Sosial

“Elə yeməyin dərdinə düşmüşük” – vətəndaşlar bahalaşmadan şikayətlənir

Vüsalə Mikayıl
26 Aprel, 2022
172

Toplum TV

“Əvvəllər malı nisyə verirdim, indi yox”

54 yaşlı Gültəkin Nəsibova 30 ildir ki, Qaraçuxurda mağaza işlədir. Onun sözlərinə görə, son vaxtlar qiymətlərin bahalaşması alış-verişin azalmasına da təsir göstərib. Mağaza sahibi deyir ki, indi Qaraçuxurun heç bir problemi gözünə görünmür: “Kasıbçılıq hamısından betərdi. Deyə bilmərəm ki, qazımız, suyumuz, işığımız kəsilir. Dolanışıq yoxdur. Mən gördüyünüz bu xırda dükanla 4 uşaq böyütmüşəm”.

Gültəkin Nəsibova əvvəllər malı nisyə satsa da, indi bunun mümkün olmadığını deyir.

“Birincisi, satışlar zəifdir. Gedirlər marketlərdən alırlar. Əllərində pul olmayanda məndən alver edirlər. Bu da mənə sərf etmir. Bəzən aldıqları ərzağın pulunu üç-dörd aydan sonra qaytarırlar. Onları da qınamıram. İndi hamı güclə dolanır, güzəranımız yaxşı deyil”.

G. Nəsibova övladlarına ali təhsil versə də, əllərində diplom işsiz qaldıqlarını deyir: “Bu mağazadan əvvəl o yolda alver edirdim. Meyvə-tərəvəzi, turşunu tökürdüm yola. Yoldaşım Qarabağ əlilidir, bir tikə çörəkdən ötrü qalıb Rusiyanın düzlərində. Qazandığımızı sudurğalı uşağımıza tökürük. Neçə il döyüş elədim, qoymadım bir şey olsun, yaşadı”.

“Əvvəllər 80 qəpiyə aldığım sap indi 1 manat 30 qəpiyədir”

53 yaşlı Aybəniz Quliyeva illərdir dərziliklə dolanır. Qiymətlərin artdığı bir vaxtda həm ev, həm də dərzi dükanı üçün kirayə verdiyindən əlində-ovcunda bir şey qalmadığını söyləyir.

Toplum Tv

“Əvvəllər 80 qəpiyə aldığım sap indi 1 manat 30 qəpiyədir. Digər ləvazimatların da qiyməti qalxıb. Məsələn, mən bir şalvar balağını əvvəl 2-3 manata kəsəndə bu mənə sərf edirdi, amma indi yox. Di gəl mən bunu müştəriyə başa sala bilmirəm. Müştərini itirməmək üçün elə əvvəlki qiyməti təklif edirəm”.

Toplum Tv

O həyat yoldaşının 230 manatlıq maaşı onlara bəs etmədiyini söyləyir: “Neçə ildən sonra bir övlad tapmışıq. 11 yaşı var. Ona yaxşı təhsil, həyat vermək istəyirik. Amma bu şərtlər altında yeməyə çörəyi belə güclə tapırıq”.

“Elə yeməyin dərdinə düşmüşük”

Qubad Bağırovun 80 yaşı var. Ömrünün yarıdan çoxunu Qaraçuxurda yaşayıb. Sovetlərin vaxtında 35 il traktor sürücüsü işlədiyini, övladlarını min zillətlə böyütdüyünü söyləyir. Qubad kişi özü oxuya bilmədiyindən övladlarına təhsil verib ki, əlləri çörəyə çatsın.

O danışır ki, indi aldığı 260 manat pensiya ilə dolana bilmir: “Ərzağın qiymətinə pul çatdırmaq olmur. Yaşlı adamam, a bala, gündə bir yerim ağrıyır. Pul tapa bilmirəm həkimə gedim. Elə yeməyin dərdinə düşmüşük. Həyatımız sanki boş keçir, mənasızlaşıb. İnsanlar çətin yaşayır”.

Qida məhsulları 16,2 faiz bahalaşıb

Statistika Komitəsinin rəsmi məlumatına görə, son 1 ildə Azərbaycanda qida məhsulları 16.2 faiz bahalaşıb. Qeyri-ərzaq məhsullarındakı bahalaşma 7.7 faizə, ödənişli xidmətlərdə isə 10 faizə bərabər olub. Hərçənd ekspertlər bahalaşmanın rəsmi rəqmlərdə göstərildiyindən daha çox olduğunu düşünürlər.

Prezident: “Bunun bir hissəsi idxal edilmiş inflyasiyadır”

İıham Əliyev - president.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə son üç ayda inflyasiyanın 18 faizə qalxdığını söyləyib. Amma buna baxmayaraq, insanların gəlirlərin artdığını bildirib.

“Üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir”, - dövlət başçısı belə deyib.

“Deməli, daxildən də qaynaqlanan problemlər var”

İqtisadçı Natiq Cəfərli isə hazırda inflyasiyanın bir hissəsini idxal inflyasiyası təşkil etdiyini söyləsə də, daxildən qaynaqlanan problemlər olduğunu da sadalayır.

Natiq Cəfərli -sosial media

Ekspert Azərbaycanın ən yaxşı halda özünü 50 faiz ərzaq məhsulu ilə təmin etdiyini vurğulayır. O, ərzağın çox hissəsinin xaricdən idxal olunaraq ölkədə qablaşdırıldığını, buna görə də dünya bazarında qiymətlərin artmasının bahalaşmaya təsir göstərdiyini bildirir.

Natiq Cəfərli hesab edir ki, bu bahalaşmanın yalnız bir komponentidir.

“Ölkədə rəqabətli mühit olsa, inflyasiyanın azalmasına zəmin formalaşar. Həmçinin hökumətin gömrük və vergi siyasəti düzgün deyil. Ölkənin idxaldan asılı olduğu vaxtda xaricdən gətirilən məhsullara gömrük rüsumu tətbiq edir. Dərman preparatları, uşaq yeməkləri və s. gömrük rüsumu və 18 faizlik əlavə dəyər vergisi ilə ölkəyə daxil olur. Bu da qiyməti bahalaşdırır. Deməli, daxildən də qaynaqlanan problemlər var”.

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo