Sosial

Ekspert: “Gürcüstan ona görə pandemiyayla mübarizəyə çox pul ayıra bildi ki...”

Aytac Məmmədli
4 May, 2021
151

Agenda.ge

"Hökumət pandemiya ilə mübarizəyə ayrılan vəsaitin şəffaf xərclənməsinə nəzarət edə bilmir".

İqtisadçı Qadir İbrahimli Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatını "Toplum TV"-yə şərh edərkən belə deyir. 

Qurumun hesabatı pandemiya dövründə hökumətlərin vətəndaşlara dəstək hədəfli proqramlara xərclədiyi vəsaitlə bağlıdır. (hesabat: https://www.imf.org/en/Topics/imf-and-covid19/Policy-Responses-to-COVID-19). 

BVF-yə görə, Azərbaycan pandemiya zamanı vətəndaşlara ən az pul xərcləyən və ya "ən xəsis" ölkələr arasındadır. 

Hesabatda ölkələr beş qrupa bölünüb. "Ən səxavətli" ölkələr qrupu ÜDM-in 10 faizindən çoxunu dəstək tədbirlərinə xərcləyənlərdir. Digər üç qrupa ÜDM-in 7.5-10, 5-7.5 və 2.5-5 faizini xərcləyən, sonuncu qrupa isə vətəndaşlarına ÜDM-ə nisbətdə ən az vəsait sərf edən ölkələr daxil edilib. Həmin ölkələrdə dəstək tədbirlərinə sərf edilən vəsait ÜDM-in 2.5 faizindən də aşağıdır. 

BVF

Fondun araşdırmasına görə, Azərbaycan da sonuncu qrupa daxildir, ölkədə dəstək paketlərinə sərf edilən vəsait ÜDM-in 2.1 faizi qədərdir. 

Pandemiya dövründə hökumət səhiyyə xərclərinə ayrılan büdcə vəsaitini 370 milyon manat (ÜDM-in yüzdə 0,5 faizi) artırıb. Ölkədə 10 modul tipli xəstəxananın istifadəyə verilməsinə, tibbi avadanlıqların alınmasına, tibb işçilərinə müavinətlərin ödənilməsinə, tibbi müəssisələrin genişləndirilməsinə birlikdə 250 milyon manat ayrılıb. 

Aprelin 4-də isə dövlət pandemiyanın təsirinə məruz qalan müəssisələrə və şəxslərə 3,5 milyard manat dəstək ayırıldığını elan edib. 

Sahibkarlara yardım və gəlirin qorunmasına yönələn tədbirlər aşağıdakı kimidir: 

-əmək haqlarının qismən ödənilməsi (215 milyon manat); 

-mikro sahibkarlara dəstək (80 milyon manat); 

-müvəqqəti ictimai işlər (54 milyon manat); 

-yaşayış minimumu və işsizlik müavinəti (230 milyon manat); 

-təqaüdlər (200 milyon manat); 

-ünvanlı sosial yardım (4,5 milyon manat); 

-enerji və təhsil üçün subsidiyalar (20 milyon manat); 

-Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması (50 milyon manat).

İyunun 2-də dövlət pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə vergi güzəştləri və azadolmalar verib. Pandemiyadan zərər çəkmiş sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, onların 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri nəzərdə tutulub. Bundan başqa, daşınmaz əmlakın icarəyə götürülməsinə görə fiziki şəxslərdən ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib, sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün vergi dərəcəsi 8 faizdən 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Bunlar isə 120 milyon manata başa gəlib. (ÜDM-in 0,2 faizi) 

Nazirlər Kabinetinin qərarı ilə yardım paketi çərçivəsində sosial yardım alan şəxslərə 190 AZN birdəfəlik ödəmə verilib. 

2021-ci ildə isə büdcədən pandemiya ilə mübarizə üçün 261 milyon manat (ÜDM-in 0,3 faizi) ayrılıb. 

Hesabatda qonşu ölkələr də yer alıb. 

Məsələn, pandemiya dövründə Ermənistanda dəstək hədəfli tədbirlər 3 istiqamətdə aparılıb. 

-Təsirə məruz qalan müəssisələrə, Kiçik və Orta Bizneslərə (KOB) qısamüddətli dəstək vermək üçün 2-3 illik kreditlər, işçilərinin saxlanmasına kömək etmək üçün müəssisələrə verilən birbaşa subsidiyalar; 

-Sahibkarlara və firmalara verilən qrantlar; 

-COVID-19 pandemiyasından sonra işsiz olanlar, uşaq sahibi olan və ya uşaq gözləyən ailələr, mikro-müəssisələr, kommunal xidmət haqları və müvəqqəti natamam iş üçün yardıma ehtiyacı olan həssas əhaliyə birdəfəlik yardımlar. 

Bu şəxslərə 367 milyon dollar məbləğində yardım ayrılıb. 

Gürcüstanda isə 2020-ci ildə fərdlərə və müəssisələrə 1.86 milyard Gürcüstan larisi dəyərində maliyyə yardımı ayrılıb. Bu isə ÜDM-in 3,8 faizi deməkdir. Yəni Gürcüstan Qafqaz və Mərkəzi Asiya regionunda pandemiya dövrünün "ən səxavətli" ölkələrindən biridir.

2021-ci ildə Gürcüstanda maliyyə dəstəyi paketinin 1247 milyon lariyə (ÜDM-nin 2,3 faizi) çatacağı gözlənilir. 

Onu da qeyd edək ki, 2020-ci ildə ÜDM Azərbaycanda 41,67 milyard, Gürcüstanda 15.9 milyard, Ermənistanda isə 12,6 milyard ABŞ dolları təşkil edib.

“Əhaliyə 190 manatı verməmək üçün fantastik bəhanələrə əl atdılar”

Qadir İbrahimli deyir ki, Azərbaycanda sosial paket həmişə zəif olub. Onun sözlərinə görə, ölkədə büdcə vəsaitləri sosial təminatdan daha çox tikinti-təmir xərclərinə yönəldilir, məsələn, Mərkəzi Bank özünə 450 milyon manata yeni bina tikir.
 
"2019-cu ildə dövlət bunun fərqinə vardı və minimum əmək haqqının 250 manata qaldırılması, pensiyaların artırılması kimi bir çox qərar qəbul etdi. Amma bu tendensiya növbəti illərdə davam etmədi, hətta pandemiya dövründə özünü daha qabarıq göstərdi. Məsələn, 190 manatla bağlı rəsmi cavabları yəqin ki, hamı xatırlayır, kiminsə adına nəsə var idi deyə ona yardım verilmirdi. Hökumət faktiki olaraq sosial öhtəliklərini yerinə yetirməkdən imtina etmişdi". 

Vahid Əhmədov - Sosial Media

Deputat Vahid Əhmədov isə deyir ki, nə Gürcüstanın, nə də Ermənistanın Qarabağ kimi dərdi var: “İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri və qazilər üçün kifayət qədər vəsait ayrıldı, hələ bundan sonra da işğaldan azad edilmiş ərazilərin bərpası üçün 10 milyardlarla pul xərclənəcək.  Pandemiya ilə mübarizəyə kifayət qədər pul xərclənib. Bu məsələlərlə əlaqədar prezident 2 dəfə Sərəncam imzalayıb. Yüksək məbləğ ayrılmasa da, əhalinin xərcləri müəyyən qədər qarşılanıb. Kifayət qədər avadanlıqlar alınıb, modul tipli xəstəxanalar qurulub. Ona görə də BFV-nin rəyi ilə müəyyən qədər razı deyiləm. Hökumət imkan tapdıqca, nə mümkündürsə, edir. İmkan olsaydı, daha çox vəsait ayırardı".

Amma Q.İbrahimli Azərbaycanın pandemiya ilə mübarizəyə ayırdığı vəsaitin yetərli olmadığını düşünür: "Hesabatda deyilir ki, ünvanlı sosial yardım alanlara 4,5 milyon manat vəsait ayrılıb. Bu, çox simvolik rəqəmdir, çünki Azərbaycanda yoxsulluq həddi pandemiyaya qədər onsuz da yüksək idi. Düzdür, rəsmi statistika bunu 5 faiz olaraq qeyd edirdi, amma monitorinq, müşahidələr nəticəsində real vəziyyəti biz bilirdik. Təbii ki, pandemiya şəraitində yoxsulluq və işsizliyin həddi daha da yüksəldi, buna baxmayaraq, cəmi 4,5 milyon manat vəsait ayrıldı. Bu rəqəm yoxsullara yardım etmək anlamına gəlmir". 

Q.İbrahimlinin dediyinə görə, modul tipli xəstəxanların yaradılması, həkimlərin əməkhaqqlarının artırılması məsələsində də korrupsiya amilləri oldu, bir çox tibb işçisi onlara ayrılan əməkhaqlarının verilmədiyindən şikayətlənirdi. 

Qadir İbrahimli

“Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda aztəminatlı qruplara dəstəyin az olması təbiidir. Bunun əsas səbəbi Azərbaycanda büdcə gəlirlərinin qeyri-effektiv bölünməsidir. Azərbaycanın neft gəlirləri rifah və dinamik inkişafa xidmət etmir, yeni korrupsiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Məmurun istifadə etdiyi xidməti avtomobil orta azərbaycanlının istifadə etdiyi avtomobilin maya dəyərindən yüksək olmamalıdır" – ekspert belə deyir. 

Azərbaycanı Gürcüstanla müqayisə edən iqtisadçı bildirir ki, qonşu ölkədə son 18 ildə başlayan liberal islahatlar, iqtisadiyyatın şaxələnməsi, korrupsiya və monopoliya mühitinin ləğv edilməsi gəlirlərin daha şəffaf və effektiv bölünməsinə şərait yaradıb: "Kasıb Gürcüstanda müəllim və həkimlərin orta aylıq əməkhaqqı Azərbaycandan yüksəkdir. Hər il Gürcüstanda nazirliyə, dövlət qurumuna inzibati binalar tikilmir, onların mebelləri yenilənmir. Əldə olunan vəsait daha çox insanların rifahının yaxşılaşdırılmasına, digər zəruri sahələrə yönəldilir. Gürcüstandakı bu şəffaf sistem koronavirusla mübarizədə də effektiv addımlar atmağa imkan verdi". 

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar