Sosial

Ekspert: "Hökumət işsizliklə bağlı müavinətlərin verilməsinə əngəllər törədir"

Nigar Səmədli
15 İyul, 2021
2226

Açıq mənbələrdən götürülüb

“İşsizlik statistikasının bu cür aparılması yuxarıdan verilən göstərişdir və işsizliklə bağlı müavinətlərin verilməməsi üçün alətdir. Çünki hökumət işsiz kimi qeydiyyata düşmək istəyənləri qeydiyyata almır, müxtəlif əngəllər törədir”.
 
İqisadçı Nazim Bəydəmirli “Toplum TV”-yə ölkədəki məşğulluq və işsizlik səviyyəsi ilə bağlı statistikanı şərh edərkən belə deyib.
 
Dövlət Statistika Komitəsinin iyulun 15-də yaydığı məlumata görə, bu il iyulun 1-nə qədər fəal əhalinin (əmək qabiliyyətli) sayı 5279,9 min nəfər olub, onlardan 4929,1 min nəfərini məşğul əhali təşkil edib.
 
Komitə həmçinin bildirir ki, muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, iqtisadiyyatın dövlət sektorunda işləyənlər 911,6 min nəfər, qeyri-dövlət sektorunda çalışanlar isə 766 min nəfərdir.
 
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb: "Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub".
 
"Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar", - Statistika Komitəsinin açıqlamasında belə deyilir.
 
Nazim Bəydəmirli isə deyir ki, DSK-nın verdiyi məlumatlar şəffaf deyil: “Mən Dövlət Statistika Komitəsinin açıqladığı bu məlumatlardan ancaq muzdla çalışanların statistikasına inanıram. Çünki muzdla işləyənlər konkret olaraq vergi ödəyiciləri olduqlarına görə və onların əməkhaqlarından vergi və sosial sığorta tutulduğuna görə, onların üzərində monitorinq aparmaq mümkündür. Lakin açıqlanan rəqəmlərdən belə anlaşılır ki, əhalinin 93,4%-i məşğul əhalidir. Ölkə əhalisinin təxminən yarısı iqtisadi fəal əhali hesab olunur, onların arasından da məşğul əhalinin sayı hesablanır. Əgər Statistika Komitəsinin rəqəmlərinə inansaq, belə çıxır ki, ölkədə işsizlərin sayı cəmi 6,6%-dir”.

Nazim Bəydəmirli - Sosial Media

"Necə olur ki, inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi 12-13% olur, Azərbaycanda isə 6%?"
 
Onun sözlərinə görə, Azərbaycanda işsizlik statistikası düzgün aparılmır: "Bir neçə il bundan öncə işsizlərin sayının təxminən 5%-dən aşağı olduğu deyilirdi. Hətta beynəlxalq hesabatlarda bu, Azərbaycanın uğuru kimi qeyd olunurdu. Çünki işsizlik statistikasını aparanlar qeyd edirlər ki, 2000-ci illərin əvvəllərində işsizlərin və yoxsul əhalinin sayı təxminən 49%-dən yuxarı idi. Daha sonra müxtəlif illərdə azalaraq 2018-ci idən bəri qeyd olunan 5%-ə enib. Pandemiya dövründə isə sübut olundu ki, işsiz kimi 190 manat sosial müavinət almaq üçün müraciət edənlərin sayı 2 milyondan yuxarı olub. Bu səbəbdən mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda işsizlik statistikası düzgün aparılmır. Necə olur ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi 12-13% olur, Azərbaycanda isə 6%?”
 
Ekspert deyir ki, Azərbaycanda işsizlik statistikası həm də sifariş əsasında aparılır: “Bəli, hesab edirəm ki, işsizlik statistikasının bu cür aparılması yuxarıdan verilən göstərişdir. Hətta elə rayonlar olub ki, orada işsiz sayı sıfır göstərilib. Ona görə də bu cür statistikalara vətəndaşlar qeyri-ciddi yanaşırlar. Ölkə başçısı da ötən il bu statistik rəqəmlərlə bağlı qeyd etmişdi ki, müxtəlif qurumlar ona fərqli-fərqli rəqəmlər təqdim edirlər. İşsiz sayı 5-6% göstərilirsə, o zaman işçilərin ödədikləri sosial sığorta haqları, fiziki şəxslərin gəlir vergiləri haradadır? Çünki bu statistika artmır. Biz vergilərin strukturuna baxanda görürük ki, toplanan vəsaitlər elə muzdla işləyənlərin statistikasına uyğundur”.
 
Digər bir statistikaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 6 ayında 47,4 min işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib.
 
Nazirlikdən verilən məlumata əsasən, onlardan 21 487-si ödənişli ictimai işlərə cəlb olunub, 167-sinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təminatı həyata keçirilib.
 
Bildirilir ki, 118 işsiz və işaxtaran peşə hazırlığı kurslarına, 147 şəxs peşəyönümü məsləhəti xidmətinə cəlb olunub. 1570 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib, 96 peşə və kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib.
 
21 487 nəfərin cəlb olunduğu müvəqqəti ödənişli ictimai iş yerlərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

DOST Mərkəzi - Rəsmi səhifə

DOST Mərkəzi nə deyir?
 
DOST İş Mərkəzinin (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramilə Məmmədli “Toplum TV”-yə bildirib ki, hər işə görə 300 manatın verildiyi ödənişli ictimai işlərə müxtəlif sahələr daxildir: “Şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi; kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlilliyi olan şəxslərə qulluq və digər sosial əhəmiyyətli işlər buraya aid edilir”.
 
İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır.
 
Müqavilədə ictimai işlərə göndəriləcək işsiz şəxslərin sayı, görüləcək işin yeri, adı, həcmi, yerinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir.
 
Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.
 
Əlavə olaraq:
 
• İctimai işlər, bir qayda olaraq, 1 aylıq müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər.
• İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.
• Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilik, ictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir.
• İctimai işlərdə məşğul olan işçinin işlədiyi müddət haqqında müvafiq qaydada əmək kitabçasında qeydiyyat aparılır.
• İşçilərin ictimai işlərdə iştirak etdiyi müddət ümumi əmək stajına daxil edilir.
• Eyni zamanda onlara pensiya təminatı və müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət almaq hüququ daxil olmaqla bütün sosial təminatlar şamil edilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirusun qarşısını almaq məqsədiylə tətbiq edilən xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə qədər uzadılıb.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 25-də Nazirlər Kabineti məlumat yayıb.  "Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın", - açıqlamada bildirilib.  https://toplum.tv/sosial/pquru-serhedler-niye-accedililmir-ndash-elave-qazanc-yoxsa-tehluumlkesizlik-amilip Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır.  Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya...
Sosial

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım göndərir

22 Sentyabr 2023

FHN

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni sakinlərə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir. Toplum TV xəbər verir ki, humanitar kampaniya Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunub. https://toplum.tv/siyaset/pbmt-nin-qarabagla-bagli-iclasinda-qetname-qebul-olunmayibp Yardım çərçivəsində içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Xankəndiyə yola salınıb. Bildirilib ki, yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Məlumata görə, bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin bölgəyə çatdırılması nəzərdə tutulub. 

Seçilmiş Videolar

Toplum TV loqo