təyin olunub.

Son 2 ayda Bakıda və rayonlarda küçə ticarətinin qarşısının alınması məqsədilə  profilaktik tədbirlərin  keçirildiyi xəbərləri çox yayılır. Mətbuatda çıxan məlumatlara görə, Bakı, Zaqatala, Mingəçevir, Gəncədə ümumilikdə 100 nəfərə yaxın  şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib edilib.

“Cərimələr olsa da, hər kəs öz işiylə məşğuldur”

Küçə ticarəti qadağan edilsə də, onunla məşğul olanlar hələ də var. Məhəllələrdə, metrostansiyaların çıxışında balıq, meyvə-tərəvəz, kənd məhsulları satan səyyar satıcıların sayı heç də az deyil.

Onlardan biri də “İnşaatçılar” metrostansiyasının yaxınlarında yerləşən məhəllədə meyvə-tərəvəz, turşu, toyuq satan Nazim Həsənovdur. O deyir ki, 60 yaşı var, daha bundan sonra başqa işlə məşğul ola bilməz, pensiya almadığı üçün də özünü dolandırmaq məcburiyyətindədir.

Səyyar satıcı vəziyyətindən narazı deyil, danışır ki, cərimələr olsa da, hər kəs öz işiylə məşğul olur: “3-4 gün əvvəl polislər çox gəzirdi buralarda, bir-iki nəfəri də cərimələmişdilər. Bayram vaxtları dəyib dolaşan olmur. Sadəcə arabir gəlib deyirlər ki, bir-iki günlük yığışdırın malları, bir azdan yenə başlayarsınız işinizə. Yəni polislərlə öz aramızda razılaşırıq”.

Buna baxmayaraq N. Həsənov onsuz da işinin asan olmadığını, qadağa sərt olan günlərdə heç nə qazana bilmədiyini söyləyir: “Polislər xəbədarlıq edən kimi malları yığışdırıram, üstündən bir-iki gün keçir, gedib metronun yanlarına baxıram. Əgər orda camaat malları çölə çıxardıbsa, mən də öz işimə davam edirəm”. 

Ölkədə səyyar ticarət qaydaları

Ölkə qanunlarına görə, səyyar ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatlarının binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.

Həmçinin evdə, işdə, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları meyvə-tərəvəz məhsulları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.

Departament rəhbəri: “Ünvan və yaxud fəaliyyət növü məqsədəuyğun deyilsə, ərizəçiyə rədd cavabı verilir”

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun “Toplum TV”-yə dediyinə görə, küçə ticarətiylə məşğul olmaq istəyən vətəndaş, yazılı formada quruma müraciət etməlidir: “Müraciətdən sonra əməkdaşlarımız tərəfindən satış həyata keçirələcək yerə baxış keçirilir. Əgər vətəndaşlar qanunla icazə verilən yerlərdə ticarətlə məşğul olmaq istəyirlərsə, departament tərəfindən onlara icazə verilir. Əgər fəaliyyət göstəriləcək ünvan və yaxud fəaliyyət növü məqsədəuyğun deyilsə, ərizəçiyə rədd cavabı verilir”.

Bakı Şəhər İcra Hakimiyyəti - Açıq mənbələrdən götürülüb

Departament tərəfindən səyyar ticarət və xidmətin aparılmasına icazə haqqında ətraflı məlumat  10 gündən gec olmayaraq vergi və sanitar-epidemiologiya orqanlarına göndərilir. Qurumdan bildirilir ki, icazəyə görə ödənilən haqq isə Bakının zonalarından və fəaliyyətin həyata keçirildiyi mövsüm aylarından asılı olaraq fərqli olur.

Mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar Qida Agentliyi tərəfindən yoxlanıldıqdan sonra icazə verilir.

Bundan sonra vətəndaşlar fəaliyyətin həyata keçirildiyi ərazinin aidiyyəti orqanları ilə ayrılmış yerdən istifadəyə görə ayrıca müqavilə bağlayırlar.

Türkiyə nümunəsi

Qonşu Türkiyədə səyyar ticarətlə məşğul olmaq istəyən sahibkarlar ərizələrini tabe olduqları bələdiyyələrə təqdim edirlər. Bələdiyyələr isə sahibkarlardan işin mahiyyətini, satışın harda həyata keçirələciyini soruşur. Əgər sahibkar qida məhsulları satırsa, qidaların sağlam olması və Türk Qida Kodeksinə uyğunluğu yoxlanılır. Bundan sonra bələdiyyə sahibkara satışa icazə verən lisenziya təqdim edir, sahibkar da öz növbəsində dövlətə müəyyən miqdarda vergi ödəyir.

Bələdiyyələrin icazəsi olmadan səyyar satış həyata keçirən şəxslər məsuliyyətə cəlb olunurlar. Türkiyədə icazəsiz ticarətin cəzası 2021-ci ildən orta hesabla 83 TL təşkil edir, bu cərimə zəruri hallarda həbs cəzası kimi də tətbiq edilə bilər.

İqtisadçı: “Problemi həll etməyin ən yaxşı yolu bələdiyyə inistitutlarını formalaşdırılmaqdır”

İqtisadçı Nazim Bəydəmirlinin sözlərinə görə, öz məhsulunu yetişdirib bazara çıxarmaq imkanı olmayan şəxsləri qovmaqla, onları cərimələməklə problemləri aradan qaldırmaq mümkün deyil: “Ticarətə birbaşa nəzarət edən polis əməkdaşlarıdır, həm də yerli icra hakimiyyəti strukturları burdan gəlir götürürlər. Səyyar ticarət məkanları, ekoloji məhsulların satışı üçün nəzərdə tutulan yerlər icra hakimiyyəti orqanları tərəfindən mənimsənilib, satılıb, yerində müxtəlif obyektlər tikilib.  İndi həmin adamları qanunsuz küçə ticarətiylə məşğul olmaqda ittiham etmək də doğru deyil”.

Nazim Bəydəmirli - Açıq mənbələrdən götürülüb

İqtisadçı hesab edir ki, məhəllələrdə, yaşayış yerlərinə yaxın ərazilərdə sanitar normalara riayət edərək hər kəsin istehsal etdiyi məhsulu satmasına şərait yaradılmalıdır.

“Bu, təkcə inzibati metodlarla həyata keçirilə bilməz. Səyyar ticarətlə məşğul olan adamların aradan çıxarılması üçün iqtisadi əsaslar olmalıdır. Onlar bu işlə niyə məşğuldurlar? Əgər onların dolanışıq imkanları yoxdursa, hökumət əvvəlcə onları yaşayış minimumu ilə təmin etməlidir. Beləliklə, onlar səyyar ticarətdən imtina edəcəklər. Əsl satıcılara isə şərait yaratmaq lazımdır ki, icazə alsın  və dövlət büdcəsinə vergi ödəyərək bu işi qanunauyğun formada həyata keçirsin”.

N.Bəydəmirli onunla da razılaşır ki, səyyar ticarət antisanitariya yaradır, küçələrdə, səkilərdə insanların gediş-gəlişinə mane olur. 

“Küçə ticarətilə məşğul olanlar daha çox məcburi köçkünlər, digər rayonlardan bura mallarını satmağa gələnlərdir. Onlara inzibati yollarla maneçilik törətmək doğru deyil. Problemi həll etməyin ən yaxşı yolu bələdiyyə inistitutlarını formalaşdırılmaqdır. İcra hakimiyyəti bir tərəfdən, bələdiyyələr digər tərəfdən vətəndaşlardan daha çox pul yığmaq çalışırlar, nəinki onlara şərait yaratmaq”.

 “Yaxın gələcəkdə küçə ticarəti tamamilə aradan qaldırılacaq”

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov isə cərimələməyin tərəftarı olmadığını, amma cəzasızlığın da özbaşınalıq yaratdığını deyir: “Biz və Daxili İşlər Nazirliyinin əməkdaşları daha çox maarifləndirmə işinə üstünlük veririk. Çalışırıq ki, bu fəlaiyyət növünün qarşısı maksimum alınsın”.

Onun sözlərinə görə, bayram günlərində səyyar ticarətlə məşğul olanların sayı artır, amma yaxın gələcəkdə küçə ticarəti tamamilə aradan qaldırılacaq.

“Yalnız Avropa və Amerikada olduğu kimi insanlara maneə törətməyən, sanitar qaydalara əməl olunan yerlərdə küçə ticarətinə icazə veriləcək”,- Departamentin direktoru bunları söyləyir.

Türkiyə, İran, Hindistan, Yaponiya və digər Şərq ölkələrinin əksəriyyətində küçə ticarəti geniş yayılıb.

Avropanın bır sıra ölkələrində isə küçə ticarətinə Asiya və Yaxın Şərqdən fərqli olaraq biznes kimi deyil, ənənəvi və mədəni məsələ kimi baxılır.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo