Sosial
Əli Kərimliylə bağlı araşdırma aparılır?
13 Yanvar, 2021
Baxış: 70
Əli Kərimli
FOTO: Turan.az 
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında külli miqdarda vergidən yayınma ittihamıyla araşdırma aparılır. 

Bu barədə "Azadlıq” radiosuna yanvarın 13-də hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
 
Məlumata görə, Gədəbəyin AXCP-yə maliyyə yardımında suçlanaraq həbs olunan keçmiş icra başçısı Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və üç nəfər cəbhəçinin işi 2018-ci ilin dekabrında məhkəməyə göndəriləndə ondan başqa bir cinayət işi ayrılıb. Həmin cinayət işi üzrə AXCP sədri və partiyanın bir sıra funksionerləri ilə bağlı istintaq hərəkətləri aparılır.

"2019-cu ilin aprelində həmin cinayət işi üzrə icraat dayandırılmışdı. Sonradan həmin ilin dekabrında icraat təzələnib, AXCP-nin bir sıra funksionerləri ilə bağlı araşdırmalar aparılıb, bunun üçün məhkəmə qərarları alınıb" deyə, mənbə bildirib.

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovla bağlı cinayət işinin də bu işə birləşdirildiyi bildirilir
Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə suçlanan N.Əhmədova Almaniyada yaşayan Qabil Məmmədovla əlbirlik ittihamı irəli sürülüb. İddia olunur ki, sosial şəbəkələrdə Azərbaycan iqtidarının ünvanına tənqid və təhqirlər səsləndirən Q.Məmmədov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, bu məqsədlə N.Əhmədova maliyyə göndərib.

2020-ci ilin aprelində tutularaq karantin rejimi qaydalarını pozma ittihamıyla 30 gün inzibati həbs cəzası almış N.Əhmədov haqqında sonradan cinayət işi başlanıb. Ona qarşı CM-in 214-1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib: "Niyaməddin Əhmədovla bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində başlanıb. Amma digər cinayət işi ilə birləşdirildiyinə görə ümumi araşdırma aparılır. Araşdırmalar həm də Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində gedir".

Mənbə əlavə edib ki, Ə.Kərimli və digərlərinin sözügedən cinayət işi ilə bağlı çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq ittihamları üzrə də araşdırma aparılır: "Amma vergidən yayınma məsələsi yalnız Əli Kərimliyə aid hissədədir".

Məsələilə bağlı AXCP-nin mətbuat xidmətindən "Azadlıq” radiosuna bildirilib ki, istər cinayət işlərinin birləşdirilməsi, istərsə də Ə.Kərimli haqqında vergidən yayınma ilə bağlı araşdırmaların aparılması absurddur: "Görünür, Qabil Məmmədovun partiya ilə əlaqələndirilməsi cəhdlərinin davamıdır. Ümumiyyətlə, bütün bunların hamısı son dərəcə absurddur. Hökumət göstərmək istəyir ki, siyasi qisasçılığı davam etdirir. Adamın telefonu işləmir, nə biznesi olacaq ki, külli miqdarda vergidən də yayınsın...".
Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar