Sosial

Dünya tarixində qətliamlar və soyqırımları

Aytac Məmmədli
24 Mart, 2021
919

Açıq mənbələrdən götürülüb

(birinci hissə)

Genosid (soyqırımı) anlayışı nisbətən yeni dövrə aid olsa da, bəşər tarixinin bütün dövrləri kütləvi qırğın faktlarıyla zəngindir. 

Böyük yunan tarixçisi Fukidid hələ eramızdan əvvəl V əsrdə, Pelopennes müharibəsi (431-404) zamanı baş vermiş böyük qırğın haqqında - afinalıların Melos adası sakinlərini son nəfərinədək məhv etdiyini yazıb.  

XIII əsrdəki Albiqoy səlib yürüşü zamanı xristianlığın katar təriqətinə mənsub şəxslərin kütləvi şəkildə öldürülməsini isə ilk müasir soyqırımı hadisəsi hesab edirlər. 

Hüquqi ədəbiyyatda genosid etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsi kimi təsbit edilir.

“Genosid” sözü yunancadır, “genos” (irq, tayfa və ya millət) və “side” (qətl) sözlərinin birləşməsindən əmələ gəlib. Bu termini II Dünya müharibəsində ABŞ-ın Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində çalışmış, Polşa əsilli hüquqşünas Rafael Lemkin yaradıb.  

"Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya (SCQACK) soyqırımını insanlıq əleyhinə ən ağır cinayət kimi xarakterizə edir. Konvensiya 1948-ci ildə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 260 saylı qətnaməsilə qəbul edilib, 1951-ci ildə qüvvəyə minib. Son məlumatlara görə, təkcə 1956-2016-cı illərdəki kütləvi qırğınlarda 50 milyona yaxın insan öldürülüb (Çarlz H.Anderton, Yurgen Brauer, “Soyqırımlarının və digər kütləvi qəddarlıqların iqtisadi aspektləri və onların qarşısının alınması”). 

Amerika 

Böyük coğrafi kəşflər zamanı (XV-XVII əsrlər) Amerika qitəsi Avropa dövlətlərinin köç və müstəmləkə siyasətinə məruz qalıb. Hindulara qarşı zorakılıqlar və qitəyə müstəmləkəçilərlə birlikdə gəlmiş çiçək, qızılca, vəba xəstəlikləri çoxsaylı insan tələfatına səbəb olmuşdu.  Erin McKenna və Scott L. Pratt “Amerika Fəlsəfəsi: yaralı dizdən müasir zamana qədər” kitabında yazırlar ki, 1491-ci ildə qitənin qərb yarımkürəsində təxminən 145 milyon insan yaşayıb, 1691-ci ilə qədərsə aborigenlərin sayı 90-95% (130 milyon) azalıb. 

“BMT-yə görə, Amerikada XVI, XVII, XVIII və XIX əsrlərdə nələrin baş verdiyini bilmək və bunun soyqırımı olduğu qənaətinə gəlmək mümkün deyil. Ancaq bəzi alimlər Amerika müstəmləkəçiliyini soyqırımı kimi qiymətləndirir, bunun müəyyən etnik qrupların sistematik istismarı, məhv edilməsi yoluyla həyata keçirildiyini iddia edirlər” - Devid Stannard “Amerika Holokostu: Yeni Dünyanın fəthi” kitabında belə yazır. 

Hinduların inglislərə qarşı üsyanı zamanı britaniyalıların komandiri  Jeffri Amherst yerli əhaliyə qarşı hətta bioloji silahdan - müxtəlif xəstəliklər bulaşdırılmış yorğanlardan istifadə olunmasını əmr edib (Donald A.Henderson, “Çiçək xəstəliyi bioloji silah kimi. Tibb və ictimai səhiyyə”). 

Fransızların Kanada aborigenləriylə ilk təmasları (1709) ingilislərin aqressiv və ekspansionist siyasətilə müqayisədə daha sülhpərvər olsa da, aclıq, epidemiyalar, qida mənbələrinə çıxışdan məhrum olma kimi səbəblər üzündən 1829-cu ildə Nyufaundlendin yerli sakinlərinin – beotukların kökünün kəsildiyi rəsmən elan olunub (https://research.library.mun.ca/7827/1/Anger_DorothyCatherine.pdf). 

Meksikada yaqui qətliamı 

Meksika hökumətinin yaqui qəbiləsinin qiyamlarını yatırmaq cəhdləri də kütləvi qırğınla nəticələnib (Pako İqnasio II, “Yadui: Meksikada vətəndaş müharibəsi və genosid tarixi”). 1900-cü ildə diktator Parfirio Diasın hakimiyyəti dövründə baş verən qiyamlarda yaquilərin sayı 30.000-dən 7000-ə qədər azalıb.

2019-cu ildə Meksika prezidenti Andres Manuel Lopes Obrador buna görə üzr istəməyə hazır olduğunu deyib (https://www.reuters.com/article/us-mexico-spain-president/mexico-president-wants-no-beef-with-spain-hints-at-other-apology-requests-idUSKCN1R726N). 

Braziliya

Alexander Hinton “Fərqlərin aradan qaldırılması: Soyqırımının antropologiyası” kitabında yazır ki, 1900-1957-ci illərdə Braziliyada 80-dən çox yerli qəbilə yoxa çıxıb. Onların 80%-i mədəniyyət genosidi vasitəsilə məhv edilib.

Əlcəzair

1830-1871-ci illərdə Əlcəzairi işğal edən Fransa ölkə əhalisinə qarşı assimilyasiya siyasəti yürüdüb. Tarixçi İrnan Ben “Qan və Torpaq: Spartadan Darfura qədər ümumdünya soyqırımı və qırğın tarixi” kitabında bu prosesi belə təsvir edir:

"Əlcəzairdəki demoqrafik dəyişikliyi üç mərhələyə bölmək olar: 

1. işğaldan sonrakı dövrdə əhalinin sayının kəskin azalması;
2. 1861-1871 illərdə əhalinin sayının 2,7 milyondan 2,1 milyona enməsi;
3. 1890-cı ilədək sakinlərin sayının üç milyona qədər artması".

Onun sözlərinə görə, fransızlar bu ölkədə kütləvi qırğınlara I Dünya müharibəsi başlayandan sonra son veriblər. 

İ.Ben yazır ki, Fransa əlcəzairlilərin dəstəyini qazanmaq üçün müharibədən sonra onlara azadlıq vəd edib, ancaq vədinə əməl etməyib: "Müharibə bitən kimi əlcəzairlilər kütləvi nümayiş keçiriblər, ancaq Fransanın bu aksiyaya reaksiyası sərt olub. Fransız ordusu nümayiş keçirilən bölgəyə havadan və qurudan hücum edib. Bir neçə gün davam edən hücum nəticəsində 45 min əlcəzairli həyatını itirib". 

Kitabda həmçinin qeyd olunur ki, Fransa ələ keçirdiyi nümayişçilərə qarşı ağır işgəncələr tətbiq edib, minlərlə adam mühakimə edilmədən edam olunub. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirib. 

Azad Konqo dövləti

Bu ölkə Belçika kralı II Leopoldun şəxsi mülkü olub, onun hakimiyyəti illərində (1885-1908) əhalisinin sayı 60% azalıb Aleksandr Hinton, “Fərqliliklərin məhv edilməsi: soyqırımının antropologiyası”). 

Yaponiya 

Kütləvi qırğına məruz qalan xalqlardan biri də qədim keçmişi olan okinaviyalılardır. Onlar 32 min il əvvələ aid insan skeletlərinin tapıldığı Okinava (Yaponiya) adasında yaşayıblar, Ryukyu krallığı qurublar. 

"İkinci dünya müharibəsi zamanı Yaponiya orduda xidmət etməyən bütün okinaviyalıları (qadınlar və uşaqlar da daxil olmaqla) evlərindən qovmuş, onları çimərliklər və mağaralar kimi açıq, qorunmayan yerlərdə qalmağa məcbur etmişdi. Nəticədə 120.000-dən çox (əhalinin dörddə biri) okinaviyalı həyatını itirmişdi" - Stiv Rabson “Dözümlü adalar: Okinava Yaponiya və ABŞ-a qarşı” kitabında belə yazıb.

İkinci Çin-Yaponiya müharibəsində isə (1937-1945) yaponlar oreken xalqı üzərində “bakterial eksperimentlər” həyata keçiriblər, onları tiryəklə tanış ediblər ("Chinaculture.org"). Eksperimentlər  orokenlərin xeyli azalmasına gətirib çıxarıb - 1917-ci ildə 4.000 nəfərdən ibarət olan xalqın sayı 1953-cü ildə 2250 nəfərə enib.

1930-cu ildə sayı 1200 nəfər olan nanay (hezhen) xalqının cəmi 300 nəfəri müharibədən sağ çıxa bilib (T.Zhan, “Hezhen milləti – Çinin sayca ən kiçik etnik qrupu”). Nanayların 90%-inin yaponlar tərəfindən məhv edilməsi soyqırımı hesan olunur (http://en.chinaculture.org/library/2008-02/05/content_23934.htm).

Yaponiyanın qədim sakinlərindən olan aynular Hokkaydo adasında yaşayıblar. Bu xalqın sürətlə çoxalmasından narahat olan Yaponiya rəhbərliyi onların vergi ödəməkdən imtina etdiyini əsas gətirək aynuları sıxışdırmağa, milli və dini ayinlərini qadağan etməyə başlayıb; ana dilləri qadağan edilən aynular assimiliyasiya siyasəti nəticəsində milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər. 

BMT “Yerli Xalqların Hüquqları üzrə” Bəyannamə qəbul edəndən (2007) bir il sonra Yaponiya hökuməti aynulara qarşı ikinci dərəcəli vətəndaş siyasətindən imtina edib, 2019-cu ildə onları rəsmi şəkildə etnik azlıq olaraq tanıyıb və hüquqlarını qorumaq üçün qanun qəbul edib.

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo