Sosial

“Dövlət vətəndaşı cinayət işləməyə məcbur edir”

Aytac Məmmədli
26 Noyabr, 2021
423

Açıq mənbələrdən götürülüb

Keçmiş məhbuslar iş tapa bilmədikləri üçün narahatdırlar

41 yaşlı Yevlax sakini Qabil Məmmədov həbsxanadan çıxandan sonra iş tapa bilmədiyini söyləyir. Onun dediyinə görə, müraciət etdiyi marketlər belə ondan “təmizlik kağızı” istəyir.

“Toplum TV”-yə danışan Q. Məmmədov 2016-cı ildə Rusiyada olarkən davaya qarışdığı üçün 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən il ölkəyə qayıdan keçmiş məhbus 1 ildən çoxdur ki, işsizdir.

Q. Məmmədov orta təhsillidir, həbs olunmazdan əvvəl inşaatda işləyirmiş. Amma bel yırtığı əməliyyatı keçirəndən sonra ağır işdə çalışa bilmir.

Keçmiş məhbus iş üçün Dövlət Məşğulluq Xidmətinə müraciət etsə də, uyğun iş tapa bilmədiyini söyləyir: “Məşğulluqdan məni “yaşıllaşdırma”ya göndərdilər, amma ağır iş görə bilməzdim deyə getmədim. Mənim xəstəliyim, işsizliyim heç kimə maraqlı deyil. Qanun deyir ki, qurumlar maraqlanmalıdır, işlə, yaşayış yeriylə təmin olunmağa yardım etməlidir. Amma qanunlara baxan kimdir?"

O, dövlət qurumlarının keçmiş məhbuslara biganə yanaşmasından şikayətlənir: “Dövlət vətəndaşı cinayət işləməyə məcbur edir. İş-güc yoxdu, bəs nə edək, necə pul qazanaq?”.

Qabil Məmmədov boşanıb, ayda 135 manat aliment  verməlidir. Evə gələn yeganə pul isə anasının 260 manatlıq pensiyasıdır.

Bunu da oxu: “Ümidlə gözləyirdik ki, amnistiya Gəncə məhbuslarına da şamil olunacaq”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı “Toplum TV”-nin sorğusundan sonra şikayətçiylə əlaqə saxladıqlarını bildirir.

“Vətəndaş əməliyyat keçirib. Səhhəti düzəldikdən sonra məşğulluq filialına gələcək və  mümkün dəstək göstəriləcək”, - Agentlik sözçüsü bildirib.

Əsmər Nəcməddinqızı 

Bu ilin 9 ayında 197 nəfər keçmiş məhbus işlə təmin olunub

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanuna əsasən, keçmiş məhbusların işlə təminatını müvafiq icra hakimiyyəti orqanları həyata keçirməlidir, onlar qeydiyyata alınmalı, hazırlıq işləri aparılmalıdır.

Həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işində iştirak etmək, işlə, tibbi və sosial yardımla təmin edilmək, birdəfəlik pul müavinəti (1000 manat) almaq kimi hüquqları var.

Dövlət Məşğulluq Agentliyindən “Toplum TV”-yə verilən məlumata görə, 2021-ci ilin əvvəlindən noyabrın 1-dək 4584 məhbus cəza çəkməkdən azad edilib və sosial adaptasiyaya ehtiyacı olanların müraciətləri əsasında birdəfəlik müavinət təyin olunub.

Agentlikdən deyilir ki, keçmiş məhbuslar işə düzəlməkdə çətinlik çəkən şəxslər kateqoriyasına aiddir və onlar məşğulluq tədbirlərinin icrası zamanı üstün hüquqa malikdirlər.

“Bu kateqoriyadan olan vətəndaşlar məşğulluq orqanları tərəfindən müəssisələrdəki kvota üzrə iş yerləri ilə təmin edilirlər. 2021-ci ilin 9 ayı ərzində 197 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs işlə təmin edilib. Hazırda ictimai işlərdə 356 nəfər cəzaçəkmə yerlərindən azad edilmiş şəxs çalışır. Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin özünüməşğulluq proqramında iştirakına da şərait yaradılır. Cari ilin ötən dövrü ərzində bu kateqoriyadan olan 103 nəfər proqrama cəlb edilib”, - Agentliyin məlumatında qeyd olunur.

Məlumatda həmçinin bildirilir ki, cəzaçəkmə müəssisələrində yaxın dövrdə azad ediləcək məhbuslar üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. Bu istiqamətdə Ədliyyə Nazirliyi ilə əməkdaşlıq aparılır.

“Sizin məhkumluğunuz bütün bacarıqlarınızı üstələyir ”

Q. Məmmədov həbsdən sonra iş tapmaq çətinliyi ilə üzləşən yeganə adam deyil.  Keçmiş məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədli də 2 ilə yaxındır ki, iş tapa bilmir. 

Fuad Əhmədli - Sosial Media

F. Əhmədlinin 31 yaşı var, Azərbaycan Dövlət İqtisad Universitetinin turizm və sosial mədəni servis ixtisasını bitirib. Amma dediyinə görə, keçmiş məhbus kimi işəgötürənlər ona iş verməkdən imtina edir.

“Bir ildən çoxdur ki, həbsdən azad olunmuşam. Bir neçə işə düzəltmə ofisinə müraciət etmişəm, mənə uyğun olan vakansiyalar təqdim olunub. Rus və ingilis dillərini əla səviyyədə bilirəm, hətta həbsdə olanda kitab tərcümə etmişəm, gənc məhbuslara ingilis dili öyrətmişəm. CV-də 4 il həbs yatdığımı qeyd edirəm. Onu görən kimi deyirlər ki, biz onsuz da sizdən  məhkumluğun olmaması haqqında arayış istəyəcəkdik, onu gətirə bilməyəcəyinizə görə sizə iş verə bilmərik, sizin məhkumluğunuz bütün bacarıqlarınızı üstələyir”.

Hazırda heç bir yerdən gəliri olmayan F. Əhmədli valideynlərinin hesabına dolandığını deyir: “Atam hüquq müdafiəçisidir, könüllü iş olduğundan faktiki qazancı yoxdur, demək olar ki, anamın hesabına keçinə bilirəm. Bir neçə ay əvvəl tərcümə işiylə məşğul olurdum. Daha o da yoxdur”.

 Onun sözlərinə görə, siyasi fəaliyyətinə görə həbsdə olmağı onun bütün yollarını bağlayır.

“Düzdür, bəzən zənglər gəlir. Elementar mühafizəçi vakansiyası üzrə müraciət etmişəm, razılaşmışıq. Amma həbsdə olduğumu öyrənəndən sonra deyiblər ki, həbsdən çıxdığın vaxtdan 3 il keçməlidir ki, səni işə götürək. Demişəm ki, axı qanunvericilkdə belə şey yoxdur. Deyiblər ki, hər şey qanunvericiliklə tənzimlənmir axı”, - F. Əhmədli danışır.

“Azərbaycanda keçmiş məhbuslara qarşı aqressiya var”

Hüquq müdafiəçisi, eyni zamanda keçmiş məhbus  Bəşir Süleymanlının qənaətincə, Azərbaycanda həbsdə olmuş şəxslərə aqressiv münasibət var, işəgötürənlər onlarla əməkdaşlıq etməkdə tərəddüd edirlər: “Onların törətdikləri cinayətin ağır və ya yüngüllüyündən aslı olaraq dövlət qurumlarında da işləməkdə müəyyən məhdudiyyətlər var. Biz dəfələrlə müşahidə edirik ki, azadlığa çıxan məhbuslar iş tapa bilmədikləri üçün təkrar cinayət törətməyə məcbur qalırlar”.

Bəşir Süleymanlı - Açıq mənbələrdən götürülüb

Hüquq müdafiəçisi məhbusların sosial adaptasiyası ilə əlaqədar dövlət proqramının hazırlanmasını təklif edir: “Məsələn, dövlət keçmiş məhbusları işə götürən müəssisə və təşkilatlara vergi güzəştləri etməklə, müəyyən imtiyazlar verməklə stimul yarada bilər. Dünyada özəl sektor daha çox inkişaf edir. Bu baxımdan da özəl sektoru işə cəlb etmək daha məqsədəuyğundur”. 

Başqa bir hüquq müdafiəçisi Arzu Abdullayeva xatırladır ki, vaxtilə vətəndaş cəmiyyəti məhbusların psixoloji durumlarıyla məşğul olan və onları azadlığa hazırlayan tədbirlər təşkil edirdilər. Onun dediyinə görə, son bir neçə ildə vətəndaş cəmiyyəti bir çox sahələrdən təcrid olunub deyə, bu məsələ də diqqətdən kənarda qalıb: “Qurumlar üzərinə düşən fəaliyyəti icra etmirlər, onların işləri qənaətbəxş deyil. Vətəndaş cəmiyyətinin iştirakı olmayanda işlər səngiyir”.

Bunu da oxu: Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Hüquq müdafiəçisi hesab edir ki, məhbusların iş problemi parlamentdə müzakirəyə çıxarılmalıdır: “Əvvəlcə, məhbuslara təhsil verilməli, peşə bacarıqları artırılmalı, onlara psixoloji yardım göstərilməldir. Sonra isə hansısa kvotayla onlara iş yerləri ayrılmalıdır”.

Arzu Abdullayeva - Açıq mənbələrdən götürülüb

“Yeni qanunlara ehtiyac var”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev də hüquq müdafiəçiləriylə eyni fikirdədir. O, bu məsələ ilə bağlı yeni qanunlara ehtiyac olduğu və dövlət qurumlarının fəaliyyətinin yetərli olmadığı qənaətindədir.

O həbsdən çıxan insanların cəmiyyətə inteqrasiyası üçün işlər aparılmalı olduğunu bildirir: “Bu iş məhbusun həbsdən çıxmasına 1-2 il qalmış başlamalıdır. Əks-halda onlar izoliyasiya olunur və yenidən həbsxanaya qayıtmaq istəyirlər. Əgər keçmiş məhbuslar həbsxanadakından daha yaxşı şərait, daha yaxşı yemək, iş yeri, kampaniya tapa bilməyəcəksə, əlbəttə, əvvəlki yerinə qayıtmaq istəyəcək”.

Razi Nurullayev - Rəsmi səhifə

Başqalarının nümunələri

Türkiyə qanunlarına görə, 50-dən çox işçisi olan şirkətlər müəyyən sayda keçmiş məhbusu işə götürmək öhdəliyi daşıyır. Əgər şirkətlər bu öhdəliyi yerinə yetirmirsə, o zaman cərimə ödəməlidir. Cərimələrdən cəzaçəkmə müəssisələrində peşə hazırlığı proqramlarının maliyyələşdirilməsi, məhkumların təhsili və təlimi, azadlığa buraxıldıqdan sonrakı yardımlar üçün istifadə edilir. Bundan əlavə 50-dən az işçisi olan şirkətlərə keçmiş məhbusları işə götürmək üçün maddi həvəsləndirmə təklif olunur.

Finlandiyada isə məhbuslar azadlığa çıxdıqları gün “mülki iş”lə təmin olunur, bunun qarşılığında bazar qiymətlətinə uyğun əməkhaqqı alırlar.

Lüksemburqdakı yarı açıq həbsxanalardakı məhbuslar istehsal proqramında iştirak edirlər. Buna görə onlara minimum əmək haqqı təqdim olunur. Qapalı həbsxanalarda çalışan məhbuslara isə təmizlik və iaşə kimi məcburi işlər üçün minimum əmək haqqının beşdə birindən bir qədər çox maaş verilir.

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo