Sosial

Elmar Hüseynovun qətli ilə bağlı işdə yeni təfərrüat

3 Mart, 2021
103

Sosial media

Araşdırmaçı jurnalistləri birləşdirən beynəlxalq layihə - OCCRP Azərbaycanın “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 16-cı ildönümü ilə əlaqədar çərşənbə günü hesabat yayıb.

Bu barədə martın 3-də "Turan" agentliyi məlumat yayıb.

Müəlliflər qeyd edirlər ki, 2005-ci il martın 2-də jurnalistin qətli beynəlxalq miqyasda əks-səda doğurub və Qərbin, xüsusən ABŞ-ın xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.

OCCRP-nin məlumatına görə, bu işə təhkim edilmiş Federal Təhqiqatlar Bürosunun (FTB) attaşesi Azərbaycan müstəntiqlərin əsasən yeganə versiyanın – bu qətlin xaricdə hazırlanması versiyasının üzərinə işləməsindən narahat olmuşdu.

Məqalədə həmçinin qeyd edilir ki, jurnalisti öldürənlərin qonşu Gürcüstanda yaşadıqları məlum olsa da, onlara “toxunan” yoxdur.

Müəlliflər belə bir nəticəyə gəlirlər ki, Azərbaycan hökuməti təhqiqatı çoxdan donmuş bu iş barədə hətta jurnalistin ailəsinə də çaşdırıcı məlumatlar verib.

Araşdırmada qeyd edilir ki, Elmar Hüseynovun qətlini Azərbaycan tarixində “qara ləkə” adlandıran İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Reno Harnişdən qətlin araşdırılmasına dəstək üçün FTB-nın yardımını xahiş etmişdi. Amma ilk gündən istintaqın bir versiya üzərində dayanması sonrakı təhqiqatları çətinləşdirib.

Hakimiyyət bu qətlin Elmar Hüseynovun peşə fəaliyyəti ilə bağlanmasını istəmir, qətlin Azərbaycana ziyan vurmaq məqsədilə xaricdə planlaşdırıldığını bildirirdi.

FTB-nin bu qətlə dair 2005-2008-ci illəri əhatə edən hesabatında bu cinayət hətta “hökuməti devirə biləcək” hadisə adlandırılırdı.

FTB-nin hüquq attaşesi Brayan Paarmann yazırdı ki, qətlin açılması imkanları lap başlanğıcda itirilib. Azərbaycan polisi hətta qətl yerinin toxunulmazlığını belə təmin etməyib.

Hüseynov öldürülən axşam yaşadığı blok həmişəkindən qaranlıq olub, çünki elektrik lampası yuvasına bərkidilməmişdi. Azərbaycan müstəntiqləri lampadakı əl izlərinin ekspertizasını həyata keçirməyib.

Paarmann həmçinin deyib ki, Hüseynovun autopsiyası zamanı onun dırnaqlarının altından nümunə götürülməyib. Adətən belə hallarda qatilin müəyyən toxumaları öldürülənin dırnaqları altında qala bilir.

FTB-nin hesabatında vurğulanır ki, hətta belə araşdırma qüsurlarına baxmayaraq, kifayət qədər dəlillər var idi.
Hadisə yerinin yaxınlığında 5.45mm çaplı Baikal PSM yarımavtomat tapançası tapılmışdı. Rusiyada istehsal edilmiş silahın üstündə bütün lazımi seriya nömrələri vardı. Elə burada qara papaq da aşkar olunmuşdu. Bütün bunlar FTB mütəxəssislərinin “qətlin tələsik və səliqəsiz” şəkildə törədildiyi barədə qənaətə gəlməsi üçün əsas verib. Amma Azərbaycan rəsmiləri nədənsə bu qənaətdə idilər ki, qatil “səriştəli” adam olub.

Paarmannın fikrincə, peşəkar qatil silahın üstündəki bütün seriya və başqa nişanları silməli, silahı söküb atmalıydı.

Azərbaycan hakimiyyəti qətllə bağlı ola biləcək ölkələr olaraq Ermənistan, Rusiya və İranı göstərirdi. Onlar iddia edirdilər ki, bu ölkələr Azərbaycanda sabitliyin pozulmasında maraqlıdırlar.

Təhqiqatın ikinci ayında hakimiyyət orqanları iki şübhəlini müəyyənləşdirmişdi: Tahir Xubanov və Teymuraz Əliyev. Onların hər ikisi Gürcüstan vətəndaşı idi və qətldən əvvəl Hüseynovun evinin yaxınlığında mənzil kirayələmişdilər. Azərbaycan müstəntiqləri sözü gedən mənzildən iki balışüzü və pal-paltar götürmüşdülər.

FTB mütəxəssisləri bu əşyalardakı genetik materialların küçədən tapança ilə birlikdə tapılan papaqdakı materialla eyniliyini aşkar etmişdi. Amma sözü gedən iki şübhəlinin Elmar Hüseynovun peşə fəaliyyəti ilə heç bir bağlılığı yox idi. Bu isə hər hansı motivi müəmmalı edirdi.

Şübhəlilər barəsində axtarış elan olunmasına baxmayaraq, hakimiyyət orqanları onların fotolarının internetdə dərc edilməsini istəmirdi. Hüquq-mühafizə orqanları “buna lüzum olmadığını” deyirdilər.

Teymuraz Əliyev 2006-cı ildə Gürcüstanda aşkar edilib və orada dindirilib.

Lakin sonradan Azərbayacan DİN-in başqa qətllər üzrə mühakimə edilən keçmiş əməkdaşı Hacı Məmmədov Elmar Hüseynovun onun dəstəsi tərəfindən vurulduğunu iddia edib və beləliklə, sular daha da bulanıb.

2007-ci ildə FTB Teymuraz Əliyevi və Tahir Xubanovu poliqraf cihazindan (yalan detektoru) keçirməyi təklif edib. Bu barədə məktubu FTB attaşesinin müavini o vaxtki milli təhlükəsizlik naziri Eldar Mahmudova göndərib.

FTB-nin ABŞ-ın Azərbaycandakı o vaxtki səfiri Ann Dersə məktubunda qeyd edilirdi ki, poliqraf məsələsində Azərbaycanın əməkdaşlığı daha çox “əngələ” bənzəyirdi. FTB-nin hesabatında deyilir ki, bundan sonra bu iş tamamilə düyünə düşüb.

FTB attaşesi 2008-vci ilin sentyabrında Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə görüşüb və ona belə bir cavab verilib: “Nazirlik hesab edir ki, təhqiqat dalana düşüb və onlar bundan sonra FTB-nin dəstəyinə ehtiyac görmürlər”. Halbuki nazirlik bütün bu müddət ərzində mərhumun ailəsinə “qızğın təhqiqat” getdiyinə dair məlumatlar verirdi.

OCCRP yazır ki, Azərbaycan hələ 2005-ci ildə Əliyev və Xubanovun ekstradisiyası üçün Gürcüstana müraciət edib.
Amma Gürcüstan baş prokurorunun müavini Azərbaycan tərəfinə Əliyev və Xubanov barəsində Gürcüstanın ədliyyə sistemi çərçivəsində araşdırma aparmaq niyyətində olduğunu yazıb.

Məqalədə deyilir ki, Azərbaycan bu işi Gürcüstana versəydi, Teymuraz Əliyev, yəqin ki, mühakimə ediləcəkdi. Sənədlər o vaxt Gürcüstanda bu işlə bağlı ilkin təhqiqata başlandığını da göstərir. Bu da vurğulanır ki, Azərbaycan ekstradisiya məsələsində israrlı olmayıb.

Elmar Hüseynovun həyat yoldaşı Ruşaniya Hüseynovanın vəkili Knut Rognlien AİHM-yə bildirib ki, Azərbaycan şübhəlilərin xarici vətəndaş olduqlarını və bu səbəbdən dindirilə bilməyəcəklərini yazanda əslində narahatedici suallardan yaxa qurtarmağa çalışıb.

FTB-nin hesabatında o da qeyd olunur ki, Azərbaycan rəsmiləri təhqiqatın lap əvvəlindən belə narahatedici suallardan qaçmağa çalışırdılar. Rognlien iddia edir ki, Teymuraz Əliyev və Tahir Xubanov dindirilsəydilər, Azərbaycan hakimiyyəti ilə mümkün əlaqələri və qətlin motivi barədə suallarla da üzləşəcəkdilər.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar