Sosial

“Əks göstəriş sertifikatı” – zərurət, yoxsa yeni korrupsiya tələsi

Nigar Səmədli
2 Avqust, 2021
2870

Açıq mənbələrdən götürülüb

“Peyvənd sertifikatının verilməsi zaman qanunsuzluqlarla rastlaşırıq. İndi də “Əks göstəriş sertifikat”ının alınması zamanı sui-istifadə hallarına yol veriləcək. Bütün ictimaiyyət bununla mübarizə aparmalıdır”.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev avqustun 2-də “Toplum TV”-yə açıqlamasında belə deyib.

Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılacaq.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bildirilir ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

"Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır" - deyə məlumatda bildirilib.

Mərdan Əliyev - Sosial Media

Bəs “Əks göstəriş sertifikat”ının verilməsi sui-istifadə hallarına yol aça bilərmi?

İnfeksionist-hepatoloq Mərdan Əliyev deyir ki, bu kimi hallara rast gəlinməsi gözləniləndir: “Bəzi insanlar qorxduğu üçün peyvənd olunmaq istəmir. Ona görə də sözügedən sertifkatın alınması prosesində sui-istifadə halları ola bilər. Bunun qarşısını  almaq üçünsə həkim komissiyası yaradılmalı və narazı olan şəxslərə peyvəndin vurulub-vurulmaması ilə bağlı bu komissiya tərəfindən rəy verilməlidir”.

Mütəxəssisin sözlərinə görə, bu məsələdə cəmiyyətin maarifləndirilməsi üçün daha geniş miqyaslı işlər görmək zəruridir: “Xarici ölkələrdə bizdən fərqli olaraq hətta xəstəlik keçirən insanlar da peyvənd olunmaq istəyirlər. Burada tək çıxış yolu insanları maarifləndirməkdir. Allergiyası olan şəxslərin 90%-nə peyvənd əks-təsir göstərmir. Amma bəzi insanlar var ki, əvvəl anafilaktik infarkt keçirdiyi üçün peyvəndə qarşı anaflaksiya reaksiyaları verib və ya peyvəndin tərkibindəki hansısa maddə onlarda allergiya yaradıb. Amma müəyyən müddət dəri səpkisi, toza və ya hansısa qidaya qarşı allergiyası olan şəxslərə COVID-19 peyvəndinin əks-təsiri yoxdur”.

Aydın Əliyev də sertifikatın verilməsi zamanı sui-istifadə halların baş verəcəyini istisna etmir: “COVID-19 peyvəndinin vurulmasının əks-təsir göstərdiyi şəxslərin sayı çox azdır. Həmin şəxslərə isə bununla bağlı sənəd verilməlidir. Çox təəssüf ki, peyvənd sertifikatının verilməsi zaman qanunsuzluqlarla rastlaşırıq. İndi də “Əks göstəriş sertifikat”ının alınması zamanı sui-istifadə hallarına yol veriləcək. Bütün ictimaiyyət bununla mübarizə aparmalıdır. Bu kimi hallara yol verən vətəndaşlar və ya tibb işçiləri ilə qarşılaşırıqsa, bu barədə müvafiq orqanlara məlumat verməliyik. Bunun qarşısını almaq üçün həm tibb işçiləri, həm də insanlar arasında təsirli maarifləndirmə işləri aparılmalıdır”.

Aydın Əliyev - Sosial Media

Sözügedən sertifikatın verilməsi ilə bağlı iyulun 26-da Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat vermişdi. O bildirmişdi ki, süd verən analar, hamilələr, ümumiyyətlə əks göstərişləri olan şəxslər üçün əks-göstəriş sertifikatının hazırlanması nəzərdə tutulur: “Səhiyyə Nazirliyi tərəfindən xüsusi komissiya yaradılacaq. Əgər doğrudan da, onlara vaksin vurdurmaq olmazsa, həmin şəxslərə QR kodu olan əks-göstəriş sertifikatı veriləcək”.

Avqustun 2-də yayılan açıqlamada isə hamilələrlə bağlı məlumat yer almayıb.

İnfeksionist Mərdan Əliyev deyir ki, hamilələrin durumu məlum olduğu üçün onlara bu sertifikatın verilməsi vacib deyil: “Bu sertifikat hər hansısa üstünlük qazandırmır, sadəcə peyvəndin vurulmasından azad edir. Mümkündür ki, bu şəxslərin toylarda iştirakına icazə verilməsin, çünki istənilən halda həmin insanlara peyvənd vurulmayıb və virusa yoluxub başqalarını da yoluxdura bilərlər. Bu səbəbdən də onların toyda iştirakını düzgün saymıram”.

Rəsmi qurumlar nə deyir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxışova “Toplum TV”-yə bildirib ki, əks göstərişlərə bağlı komissiya Səhiyyə Nazirliyi yanında yaranıb, oraya müraciət edilməlidir.

Nazirlikdən isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Qənirə Paşayeva dəfn edilib

29 Sentyabr 2023

Azərtac

Milli Məclisin deputatı Qənirə Paşayeva bu gün, sentyabrın 29-da ll Fəxri xiyabanda dəfn edilib. Toplum Tv xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumla vida mərasimi Bakıdakı Heydər məscidində keçirilib. Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 28-də vəfat edib. O, səhhətindəki problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikaya  yerləşdirilmişdi. Bundan sonra o, komaya düşmüşdü. Həkimlər deputatın vəziyyətini ağır qiymətləndirirdilər. Mərhumun 48 yaşı vardı. 
Sosial

Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb

29 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

"Axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb". Toplum Tv xəbər verir verir ki, bunu sentyabrın 29-da Hərbi prokuror Xanlar Vəliyev mətbuata müsahibəsində deyib. O bildirib ki, araşdırma işləri çərçivəsində 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılan araşdırmada Beynəlxalq Qırmızı Xaç Komitəsi də iştirak edib.

Seçilmiş Videolar

Toplum TV loqo