Sosial

Ekoaktivistlər nazirliyə qarşı - Girdənidən reportaj 

Roza Məmmədova
5 İyul, 2021
312

Toplum TV

Lənkəranın Girdəni kəndi yaxınlığındakı meşə məhv olmaq təhlükəsiylə üz-üzədir.  

Ekoaktivist Cavid Qara “ Toplum TV”-yə belə deyir. 

O, təxminən 43 hektar sahəsi olan meşənin “ Beta Tea” şirkətinə icarəyə verildiyini, ərazinin buldozerlərlə ağaclardan təmizləndiyini bildirib. 

Cavid Qara həmçinin qeyd edib ki, çay plantasiyaları salmaq üçün artıq 5 hektara qədər ərazidə ağaclar məhv edilib, onların arasında hətta adı “Qırmızı Kitab”a düşmüş nadir dəmirağacı da var.  

Ekoaktivstlər qırılan ağacların şəkillərini sosial mediada paylaşaraq məsələni ictimailəşdiriblər. 

 Bu, onların Girdəni meşəsinə sayca 2-ci səfəridir. 

Dediklərinə görə, ağacların qırılması xəbərini onlara kənd sakinləri verib. 

Toplum TV

Ekoaktivist Kənan Xəlilzadə deyir ki, meşədə ağacların kəsildiyini görüb və prosesi dayandırmaq üçün ora polis və nazirlik əməkdaşlarını çağırıb. 

 “Ərazi kol-kosdan, qurumuş ağaclardan təmizlənib” 

Həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırov aktivistlərin iddiasını yalanlayıb: 

“Ərazi kol-kos basmış quru sahələrdən və talalardan ibarət olub, orda ağac kəsilməsi faktı olmayıb, olmayacaq və ağacların məhv edilməsindən də söhbət gedə bilməz. Sözügedən ərazidəki talalar yanğına səbəb ola biləcək kol-kosdan, qurumuş ağaclardan təmizlənir. Ərazi nəzarətə götürülüb”. 

Namik Xıdırov-Azərtac

Ancaq bu açıqlamaya inanmayan ekoaktivistlər və bir qrup kənd sakini iyunun 4-də ərazini gəzərək məsələni gündəmdə saxlamağa çalışıb. 

 Meşənin bəyi olmayan meşəbəyi 

Girdəni sakini 53 yaşlı Vasif Mehdiyev də aktivistlərlə birlikdə meşəni gəzir, üzündən narazı olduğu hiss olunur. 

Vasif Mehdiyev - Toplum TV

O deyir ki, ağacların yoxa çıxdığını görəndə xeyli təəcüblənib. 

"Səbəbini soruşanda dedilər ki, bura alınıb. Son bir aya qədər bu ərazi ağaclıq idi, indiki vəziyyəti göz qabağındadır. Qırılmış ağacları görəndə adamın ürəyi ağrıyır”. 

V.Mehdiyevin sözlərinə görə, meşə uzun müddətdir ki, yaxşı mühafizə olunmur. 

“Meşədə meşəbəyi olar, o, əraziyə nəzarət edər, onu qoruyar. Ancaq bizdə tərsinədir. Meşəbəyidən nə baş verdiyini soruşanda “Mən sadəcə "axranayam" (mühafizəçi –red.) deyir”. 

Cavid Qara- Toplum TV

Uşaqlığı Girdəni meşəsində keçən Renat Abdullayev də ağacların quruması iddiası ilə razı deyil. 

“Burda vaxtaşırı ağac kəsimi olub. Amma meşə heç vaxt belə seyrək olmayıb. Əvvəllər meyvə toplayandan sonra ağacların kölgəsində dincimizi alırdıq. Amma indi meşə çılpaq qalıb...” 

Renat Abdullayev- Toplum TV

“Kol-kos qırırıq deyib meşəni məhv edirlər” 

 “Əvvəlcə ərazinin mühafizəsi ləğv edilir, sonra yerli əhaliyə ağacları kəsməyə icazə verilir. Nəticədə meşənin biokütləsi azalır, kəsim prosesi daha rahat olur. Həm kimsə etiraz edəndə, bunu əsaslandırmaq da asanlaşır. 

Nazirlik ərazidə qurumuş ağac və kollar olduğunu deyir, amma bu, qanunsuz və əssasız iddiadır. Çünki biz və 15 könüllü məhv edilmiş ərazini gəzmişik, bir dənə də olsun qurumuş ağac, yaxud kol-kos görməmişik. Ümumiyyətlə, kol-kos deyilən bioloji termin yoxdur. Biomüxtəlifliyi, meşə fondunu kol-kos adlandırmaq savadsızlıqdan və pis niyyətdən irəli gəlir” – ekoaktivist Cavid Qara belə deyir. 

Onun sözlərinə görə, kənd əhalisi baş verənləri ekoloji fəlakət kimi yox, örüş yerindən məhrum olmaq kimi qiymətləndirir: 

“Düzünə qalsa, meşə heç örüş məqsədi ilə də istifadə oluna bilməz, amma burda mal-qara otarılması ərazinin məhvinə gətirib çıxarmaz. Kənd sakinləri arasında da meşənin tamamilə məhv olacağından narahat olanlar var. Bizi bura elə onlar dəvət ediblər”.  

Aktivist bir müddət əvvəl bu ərazidə Bakı-Astara magistral yolu çəkildiyini xatırladır: 

“O zaman etiraz etmədik, düşündük ki, yolun çəkilməsi hər halda zəruridir. Məqsədimiz meşəni romantikləşdirmək deyil. Meşəni yalnız əsaslı səbəb olduqda istismar etmək olar. Amma fikrimcə, çay əkmək yol çəkmək kimi əsaslı səbəb deyil, hətta absurddur”.  

Meşənin qırılmasına nazirlik icazə verib? 

 Meşələrin İnkişafı Xidmətinin rəisi Namiq Xıdırovun sözlərinə görə, ərazi qanunauyğun şəkildə - Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən, Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə çay bağının salınması üçün icarəyə verilib. 2020-ci il dekabr ayının 2-də Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə “Beta Tea” şirkəti arasında müqavilə bağlanıb, 42 hektar ərazi şirkətin ixtiyarına keçib. 

Cavid Qara rəsmi açıqlamanın əsassız olduğunu iddia edir: 

“Namiq Xıdırov yalan danışmırsa, gəlsin, ərazini birlikdə gəzək. Onda bilinəcək ki, ağaclar quruyub, yoxsa yox”. 

 O hesab edir ki, 42 hektarlıq ərazinin xəritəsi ictimaiyyətə təqdim edilməlidir. 

“Torpaq icarəyə verilməzdən əvvəl məsələ müzakirəyə çıxarılmalıdır, həm də təkcə yerli əhali çərçivəsində yox, ictimai formada. Eyni zamanda, tender açıq şəkildə keçirilməlidir. Bəlkə kimsə bu ərazini mühafizə etmək üçün tenderə qatılacaq?” 

Toplum TV

Ağacları kim qırıb? 

 “Beta Tea” şirkəti səsləndirilən iddiaları təkzib edərək meşədə ağac qırmadığını açıqlayıb. 

ETSN Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə “Toplum TV”-yə açıqlamasında ilkin rəsmi mövqedən fərqli cavab verib, meşədə təmizləmə işləri getdiyini söyləyib. Həmçinin qeyd edib ki, həmin 42 hektarda müvafiq biznes-plana uyğun iri həcmli işlər görülməsi nəzərdə tutulub. 

“Həmin ərazilər meşə fonduna aiddir və həmişə mühafizə edilib. Torpağı icarəyə götürən şirkətin ərazini mühafizə etmək öhdəliyi yaranıb. Həmin şirkət deyir ki, orda quru kolları qırıblar. Amma fotoşəkillər əksini göstərir. Gələcəkdə orda gedən işlər ekoloji aspektdən nəzərə alınacaq. Nöqsan aşkarlandığı halda ziyan hesablanacaq və şirkət bununla bağlı ödənişləri edəcək”. 

Hikmət Əlizadə - Sosial Media

H.Əlizadənin sözlərinə görə, aqrobağlar istismara verildikdə ərazidə ağac kəsilməsinə icazə verilmir, yəni bu, qanunla qadağandır: 

“Bu, yalnız istisna hallarda və müvafiq razılıq əsasında, kəsilən ağacların yerinə daha çox ağac əkilməsi şərtilə baş tuta bilər. İlkin olaraq bu ərazinin təsvirində də belə qeyd edilib. Keçən həftə biz bu haqda məlumat aldıq və təbii ki, nazirlik ordakı əməliyyatları durdurdu”.  

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, həmin ərazinin xəritəsi ictimayyətə təqdim olunacaq. 

Girdani meşəsi Azərbaycanda mövcud olan 3 kompakt meşədən biridir, digər ikisi Hirkan Milli Parkı və Astara rayonu ərazisndəki meşədir. 

Çay plantasiyaları salmaq üçün ağacları qırılan bu meşənin təbii bərpasına təxminən 20-30 il vaxt lazımdır…

Sosial

Havanın hərarəti yüksələcək

18 Sentyabr 2021

RBK

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.   Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.   Sentyabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın...
Sosial

Həftəsonları ictimai nəqliyyata qoyulan qadağa - “Ya qərarın ləğvini əsaslandıra bilmirlər, ya da ki, yaddan çıxıb qalıb”

Vüsalə Mikayıl
17 Sentyabr 2021

Sosial Media

Rahim Qasımov Bakının Binə kəndində yaşayır. O, Sulutəpə qəsəbəsində yerləşən özəl şirkətlərin birində operator kimi çalışır.  Rahim Qasımov deyir ki, həftəsonları işə getmək ona baha başa gəlir: “Adi günlərdə “Koroğlu” metrostansiyasına qədər marşrutla gedirəm. Sonra da metroyla “20 Yanvar”a gedib ordan 1 manatlıq taksiylə işə yollanıram. Amma həftəsonları mən “Koroğlu” metrosuna, ordan da “20 Yanvar”a taksiylə getməyə məcbur oluram. Təsəvvür edin təkcə həftəsonu işə gedə bilməkdən ötrü ayda 60-80 manat xərcim çıxır”. Onun sözlərinə görə, məktəblər açılanda övladlarını da taksi ilə göndərməli olacaq.  “Üç övladım var. Onların hər gün Binə qəsəbəsinə məktəbə getməsi üçün taksi tutmalıyam. Bu xərci hər il...
Seçilmiş Videolar